Bu gün:


FutbolPress.Az | "Şəmkirdə yalnız birincilik məni qane edəcək" - Kramnik

"Şəmkirdə yalnız birincilik məni qane edəcək" - Kramnik


oxunma sayı: 88 Paylaş:

FutbolPressAprelin 20-də Şəmkirdə şahmat üzrə IV Vüqar Həşimov Memorialına start veriləcək. Turnirin iştirakçısı, rusiyalı dünya çempionu Vladimir Kramnik yarışın rəsmi saytına müsahibə verib.

- IV Vüqar Həşimov Memorialında sizi görmək çox xoş olacaq. Hansı təəssüratlarla Şəmkirə qayıdacaqsınız?
- İlk olaraq dəvətə görə turnirin Təşkilat Komitəsinə təşəkkür edirəm. İki il əvvəl Şəmkirdən böyük təəssüratlarla ayrılmışam. Adətən böyük şəhərlərdə keçirilən yarışlarda iştirak etməyi o qədər xoşlamıram. Şəmkir balaca və sakit şəhərdir. İnsanları çox qonaqpərvərdir. Orada keçirilən yarışlarda bütün diqqətini oyuna yönəldirsən. Şahmat oynamaq üçün iştirakçılara ideal şərait yaradılır. "ShamkirChess 2017" turnirində yüksək hədəflər uğrunda mübarizə aparmağı planlaşdırıram.

- Deməli Vladimir Kramnik Şəmkirdə yalnız qələbə uğrunda mübarizə aparacaq...
- İştirak etdiyim bütün yarışlarda yüksək yerlər uğrunda mübarizə aparıram. 2015-ci ildə Şəmkirdə bütün oyunlar istədiyim kimi olmadı. İstirahət gününə qədər bəzi partiyalarda yaxşı nəticə qazanmadım. Bununla belə bu dəfə yarışı birinci pillədə başa vurmaq üçün əlimdən gələni edəcəm. İlk pillədən başqa digər nəticəyə o qədər sevinə bilmərəm.

- Şəmkir turnirində qarşılaşacağınız rəqiblər barədə nə deyə bilərsiniz?
- Həmişə olduğu kimi Şəmkirdə zəif şahmatçı olmayacaq. Deməli hər oyunda güclü mübarizə gözlənilir. Reytinq favorit Uesli So son aylar kifayət qədər yaxşı oyun nümayiş etdirir. Rusiya yığmasında komanda yoldaşım Sergey Karyakini qeyd etməliyəm. Eyni zamanda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovu unutmaq olmaz. Onlar güclü və iddialı rəqiblərdir. Mənim üçün Şəmkir turniri 2017-ci ildə klassik şahmatda ilk yarış olacaq. Ona görə rahat oyunlar gözləmirəm.

- 2016-cı ildə Şəhriyar Məmmədyarovun Şəmkirdəki qələbəsi sizin üçün gözlənilməz oldu?
- Gözlənilməz olmadı. Məmmədyarov yüksək kateqoriyalı şahmatçıdır. Son turları çox yaxşı oynadı. Sanki qələbə ruhunu hiss edirdi. Ümumiyyətlə onun özünəməxsus oyun tərzi var. Şəhriyar öz oyununu göstərəndə onu dayandırmaq çətindir. Rəqibi səhv etməyə məcbur edir. Bu ilki turnirdə də əsas rəqiblərdən bir olacaq. Fikrimcə Şəhriyar növbəti dəfə Şəmkirdən qalib kimi ayrılmağa çalışacaq.

- ShamkirChess turnirində qələbəyə namizədlərdən biri də siz olacaqsınız. Reytinqə görə turnirin ikinci şahmatçısı olmaq məsuliyyəti artırır?
- İnanın şahmatda reytinq çox vaxt heç nəyi həll etmir. 9 turdan ibarət yarışın sonunda reytinq favorit cədvəldə aşağı pillədə qərarlaşa bilər. Və ya əksinə. Reytinqdən çox şahmatçının göstərəcəyi oyun vacibdir. Sözsüz qələbəyə əsas namizədlərdən biri olmağım məsuliyyəti artırır. Çalışacam ötən ilkindən daha yaxşı çıxış edim.

- Turnir Vüqar Həşimovun xatirəsinə keçirilir. Azərbaycan şahmatçısını necə xatırlayırsınız?
- Öncə təşkilatçılara Vüqar Həşimovun xatirəsinə layiqli turnir keçirdiklərinə görə təşəkkür edirəm. Vüqarla tez-tez müxtəlif turnirlərdə qarşılaşırdıq. Daha çox sürətli şahmatda rəqib olmuşuq. Çox pozitiv, gülərüz insan kimi xatırlayıram. Şəmkir turniri həm də Vüqarın dostlarını birləşdirir. Onun yoxluğu təkcə Azərbaycan deyil, dünya şahmatı üçün itkidir. Gənc olmasına baxmayaraq çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. Vüqarın bu gün bizimlə olmaması ən çox Azərbaycan millisində hiss olunur. Həşimovla yığma komandanız daha güclü idi. Bu gün Vüqarın Azərbaycan millisində yeri görünür.


oxunma sayı: 88 | Paylaş: