Bu gün:


FutbolPress.Az | "Ağsaqqal", yoxsa debütant? (LAYİHƏ)

"Ağsaqqal", yoxsa debütant? (LAYİHƏ)


oxunma sayı: 458 Paylaş:

FutbolPressAzərbaycanda futbol ili başa çatır. Mayın 5-də Naxçıvanda təşkil ediləcək kubokun final oyununda son çempion “Qarabağ”la, gümüş medalçı “Qəbələ” üz-üzə gələcəklər.

 
“Qızıl dubl” və son şans
 
Final görüşü rəqiblər üçün fərqli xarakter daşıyacaq. “Qarabağ” Naxçıvana son çempion kimi gedir. Premyer Liqa kubokunu və qızıl medalları qazanan Ağdam klubunun iddiası “qızıl dubl”adır. Bu, bir növ qazanılan uğurların qorunub saxlanması xarakteri də daşıyacaq. Çünki “atlılar” son iki mövsüm həm çempion olublar, həm də kuboka sahib çıxıblar. Növbəti belə uğur artıq ölkə futbolunda hegemonluğun ən yüksək formada göstəricisi mənasını verəcək.
 
Naxçıvandakı qarşılaşma “Qəbələ” üçün son şansdır. Çempionluq yarışını uduzan “qırmızı-qaralar” mövsümü titulla başa vurmaq üçün “dəridən-qabıqdan çıxmalıdırlar”. Üstəlik komanda heç vaxt titula bu qədər yaxın olmayıb. Görüş həm klub tarixi ərzində ilk kuboku qazanmaq, həm də çempionluğu uduzduqları “Qarabağ”dan heç də zəif olmadıqlarını göstərmək baxımından əhəmiyyətlidir. Mövsümün gedişində şəxsi görüşlərdə üstünlüyə malik olan “qırmızı-qaralar” bunu növbəti dəfə ortaya qoysalar, kuboku qazanmaq mümkünsüz deyil.
 
 
Bəxti gətirən “Qəbələ”, “Qarabağ” üçün asan Naxçıvan yolu
 
Hər iki komanda kubokda yarışa 1/8 final mərhələsindən başladı. Ümumi nəzər yetirdikdə finala qədər yolda həm “Qəbələ”, həm də “Qarabağ” inamla irəlilədilər. Yalnız “qırmızı-qaralar”ın ilk rəqibi “Zaqatala” ilə matçda çətinliklə üzləşdiyini demək olar. Roman Qriqorçukun komandasının əsas və əlavə vaxtı 2:2 bitən qarşılaşmanın “latoreya” hissəsində bəxti gətirdi. Penaltilərdə daha dəqiq olan “Qəbələ” 4:1-lə 1/4 finala yüksəldi. Ardınca komanda AZAL-ı (2:1 və 1:0), yarımfinalda isə “İnter”i (3:1 və 2:0) mübarizdən kənarlaşdırıb, adını finala yazdırdı.
 
“Qarabağ”ın həlledici oyuna gedən yolu isə darmadağınlarla əlamətdar oldu. Ağdam klubu 1/8 finalda “Səbail”ə 5, 1/4 finalın ilk oyununda isə “Sumqayıt”a 6 cavabsız qolla qalib gəldi. İkinci oyunda 5:2 üstün olan “süvarilər” finalın bir addımlığında “Neftçi”ni mübarizədən kənarlaşdırdı. Səfərdə 2:1 qalib gələn Qurban Qurbanovun komandası, son finalçı ilə ev oyununda da münasib hesabı qoruya bildi – 0:0.
 

“Ağsaqqal”, yoxsa debütant?
 
Finalçıların kubokla bağlı staitsikası da müxtəlifdir. “Qəbələ” indiyə qədər bu titulu qazana bilməyib. Mayın 5-də keçiriləcək qarşılaşma “qırmızı-qaralar” üçün debüt finalı olacaq. Əyalət təmsilçisi buna qədər yalnız 3 dəfə yarımfinal oynayıb və ondan uzağa gedə bilməyib. Sonuncu belə uğur keçən mövsümə təsadüf edib. Digərləri isə  2007/08 və 2008/09 mövsümlərində qeydə alınıb.
 
“Qarabağ”ı isə rahatlıqla “kubok ağsaqqalı” adlandırmaq olar. Təsadüfi deyil ki, Ağdam klubu titulu ən çox qazanan ikinci komandadır. Kubokun 5 qat qalibi yalnız rekordçu “Neftçi”dən geri qalır. 3 gün sonra keçiriləcək görüş bu mənada, həm də “Qarabağ” üçün əzəli rəqibinə çatmaq imkanıdır. Qurban Qurbanovun komandası titula yiyələnsə, bu, 6-cı belə uğur olacaq ki, həm də “ağ-qaralar”la şəriklik anlamına gələcək.
 
“Qarabağ” müstəqillik dövründə hər onillikdə bu titula yiyələnməyi bacarıb. Komandanın uğurları 1993, 2005/06, 2008/09, 2014/15 və 2015/16 mövsümlərində qeydə alınıb. Növbəti qələbə onillik period baxımından artıq rekord olacaq.
 
Ağdamlılar 3 dəfə də final oynayıblar. Bunlar 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində baş verib.

 
1 qol da vurulsa....

Bu, komandaların ümumilikdə 43-cü qarşılaşması olacaq. Əvvəlki 42 matçın 36-ı Premyer Liqa, 6-ı kubok oyunlarına təsadüf edib.
 
Çepionatda üstünlük “Qarabağ”, kubokda isə “Qəbələ”dədir. Premyer Liqada Ağdam klubunun 16, “qırmızı-qaralar”ın 9 qələbəsi var, 11 dəfə heç-heçə qeydə alınıb. Top fərqi 46:34-dür.
 
Kubokda 6 dəfə üz-üzə gələn komandalar 5 oyunda heç-heçə ediblər, 1 dəfə “Qəbələ” qalib gəlib. Maraqlıdır ki, bu cütlərdə qələbəsi olmayan “Qarabağ” 2 dəfə, “Qəbələ” isə 1 dəfə mərhələni keçən tərəf olub. Top fərqi 5:4 “qırmızı-qaralar”ın xeyrinədir.
 
Mayın 5-də vurulacaq 1 qol bu duellərdə yubiley - 90-cı olacaq. İndiyəqədərki bütün qarşılaşmalarda 89 qol vurulub ki, bunun da 50-i “Qarabağ”ın aktivindədir. “Qəbələ” 39 dəfə fərqlənib. “Qırmızı-qaralar” cari mövsüm əsas rəqibinin qapısına 5 dəfə yol tapıblarsa, “süvarilər” cəmi 2 qol vurmağı bacarıblar. “Qəbələ”nin 5 sevincindən 3-ü Filip Ozobiçin payına düşüb, Zenyov və Dabo isə hərəyə 1 dəfə adını tabloya yazdırmağı bacarıb. “Qarabağ”da Riçard Almeyda və Dino Ndlovu fərqləniblər.
 
Ümumiyyətlə, bu duellərin mütləq bombardiri Ağdam klubunun sabiq futbolçusu Reynaldodur. O, 8 dəfə fərqlənməyi bacarıb. Reynaldonu, Dodo, Kənan Kərimov və Riçard Almeyda izləyir. Sonuncu hələ də “Qarabağ”da oynadığından qol hesabını artırmaq imkanına malikdir. “Qəbələ”nin hazırkı heyətində ən çox fərqlənənlər isə III dövrədəki qarşılaşmada (2:0) komandaya qələbə qazandıranlar – Ozobiç və Zenyovdur. Hər iki futbolçunun aktivində 3 qol var.
 
“Qarabağ” – “Qəbələ” duellərində ən bol qolu qarşılaşma 2013-cü ildə qeydə alınıb. “Çərçivə” qoruyucularının topu 7 dəfə tordan çıxardığı qarşılaşmada Ağdam klubu 4:3 üstün olub. “Qarabağ”ın ən böyük fərqlə qələbəsi 3:0 olub ki, bu da iki dəfə qeydə alınıb – 2011 və 2014-cü illərdə. “Qəbələ” isə ən yaxşı halda 3:1 üstün olub. Bir dəfə qeydə alınan bu nəticə 2010-cu ilə təsadüf edib.
 

Qurbanov/Qriqorçuk
 
Final oyunu, həm də ölkədəki ən yaxşı iki mütəxəssisin növbəti dueli olacaq. Qurbanov yerli məşqçilər arasında son dövrlərin ən uğurlusudur. Qriqorçuk isə gəlmiş-getmiş ən yaxşı əcnəbilər sırasındadır və “Qəbələ”də etdiklərini heç bir digər xarici məşqçi hansısa klubumuzda bacarmayıb.

Mayın 5-dəki matç iki mütəxəssisin 13-cü dueli olacaq. İlk dəfə 2014-cü ildə üz-üzə gələn çalışdırıcıların qarşılaşması Qurbanovun komandasının 2:0-lıq qələbəsiylə başa çatmışdı.
 
Buna qədər yalnız çempionatda yolları kəsişən mütəxəssislər 2014/15, 2015/16 və 2016/17 mövsümlərinin hərəsində 4 dəfə qarşılaşıblar. Baş tutan 12 oyunda 4 heç-heçə qeydə alınıb. Mütəxəssislər eyni sayda qələbə sevinci yaşayıblar – hərəyə 4. Final oyunu sonda penaltilərlə olsa belə bu tarazlığı pozacaq.
 
İndiyə qədər 26 qolun vurulduğu duellərdə mütəxəssislər yenə eyni sayda – 13 dəfə seviniblər. Maraqlıdı ki, iki çalışdırıcının son duelinə qədər keçirilən bütün matçlarında ən azı 1 qol qeydə alınıb. Qarşılaşmalarda 2-dən çox qol da vuran olmayıb.
 
Qurbanov və Qriqorçuk final görüşü öncəsi fərqli strategiyalar seçiblər. Ağdam klubunun çalışdırıcısı Premyer Liqanın formal xarakterli son oyununa qədər əsas heyət üzvlərini meydanda saxladı. Hətta “Neftçi” ilə qarşılşamada heç də bütün mövsüm boyu əsas heyətdə görünməyən kapitan Rəşad Sadıqov da meydanda idi. Bunu, bəlkə də, final matçına yaxşı hazırlıq kimi dəyərləndirmək olar.
 
Qriqorçuk isə son matçlarda əsas heyətin bir neçə üzvünə istirahət verdi və daha çox ehtiyat qüvvəyə oynamaq şansı yaratdı. Ukraynalı mütəxəssisin bunu sırf final oyunu üçün edib-etmədiyini demək çətindir, ancaq məşqçilərin bu fərqli yanaşması diqqətdən yayınmır. İstənilən halda hər iki mütəxəssisin komandalarını Naxçıvandakı matça taktiki, fiziki, psixoloji baxımdan tam hazır vəziyyətdə çıxaracağına şübhə yoxdur.
 
Premyer Liqadakı heç də hər şeyi həll etməyən oyunlarda yaşanan gərginlik, sürət nəzərə alındıqda mayın 5-dəki kubok matçının hası səviyyədə keçəcəyini təsəvvür etmək çətin deyil. Yəqin ki, futbolsevərlər 3 gün sonra mövsümün ən gərgin görüşünə şahidlik edəcəklər – sadalanan komponentlər buna ümid verir.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb




oxunma sayı: 458 | Paylaş: