Bu gün:


FutbolPress.Az | Avrokubok yarışında finişə doğru: Sonuncu vəsiqəni kim qazanacaq?

Avrokubok yarışında finişə doğru: Sonuncu vəsiqəni kim qazanacaq?


oxunma sayı: 686 Paylaş:

FutbolPressPremyer Liqada sona 2 tur qalır. Artıq bəlli olduğu kimi çempion və mükafatçıların adına aydınlıq gəlib. 26-cı turda “İnter”ə (3:0) qalib gələn “Qarabağ” “Qəbələ”nin də məğlubiyyətindən yararlanıb qızıl medalları vaxtından əvvəl təmin etdi. “Gümüş” və “bürünc”ü isə digər adıçəkilən klublar öz aralarında böləcəklər.
 
Son iki turda əsas mübarizə, sübhəsiz, 4-cü pillə uğrunda gedəcək. Bir mövqeyə 4 iddiaçı var: “Zirə”, “Sumqayıt”, “Kəpəz” və “Neftçi”. Turnir cədvəli baxımından qəsəbə təmsilçisi, oyun qrafiki cəhətdən Gəncə klubu şanslıdır.
 
Başlayaq “Zirə”dən. Son 4 oyunda 1:1 heç-heçə oynayıb mövsümün rekordunu müəyyənləşdirən Ayxan Abbasovun komandası Avropa Liqasına 4-cü vəsiqəyə ən iddialı komandadır. Ona görə ki, 33 xalla əsas rəqiblərinin hamısından öndə və 4-cü pillənin hazırkı sahibidir. UEFA-nın avrokuboklara vəsiqə qazanacağı halda iştirak etməyə icazə verməsi isə o deməkdir ki, “Zirə”nin motivasiya baxımından problemi olmamalıdır. Əgər ötən mövsüm məhz buna görə iştirakdan məhrum olmuşdularsa, indi qitənin ali futbol qurumundan “dabro” gəlib. Qalır son iki turda lazımi nəticəni qazanmaq.
 
Hər şey komandanın öz əlindədir. Növbəti turda Premyer Liqada heç vaxt uduzmadığı “Neftçi”ni qəbul edəcək “Zirə” bağlanış günü AZAL səfərinə yollanacaq. “Ağ-qaralar”a məğlub olmayıb, “təyyarəçilər”i diz çökdürməyi bacarsalar, Avropa Liqasına vəsiqəni böyük ehtimalla qazanacaqlar. Xüsusi əhəmiyyətli matç təbii ki, “Neftçi” ilə ev oyunu olacaq. Bu rəqibə Premyer Liqa tarixində heç vaxt uduzmadıqlarını qeyd etsək də, kubokda məğlub olublar – doğma meydanda, böyük hesabla. Həmin zamanlarda ki, “Neftçi”nin avroliqalar üçün bütün ümidləri məhz kubokda təzahür etmişdi. Deməli, Elxan Abdullayevin komandası nəyin bahasına olursa-olsun qələbə qazanmaq üçün çıxdığı matçları qalib bitirə bilir – təbii ki, rəqib münasibdirsə. “Zirə” “Neftçi” üçün naqolay olsa da, namünasib deyil. 27-ci turun bu komandalar arasındakı finala bərabər matçında “qartallar” heç-heçə edə bilsələr, uğur sayılmalıdır.
 
5-ci pillənin sahibi “Sumqayıt”ın taleyi öz əlində olmasa da, mövqeyi ən yüksəyə iddia etməyə imkan verir. Oyun qrafiki isə bir tur əvvələ nisbətən daha rahat görünür. “Qızıl”ı təmin edən “Qarabağ”la səfər, çempionluq yarışını uduzan “Qəbələ” ilə ev matçlarında uğur qazanmaq ilk baxışdan mümkünsüz deyil. Amma komandaya “bəd xəbər” Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovdan gəlib. “İnter”lə matçdan sonra “növbəti oyunlarda əsas oyunçulara istirahət verəcəksizmi?” sualına “xeyr, komandam 2017-ci ildə o qədər də ağır qrafiklə oynamayıb, ən yaxşı formada olan futbolçuları meydana buraxacağıq” deyə cəvab verən mütəxəssisin açıqlaması “Sumqayıt” üçün arzuolunmazdır. Çünki onsuz da “Qarabağ” “kimyaçılar” üçün bu mövsüm ən çətin rəqib olub. Başqa deyişlə “atlılar” əvvəlki matçlarda “Sumqayıt”ı az qala “tək ayaqla” məğlub edib.
 
Son turda “Qəbələ” ilə oyun isə nisbətən asan görünür. Təbii ki, kubok oyunu öncəsi son sınaqda Roman Qriqorçuk komandasındakı yekun vəziyyəti görmək üçün bu matça ciddi yanaşmasa. Uğurun uzaq düşdüyü “Qəbələ” güman ki, Sumqayıta formallıqdan əlavə, həm də qələbə üçün gedəcək. Fikirləri ümumiləşdirsək, “Sumqayıt” bu “dördlük”də, "Neftçi" ilə birgə ən şanssızıdır.
 
“Kəpəz”in isə oyun qrafiki baxımından bəxti gətirib. Gələn tur autsayder AZAL-ın qonağı olacaq gəncəlilər, son oyun günü doğma azarkeşləri önündə “İnter”lə matça çıxacaq.
 
İndiki məqamda Premyer Liqanın sonuncusu olacağı rəsmiləşən AZAL-la səfər oyunu, “İnter”lə ev matçından daha çətin görünür. Çünki “Kəpəz”, ümumiyyətlə, səfərdə bərbad çıxış edir. Evdə isə əksinə. Komandanın “İnter”lə oyunda lazımi nəticəni qazanacağına şübhə yoxdur, qalır autsayder silləsi yeməmək. Gələn tur “ölüm-dirim” savaşına çıxacaq komandanı motivasiya etmək isə Şahin Diniyev üçün çətin olmamalıdır. Fövqəladə hadisə baş verməsə”Kəpəz” son iki turda maksimum nəticəni qazana bilər. Bu, 4-cü pilləni tutmağa kifayət edəcək, ya yox, ayrı məsələdir. Komandanın öz üzərinə düşəni edəcəyinə isə şübhə azdır.
 
7-ci “Neftçi” gələn tur “Zirə” səfərində 3 xal qazanmasa, 4-cü pillədən əlini üzəcək. Bu oyunla bağlı gözləntiləri artıq yazmışıq, bircə onu əlavə etmək olar ki, görüş “ağ-qaralar” üçün həm də prestij məsələsi olacaq, prinsipial xarakter daşıyacaq. 80 illik yubiley mövsümünü bərbad keçirən komanda heç olmasa Azərbaycan çempionatlarında yeganə məğlub edə bilmədiyi rəqibə qalib gələrək, bir sindromu qıra bilər.
 
“Neftçi” “Zirə”ni məğlub etsə belə son turda “Qarabağ”la ev oyununda şanslar yüksək deyil. AFFA-nın hesabat konfransından sonra “ağ-qaralar”ı Azərbaycan fubolunda ən prinsipial rəqib hesab etdiyini deyən Ağdam klubunun prezidenti Tahir Gözəlin fikirlərini son açıqlamasında Qurban Qurbanov da inkar etmədi. Azərbaycan derbisində azarkeş məsələsini qabardan çempion məşqçinin komandasını, həm də kubokun finalından öncəki son sınağa yüksək səviyyədə kökləyəcəyini gözləmək olar. Tituluna da əzəli rəqibinin meydançasında qovuşacaq ağdamlılar ən azından göz oxşayan futbol nümayiş etdirməyə çalışacaqlar. Belə olan halda “Neftçi”nin “Qarabağ”a qalib gələcəyi nə qədər realdır? Cavab vermək çətin olmamalıdır.
 
Haşiyə: Yazı boyu Premyer Liqanın sonuncusu olacağı rəsmiləşən AZAL-ın “Zirə” və “Kəpəz”ə “badalaq gəlmək” ehtimalının üstündə çox dayanmadıq. Bu, məsələnin rasional tərəfi idi. Ancaq psixoloji olaraq, mövsüm ərzində heç nə ilə yadda qala bilməyən Tərlan Əhmədovun komandası niyə də avrokubok yarışına öz “damğa”sını vurmaq üçün “dəridən-qabıqdan çıxmasın?”
 
FaiqTahirov


oxunma sayı: 686 | Paylaş: