Bu gün:


FutbolPress.Az | Yağış, sükunət və 7 qol (REPORTAJ)

Yağış, sükunət və 7 qol (REPORTAJ)


oxunma sayı: 520 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 27-ci turun “Qəbələ” – “İnter” oyunu əvvəldən gözlənildiyi kimi, gümüş və bürünc medalçıların kimliyinə aydınlıq gətirdi. Komandalar müvafiq ardıcıllıqla mükafatlara yiyələndilər.

Peşəkar Futbol Liqası matç günü gözlənilən təltifetmə mərasimi üçün medalları Qəbələyə aparmışdı. Həm də Premyer Liqada bu mövsüm üçün sonuncu dəfə mətbuatın bölgəyə səfəri təşkil edildi.

Hər şey gözlənilən kimi oldu. Baxmayaraq ki, başlanğıc bir qədər fərqli sonluq vəd edirdi, sonda “Qəbələ” lazım olan nəticəni, “İnter” isə layiq olduğu “bürünc”ü əldə etdi.

***                  ***                  ***

Matçın başlamasıyla aramsız yağış da özünü göstərməyə başladı - sanki start fitini gözləyirmiş kimi. Demə, bu həm də gələcək qol yağışının xəbərçisiymiş. Oyun, az qala, hesabın dəyişməsiylə başlayıb, eyni cür də sona çatdı.

Qonaqlar matça erkən qolla start verdi. Ancaq Rauf Əliyevin fərqlənməsi meydan sahiblərini şok vəziyyətinə salmağa və üstünlüyü möhkəmləndirməyə kifayət etmədi. Get-gedə oyuna “isinişən” və hücumlarının sürətini artıran “qırmızı-qaralar” ilk yarım saatın tamamından az keçmiş artıq hesabda öndə idi. Bu işdə onlara “İnter”li də kömək etdi. Adrian Skarlatake topu öz qapısına göndərməklə ilk hissəni məğlub bitirmələrinə səbəb oldu.

Bu, həm də Premyer Liqada mövsümün 7-ci, bəlkə də sonuncu avtoqolu idi. Skarlatake bu oyuna qədər “İnter”də yeganə avtoqolun müəllifi Denis Silva Kruzu “tək qoymadı”.

İlk hissəsinin əvvəlləri hərəkətli olan oyunun ikinci yarısının axırları daha maraqlı alındı. Son 17 dəqiqədə, əvvəlcə “İnter” 2 qolla bərabərlik yaratdı, ancaq Tellur Mütəllimov bakılıların xal qazanmasına imkan vermədi – 4:3.

Görüş “İnter”in sonuncu qolunun müəllifi Rauf Əliyev üçün xüsusilə əlamətdar oldu. Dubl edən futbolçu bombardirlər yarışında Filip Ozobiçə çatdı – 11 qol. 25 oyunda bu saya çatan Əliyev rəqibini oyun sayında qabaqlayır və hazırda liderdir. Məsələ burasındadır ki, xorvatiyalı yarımmüdafiəçi 27 oyunda 11 dəfə fərqlənib.



***                   ***                   ***

“Qəbələ” – “İnter” oyunu bəlkə də çempionatın ən sürətli və baxımlı görüşü idi. Bu baxımdan məşqçilərin hansısa ciddi taktiki gedişlərindən danışmaq artıq olar. Yalnız Roman Qriqorçukun Rəşad Sadiqovu müdafiənin mərkəzində oynatması nəzərə çarpdı. Hansı ki əvvəllər də Rəşadı orda sınayıb. Hər iki komandada rahatlığın hiss olunduğu açıq-aşkar sezilirdi. Bu da matçın formal xarakteri daşımasından irəli gəlirdi. Çünki az qala hamı sonda kimin nə qazanacağına əmin idi. Nəticə qol yağışı oldu. 7 dəfə topun toru silkələdiyi matç mövsümdə ən çox qolun vurulduğu ikinci qarşılaşma oldu (“Neftçi” – “Qəbələ” (0:8) istisna).

Matçboyu diqqətdən yayınmayan məqam stadionda susqunluğun olması idi. Bu, bir tərəfdən azarkeş azlığı ilə bağlı idisə, digər  yandan  tribunada olanların ümumi passivliyinin “sayəsində” ərsəyə gəlmişdi. Matçdan sonra “qırmızı-qaralar”ın çalışdırıcısı da buna toxundu:

Stadionda həddindən çox sakitlik var idi. Mən futbol karyeramda hələ belə şeyə rast gəlməmişdim. Bir anda elə bir sakitlik var idi ki, anlamırdım, bu, futbol matçıdı, yoxsa...



Azarkeşləri anlamaq çətin deyil. Yağış, oyunun günü, saatı – bunlar hamısı təsir edən amillər idi. Ancaq istənilən halda yerli komanda ilk dəfə “gümüş” əldə etməyə bu qədər yaxın olduğu matçda daha aktivlik gözlənilirdi. Bunun da səbəbi aydındır: Hədəf qızıl idi.

Rəşad Sadiqov deyir: Gümüş o qədər də şirin gəlmir. Çempionluğa köklənmişdik, amma öz səhvlərimizin ucbatından....”

Sadiqov əslində, bu fikirlərlə hər şeyi açır, bütün mənzərəni izah edir, çempionatın gedişini çatdırır...

***                     ***                     ***

Azarkeşlərin “İnter”ə jestini xüsusi qeyd eləməyə dəyər: “Onların fan-klubu gəlməyib, elə edək ki, qonaqpərvərliyimizi hiss etsinlər”. Ardınca yüksələn “İnter” sədaları... Bakılılar mükafatlarına qovuşur, qəbələlilər alqışlayır. “İnter”in məlum-naməlum taleyi fonunda bir az miskin, amma çox gözəl mənzərə idi...



“Roman Qriqorçuk, kuboku gətir!”

Bu, azarkeşlərin baş məşqçiyə ismarışı idi. Ukraynalı bunu edə biləcək, ya yox? Sualın cavabı isə nə az, nə çox düz 10 gün sonra – mayın 5-də Naxçıvanda bilinəcək. “Nəqşi cahan”da ilin futbol mövsümünün son ilmələriylə ölkə futbolunun bu ilinə yekun “naxış” vurulacaq...


Faiq Tahirov



oxunma sayı: 520 | Paylaş: