')

Bu gün:


FutbolPress.Az | Alicənab xuliqanlar (Azarkeş məktubu)

Alicənab xuliqanlar (Azarkeş məktubu)


oxunma sayı: 519 Paylaş:

FutbolPressAzərbaycan kubokunun yarımfinal mərhələsində "Qarabağ"ın mübarizədən kənarlaşdırdığı "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında onu istefaya səsləyən azarkeşləri xuliqan adlandırdı, "Forza Neftçi" azarkeş qrupunun üzvlərini, ümumiyyətlə, fanat saymadığını bildirdi. Bu da futbol ictimaiyyətində, azarkeşlər arasında ciddi etirazlar doğurdu.

Bu gün səhər redaksiyamıza azarkeşlərdən birinin məktubu daxil oldu. Tural Alışovun məsələ ilə bağlı fikirlərini olduğu kimi təqdim edirik:

"Xuliqan? 4 ildir ki, Azərbaycan çempionatında nəinki çempionluğa, hətta medala həsrət qalan komandanın fanatıyam mən. 80 illik yubileyimizdə 0:8 hesablı məğlubiyyətlə, turnir cədvəlində mənfi top fərqi ilə təbrik etdilər məni.

Hər gələn vaqon-vaqon legioner gətirdi, əvəzində isə ümidlərimizi itirdi. Hər keçən gün geriyə getdik, sayənizdə bir çox komandalar ilkləri yaşadı. “İlklər alın yazımızdı” sloqanını yanlış anladınız demək. Hər gələn vaxt istədi, aldı da vaxtımızı. Təkcə vaxtımızı deyil, sevgilimizi aldılar. Yox-yox aldıqlarını zənn etdilər, bilmədilər ki, bu klubun sahibi klub prezidenti, idman direktoru, nə bilim, Müşahidə Şurası deyil. Anlamadılar ki, “Neftçi”nin sinonimi “xalq komandası”dı. Dərk etmədilər ki, flaqmanın sahibi mənəm, sənsən, bizik. Bu həmin komandadı ki, son illərə qədər milli komandamız deyəndə ağıla gəlirdi. Həmin komandadı ki, ölkədaxili yarışlarda qazanılan titullardan sonra Avropada yeni cığırlar açmış, “Birlik kuboku”nun qalibi olub, “Pünik”i Moskvada peşman etmişdi. Bu həmin “Neftçi”di ki, ÇSKA (Moskva) ilə, "Vasluy" (Rumıniya) ilə görüşlərdə tribunada boş yer qalmamışdı, çətinliklə içəri daxil olmuşduq. 3 il ardıcıl çempionluqdan, Avroliqanın qrup mərhələsində iştirakdan sonra ən bədbin fanat belə bu vəziyyətə düşəcəyimizi fikirləşməzdi. Passivinizə yazdığınız bütün uğursuzluqlar fonunda fanat yenə də yerindəydi. 90 dəqiqə deyil, oyun başlamadan onlar başlardı, bitəndə isə dayanmazdılar. Fanat hər zaman yerindəydi; 0:8 uduzanda da, sondan ikinci olduğumuz vaxtlarda da, ev oyunlarını keçirməyə yer tapmayıb, Masazıra didərgin salınanda, “Dalğa Arena”da boranda, çovğunda AZAL-a 0:1 yeniləndə, Lənkəranda, Gəncədə, Gürcüstanda və hər yerdə. Dəfələrlə məğlub olduğu halda çağırıb dəstək verən də “Forza Neftçi” adlı fan-klub idi. Sənsə (Elxan Abdullayev - red.) çıxıb dedin ki, mən onları fan-klub saymıram. Bəli, onlar bir ailədir, fan-klubdan artıq bir şeydir o.

İndi sən cavab ver. Xuliqan mənəm, yoxsa “Neftçi”ni bu vəziyyətə salanlar? Verdikləri vədlərin heç birini yerinə yetirməyib flaqmanı autsayder edənlərdi bəlkə? Alicənab xuliqanlar! Qalstuklu xuliqanlar!"


oxunma sayı: 519 | Paylaş:




?>