Bu gün:


FutbolPress.Az | “Amiqo”luqdan  vitse-prezidentliyə gedən yol: T uyqun Nadirovu yaxından tanıyın!

“Amiqo”luqdan vitse-prezidentliyə gedən yol: Tuyqun Nadirovu yaxından tanıyın!


oxunma sayı: 525 Paylaş:

FutbolPress“Xəzər Lənkəran”ın dağılmasında ən əsas səbəbkar kimi o göstərilir. Vaxtilə vitse-prezidentlik etdiyi dövrdə klubda əsas söz sahiblərindən olan, prezident Mais Mənsimovu istədiyi səmtə yönləndirməyi bacaran, həssas məqamlarda ortaya çıxan, adına tez-tez mətbuat səhifələrində rast gəlinən Tuyqun Nadirovdan gedir söhbət. Klubda çalışanların, onu yaxından tanıyanların dediyinə görə, Nadirov işinə bir qədər ciddi yanaşsa, bir az da tərsliyindən və inadından əl çəksəydi, çempionatda hələ də “Xəzər Lənkəran” adlı komandanın varlığına tamaşa edirdik. Amma o bunu istəmədi. Lap dəqiq desək, sonluğun belə alınacağını gözləmirdi. Bu da təcrübəsizlikdən irəli gəlirdi. Çünki o post Tuyqun Nadirovluq deyildi. Bu adam futbol sahəsində vitse-prezident olmaq üçün dünyaya gəlməmişdi. Madam ki, söhbət dağ boyda klubun, komandanın çökdürən şəxslərdən biri, bəlkə də birincisindən gedirsə, onu yaxından tanımaq maraqlı deyilmi?

Kim olub?

Dünyaya kifayət qədər imkanlı ailənin üzvü kimi göz açan Nadirovun uşaqlıq illəri yağ-bal içində keçib. “Yox” nədi eşitməyib, qarnına korluq verməyib. Bu da təbii ki, ailəsinin Rusiyada yaşaması, atasının hüquqşünas olması ilə bağlıdı.Yaxın ətrafının dediklərinə inansaq, ata Nadirov hazırda ARDNŞ-nin, həm də AFFA-nın vitse prezidenti olan Elşad Nəsirovla Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tələbə yoldaşı olub. Həmin ata ki, hazırda Rusiya Dümasının hüquqşünasi kimi çalışır. Balaca Tuyqun həmin illərdə Azərbaycanda yaşayıb ki, təlim-tərbiyəsi ilə nənəsi məşğul olub. Orta məktəbi əla qiymətlərlə bitirən gələcəyin yarıtmaz vitse-prezidenti Azərbaycan Tibb Universitetinə daxil olub. Deyilənə görə, əczaçılıq fakültəsini bitirib. Amma özü klubdakılara karidioloq olmağın sirrlərinə yiyələndiyini iddia edirmiş. Təhsil almaq, gələcəyini səhiyyədə qurmaq planlarını cızmaqla yanaşı, futbolla da maraqlanırmış. Adi azarkeş səviyyəsində, ondan artıq yox.

“Xəzər Lənkəran”a gəlişi haqda

22 kişinin bir topun dalınca qaçmasından xəbər tutması Nadirovu yavaş-yavaş stadionlara ayaq açmağa məcbur edib. O həyəcanı arenada canlı hiss etmək xatirinə Sumqayıtdakı stadiona üz tutub və vaxtilə ev oyunlarını ölkənin ikinci ən böyük şəhərində keçirən Lənkəran təmsilçisini dəstəkləyib. Amiqoluq edib, baraban çalıb. Mübariz Mənsimovun qərarına əsasən klub idarəçiliyinə azarkeşlər arasındakı savadlıların cəlb olunması prosesinə start verilib. Onlardan biri də ali məktəb bitirmiş, ziyalı ailədən çıxmış Tuyqun Nadirov olub. Qısa müddət ərzində Mais Mənsimovla dil tapmağı bacaran “amiqo” prezidentin sevgisini qazanıb. Və çox keçməyib ki, klubda vitse-prezident postu ona tapşırılıb. Yəni futbolda yad olan,  işi ancaq tribunada qışqırmaqdan ibarət olan birinə dağ boyda klubda söz demək səlahiyyəti verilib. Vaxtilə “Xəzər Lənkəran”da çalışan və kiçik Mənsimovun “sağ əli” hesab olunan Zəfər Hacıyevin ulduzu Tuyqun Nadirovla barışmayınca, daxildə münaqişələr baş qaldırıb.  Və bundan “Palmali”nin Bakı ofisində xəbər tutublar. Söhbət Mübariz Mənsimovun qulağına çatınca, sponsor Mais Mənsimov qarışıq rəhbər şəxsləri vəzifəsindən azad edib, o cümlədən Nadirovu. Belədə, vitse-prezident postuna “Palmali”nin Türkiyə ofisindən biri – Araz Nəsirov göndərilib. Çox çalışmayıb və onu “Fırtına”nın amiqosu Rəvan Bəşirov əvəzləyib. Ana Mənsimovanın Mübariz bəyə xahişindən sonra sponsor qardaşını yenidən kluba qaytarıb. Belədə Tuyqun Nadirov da növbəti dəfə “Xəzər Lənkəran”da peyda olub. Bu da yuxarıda qeyd olunduğu kimi, özünü Mais Mənsimova sevdirməsi, bir sözünü iki etmədiyinə görə idi. Tuyqun Nadirovun sonradan o qədər hoqqalara rəğmən klubda toxunulmaza çevrilməsinin səbəblərindən biri də qohumlarından birinin Mübariz bəyə yaxın olmasıydı. Yəni əlindəki bu “kozır”dan istifadə etməyi bacarıb. Həm də klub daxilindəki maxinasiyaları yaxşı bilirdi, prezident onu qovmazdı.

İş bacarığı və insani keyfiyyətləri

Qeyd olunduğu kimi, ziyalı ailənin üzvüdü və özünün də kifayət qədər savadı, həyat təcrübəsi var. Sözün yaxşı mənasında üzü üzlər görüb, yəni insanı bir baxışdan tanımağı bacarırmış. Bu isə çoxbilmişlik, bir az da hiyləgərlik deməkdi. Eyni zamanda həm də prinsipial biriydi. Yəni öz maraqları üçün hər vasitəyə əl atar, istənilən şəxsi arxadan vurmağın planlarını cızardı. “Xəzər Lənkəran”ın legionerlərə küllü miqdarda dollarlar borclu qalması, Tuyqun Nadirovun zaman-zaman rəqib həmkarları və jurnalistlərlə “atışması” da məhz arxadan vurmağa hesablanmış planların nəticəsiydi. Məsələn, səhv olduğunu bilə-bilə hər yola əl atarmış ki, təki söhbətdən təmiz çıxsın. Necə ki, “Neftçi” Culius Vobayı “Xəzər Lənkəran”dan oğurlayanda redaksiyamıza lazımsız sənədlər təqdim etməklə özünün haqlı olduğunu isbatlamağa çalışmışdı. Bütün gücünü ve enerjisini klubun xoş gələcəyi yox, şəxsi mənafeyi naminə xərclədiyini onu yaxından tanıyanların əksəri iddia edir. Yəni planı heç də “Xəzər Lənkəran”ı ağıllı siyasət nəticəsində zirvələrə daşımaq olmayıb. Gündəm yaratmaq, hay-küylə diqqəti üzərinə çəkmək və Azərbaycan futbolunun bir küncünə Tuyqun adını yazdırmaq olub niyyəti. Necə ki, Klublar Komitəsinə sədr seçiləndən sonra AFFA-nın baş katibi Elxan Məmmədova yarınaraq komitəni PFL-ə çevirməyin planları haqda danışırmış. Mətbuat məsələdən vaxtında xəbər tutmasaydı, Elxan Məmmədov da geri çəkilməsəydi, bəlkə də indi hər şey sabiq “vitse”nin istədiyi kimi idi. Bu cür ”futbol bacarığı” sayəsində “Xəzər Lənkəran”ın çökməsinin səbəbkarlarından biri kimi qaldı yaddaşlarda. Halbuki vaxtını futbol təhsili almağa, təcrübə toplamağa ayırsaydı, bir az da şəxsi intriqalardan, legionerlərin “torbasını tikməkdən”  başı açılsaydı, o cür klubda böyük işlər görə bilərdi.

Futbol hara, o hara?

Yazını hazırlamaq üçün təbii ki, vaxtilə onunla yol yoldaşı olmuş, futbola eyni tribunadan baxmış şəxslərin fikirlərini dinlədik. Adamın futbolun təməl prinsiplərindən bixəbər olması çıxdı ortalığa. Sən demə, tribunada baraban çalmasına baxmayaraq, elementar şeylərdər xəbəri olmayıb. Sadəcə, futbolçuların bir topun arxasında qaçması və iki komanda arasında prinsipiallığın olması ləzzət edirmiş ona. Tribunada əyləşəndə yanında “yuxarılardan” heç kim yoxdursa, dinməz oturub meydanda yaşananları izləyərmiş. Vay o günə ki, Mais Mənsimov, ya da “Palmali”dən kimsə ola. Pressinqdən dəm vurar, hakimlərin işindən narazı qalar, futbolçularını irəli çıxmağa səsləyərmiş.

Baş vermiş maraqlı bir hadisəni nəql etməklə yazıya yekun vurmaq olar. Deməli, 2006/07 mövsümündə “Xəzər Lənkəran”la “Neftçi” arasında çempionluq mübarizəsi gedirmiş. Çempionatın finişinə bir tur qalmış, yəni 25-ci turda “Neftçi” Bakıda “Olimpik”in qonağı olanda, “Xəzər Lənkəran” Qusarda “Şahdağ”la qarşılaşmalıymış. “Neftçi”nin oyunu “Xəzər”inkindən daha tez başladığından cənubluların bütün rəsmiləri, məşqçi və futbolçu heyəti gözünü televizora dikib. Bir növ “Şahdağ”la oyun yaddan çıxıb. Rəşad Sadıqovun penaltidən hesabı açmasından sonra 63-cü dəqiqədə Pate Banqura bərabərlik qoluna imza atıb. 3 dəqiqə sonra Xaqani Məmmədov ikinci topu “Neftçi”nin qapısından keçirib. Və lənkəranlıların əsas rəqibi meydanı məğlub tərk edib. Həmin 3 dəqiqə ərzində oteldə hansı ab-havanın yaşandığını müəyyən etmək çətin deyil. Hal şahidinin sözlərinə inansaq, 6 ballıq zəlzələ o atmosferin yanında şükürlü imiş. Bir anda gözlər Tuyqun Nadirovu axtarsa da, vitse-prezidenti görən olmayıb. Axtarışlardan sonra məlum olub ki, “Şahdağ” – “Xəzər Lənkəran” oyununu izləmək üçün enerji yığan Nadirov mışıl-mışıl yatır.

Həbib Aslanov
(Futbol+)


oxunma sayı: 525 | Paylaş: