Bu gün:


FutbolPress.Az | “Neftçi”: Bərbad müdafiə, dişsiz hücumun nəticəsi

“Neftçi”: Bərbad müdafiə, dişsiz hücumun nəticəsi


oxunma sayı: 545 Paylaş:

FutbolPress“Neftçi”nin tarixinin ən bərbad mövsümünü keçirdiyinə şübhə yoxdur. Sona 2 tur qalmış komanda sondan ikincidir, mövsümü titulsuz başa vuracağı dəqiqdir və s.

Ötən yazıların birində antirekordlar müvsümünü keçirən “ağ-qaralar”ın turnir cədvəli və titul baxımından ən uğursuz dönəmi keçirdiklərini qeyd etmişdik. Demişdik ki, “Neftçi” heç vaxt ardıcıl 3 mövsüm belə uğursuz çıxış etməyib.
 
Bu dəfə komandanın vurduğu və buraxdığı qol statistikasına nəzər yetirəcəyik. Burda isə ardıcıl dördüncü mövsümdür ki, "Neftçi" geriləməylə oynayır. Hər dəfə əvvəlki mövsümdən daha aşağı nəticə göstərən “ağ-qaralar”ın iki antirekordu 99 faiz dəqiqləşib. Digəri üçünsə, daha 2 qol buraxılması kifayət edəcək.
 
Məsələ burasındadır ki, Elxan Abdullayevin komandası qalan iki turda 17 qol vurmasa, top fərqi -17 olacaq ki, bu da Azərbaycan çempionatları tarixində ilk dəfə baş verəcək. Digər statistikaya görə geridə qalan 26 matçda 40 qol buraxan “Neftçi” daha 2 dəfə məyus olsa, ən aşağı göstəricini təkrarlayacaq. Üstəlik 23 qol buraxan “ağ-qaralar” 2 oyunda 9 qol vurmasalar, klubun ən pis hücum antirekorduna imza atacaqlar.
 
1992-ci ildən keçirilən milli çempionatda “Neftçi”nin ən yüksək top fərqi ilk mövsümdə qeydə alınıb. Həmin vaxt 104 qol vuran “ağ-qaralar” qapılarında cəmi 23 qol görüblər. Buna qədərki ən pis göstərici isə ötən mövsüm baş verib. 41 qol vuran komanda öz qapısında eyni sayda qol görüb. Bu da “Neftçi”nin müsbət top fərqilə başa vurmadığı ilk mövsüm olub.
 
“Ağ-qaralar” ən az qolu 2009/10-cu il mövsümündə vurublar. 31 dəfə fərqlənən komandanın göstəricisi indikindən 8 top çox olub.
 
Ən çox qol isə 2013/14mövsümündə buraxılıb. 42 dəfə üzülən “Neftçi” futbolçuları 48 dəfə fərqləniblər.
 
80 illiyini qeyd edən “Neftçi”nin bütün statistik göstəricilərdə tarixinin ən aşağı nəticələrinin qeydə alınmasının səbəbi isə sadədir. Komanda mövsümboyu ideal heyət formalaşdıra bilmədi. Nə hücum, nə müdafiə, nə də digər xətlərdə. Premyer Liqaya fərqli oyunçularla başlayan “ağ-qaralar” çempionatın gedişi zamanı bir neçə futbolçu ilə yollarını ayırıb, yenilərini cəlb etdi. Yalnız qış fasiləsindən sonra müəyyən qədər uğurlu çıxış edən Elxan Abdullayevin komandasının həmin nəticələrini də daha çox yeni formalaşmış heyətin özünütəsdiq cəhdləri kimi qiymətləndirmək lazımdır. Təsadüfi deyil ki, az müddət sonra əvvəlki uğursuz nəticələr təkrarlanmağa başladı.
 
Son iki turda qeydə alınacaq nəticələrdən asılı olmayaraq, mövsümü "Neftçi" üçün itirilmiş hesab etməyə kifayət qədər səbəb var. Hər il ayrı heyətlə çıxış edən komanda bunun məntiqi nəticəsi olaraq ardıcıl 4 çempionatdır, uğursuzluğunu stabilləşdirib. Belə davam edəcəyi təqdirdə tarixinin ən böyük hesablı - 0:8-lik məğlubiyyətlər də adi hala çevrilə bilər.
 
  

Mövsüm Vurduğu Buraxdığı Top fərqi
1992 104 23 81
1993 39 11 28
1993/94 37 35 2
1994/95 63 14 49
1995/96 88 45 43
1996/97 98 20 78
1997/98 43 23 20
1998/99 57 18 39
1999/2000 35 17 18
2000/01 57 11 46
2001/02 35 17 18
2003/04 65 15 50
2004/05 52 18 34
2005/06 51 16 35
2006/07 47 15 32
2007/08 42 18 24
2008/09 30 21 9
2009/10 31 26 5
2010/11 40 9 31
2011/12 55 30 25
2012/13 47 24 23
2013/14 48 42 6
2014/15 38 33 5
2015/16 41 41 0
2016/17  23 (?) 40 (?) -17 (?)


Faiq Tahirov 


oxunma sayı: 545 | Paylaş: