Bu gün:


FutbolPress.Az | “Kəpəz”in ot örtüyü  (YAZI)

“Kəpəz”in ot örtüyü  (YAZI)


oxunma sayı: 560 Paylaş:

FutbolPress“Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin müsahibəsi ilə tanış olun, sonra bəzi normala uzaq mətləblərdən birlikdə agah olaq.

Gördüyünüz kimi, Elmir bəy müsahibəboyu ordan-burdan  danışır. Əsas söhbət isə sonuncu suala cavabda olur. Ki, orda da bizə və Gəncə azarkeşlərinə aydındı ki, manipulyasiyaya yol verilib.

Müsahib deyir: “Qarşıda duran ilk vəzifələr haqda deyə bilərəm ki, Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü yenilənəcək”.

Amma o örtüyünü  AFFA yeniləyir, “Kəpəz” rəhbərliyi (?) yox – bunu niyə qeyd eləməyib? Bu haqda hələ martın 17-də AFFA Hesabat Konfransında Rövnəq Abdullayev bildirmişdi.

“Yeni salınacaq qazon ən müasir tələblərə cavab verəcək, ideal durumu ilə seçiləcək. Mən bunu komandamız, azarkeşlərimiz üçün hədiyyə hesab edirəm”. 

Elmir bəy ot örtüyündən azarkeşə hədiyyə ola biləcəyinə səmimiyyətiylə inanırmış. Bir xeyli dodaqqaçırdan məqam oldu bu.

“Kəpəz”in əsas qaçan və vuran ayağı Dario Federiko getdi/saxlaya bilmədiniz. Və büdcənin azlığından dad-aman edən bir klub çətin ki, o keyfiyyətdə birini gətirə bilsin. Komandanın taleyi iri bir sualla üz-üzədir: güclənəcək, yainki zəifləyəcək?

Ötən mövsüm “İnter” və “Zirə”nin Avropa Liqasına qatılmaq qadağası  “Kəpəz”çün yol açdı. Bu il isə Gəncə təmsilçisi yenə avrokuboklara vəsiqə qazana bilmədi.

Bunlardan – klub və komandanın itirdiklərinin yerini necə bərpa edəcəyinə aid danışmaq lazımdır, gəl ki müsahibədə bu barədə kəlmə də kəsilməyib.

***                      ***                      ***

Gəncə azarkeşləriyçün bu il ən böyük hədiyyə əsas  meydançanın örtüyü oldu. Hm..
İndi müsahibədən seçib, təqdim edəcəyimiz bir cümlədə isə məlum olacaq ki, gələn il, yaxud yaxın-uzaq 

gələcəkdə də əsas hədiyyə qəzalı vəziyyətdə olan tribunaların əsaslı təmiri olacaq. Buyurun, səbəbkarın özü bildirir: “Qazonla yanaşı, arenada görülməsi planlaşdırılan digər işlər də var. Tədricən bunları həyata keçirəcəyik”.

Tədricən...

Qazonu AFFA yeniləyəcək. Arenada görüləcək digər işləri də yəqin hansısa fövqəlbəşər qüvvə boynuna götürər. Elmir bəy isə Müşahidə Şurasının sədri kimi bu məsələlər haqda müsahibələrində geniş məlumat verər...

Zarafat bir yana, şura sədrinin və şuranın klubdakı funksionallığının əhəmiyyətli işlərdə təsiredici gücə malik olduğuna fil boyda şübhələr var. Buna bariz nümunə kimi çempionatı sondan ikinci pillədə başa vuran (7-ci) “Neftçi”ni, onun Müşahidə Şurasını və şuranın sədri Çingiz Abdullayevi misal göstərə bilərik.  Müəllim indiyədək nə deyibsə, ya əksi olub, ya da heç olmayıb. Bu sistemə qol çəkən klubların nə cür idarə olunduğunu təfsil formada bildirmək getdikcə daha müşkülə çevrilir. Bilmirsən kimin dediyi əsasdır – şura sədrinin, icraçı direktorun, yoxsa digər kiminsə... Şura idarə-üsuluna keçənlərin arasında "İnter" nəticə baxımdan  sabitliyini birtəhər qorudu, "Sumqayıt" aşağı-yuxarı elə həminki, "Kəpəz" gödüyümüz kimi, "Zirə"də MŞ var, ya yoxdu, bu məlum deyil, "Neftçi" ağlar günə qalıb, AZAL da ki qanadsız quş kimi... MŞ sistemi tətbiq ediləndən ölkə çempionatında iki komanda dominantlıq edir - "Qarabağ" və  "Qəbələ". Ki onların da MŞ sistemindən imtina etdiyi məlumdur. 

İndi Elmir bəyin hər şeydən danışıb, heç nə deməyən bu müsahibəsi də əslində MŞ sisteminin başaldadan bir şey olduğunu göstərir. Bilmirsən, özü bir ildi ortada görünməyən bu gənc kadr “Kəpəz”də hansı funksionallığıyla fərqlidir və ümumiyyətlə, bu işdə o, nə qədər həvəslidir, ciddidir.

Futbolumuzun öləzilədiyi bir dönəmdə  hərəkətliliyi ilə  üzdə olan Gəncə azarkeşləri isə hədiyyə olaraq ot örtüyü yox, haqq elədikləri nəticələri istəyir, MŞ...

Elçin Cəlilov


oxunma sayı: 560 | Paylaş: