Bu gün:


FutbolPress.Az | TPL: Media-klub rabitəsi jurnalistlərin rəyində...  (LAYİHƏ)

TPL: Media-klub rabitəsi jurnalistlərin rəyində... (LAYİHƏ)


oxunma sayı: 390 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə "TPL klublarının media və ictimaiyyətlə əlaqələri" mövzusunda qalib elan edilmişdi. Növbəti dəfə eyni istiqamətdə layihənin icrasını davam etdiririk. Mövzumuz TPL iştirakçılarının media əlaqələndiriciləridi. Daha doğrusu, jurnalistlərin informasiya əldə etməkdə onların rolu.

Klublar medianın əsas məlumat obyektidir. Gündəlik proseslərin, demək olar, böyük hissəsi məhz klublardan alınan informasiyalarda ifadə olunur. Dünya praktikasında bu işdə medianın “işini yüngülləşdirən” mətbuat xidmətinin əməkdaş(lar)ıdı. Media əlaqələndiricisindən dəqiqləşdirilir bütün xəbərlər.  Məsələn, Avropa klublarında media meneceri – media və marketinq şöbəsini təmsil edən şəxsdir və o, komandaya aid bütün məlumatları baş məşqçiylə eyni dərəcədə bilir, onun və klub rəhbərliyinin adından danışmaq səlahiyyəti daşıyır. Şöbə kifayət qədər geniş olur. 10+ işçi qüvvəsində PR menecer, media kuratorlar, sosial layihələr icraçısı və s. istiqamətləri olur.

Azərbaycanda bu təsnifatlandırma çox zəif gedib. İkiminlərin ortalarında başlayan bu iş ilk dövrlərdə sürətlə irəliləsə də, sonradan yerində saymağa başladı. 2004/05-ci illərdə “Karvan”, “İnter”, “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı” kimi klublarda mətbuatla əlaqələndiricilər”peyda olmağa” başladı. Onadək media işini kustar üsullarla görərdi. Artıq bəzi klubların saytları vardı, ordan müəyyən məlumatları əldə eləmək olurdu. Daha sonra oyunsonrası mətbuat konfransları keçirilməyə başladı. Bu işi ilk “Karvan” görmüşdü və daha sonra digər klublar da yeniliyi tətbiq eləməyə başladı. Nəhayət, 2008-ci ildən sonra PFL-in yaradılmasıyla Azərbaycan futboluna aid baza məlumatları əldə eləmək daha asan olmağa başladı. Əvvəllər jurnalistlər oyunun protokolunu hakimdən, hakim-inspektordan, AFFA nümayəndəsindən əldə edirdisə, artıq bu cür məlumatların hamısı PFL-in saytında əldə eləmək olurdu.
Texniki istiqamətdə müəyyən işlər görüldü. Ancaq “media meneceri” dediyimiz istiqamət formalaşmadı, işlər bir mərhələdə ilişib qaldı.
Hazırda “Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentində 5 əməkdaş var. Digər klublarımızda isə bu, 2, ən çox halda 3 nəfəri keçmir. Bu hal departamentin daha məhsuldar olmasını əngəlləyir. Hərçənd, problemlərdən ən arzulanmazı media əlaqələndiricilərinin klubda müstəqil olmamasıdır. Hansısa klubun mətbuat xidmətinin (?) rəhbəriylə istənilən məlumatı müzakirə eləmək, infonu əldə eləmək  elə asan deyil. Bəzən klublarda mətbuat əlaqələndiricisi əsas proseslərdən kənar qalır/saxlanır. İnformasiyanı “başqa qüvvələr” planlı  şəkildə mediaya ötürür və s.

Bu və digər problemlər haqda jurnalistlərin fikrini öyrəndik. Maraqlıdır ki, reportyorlar, müxbirlər, sayt rəhbərləri klublardan informasiya əldə etmək/məlumata rəsmi münasibət öyrənməkdə hansı əngəllərə rast gəlirlər, işini daha yaxşı quranlar, axsayanlar – hansılardır? 

 
“Rekord.az”  portalının rəhbəri Kənan Məstəliyev TPL klublarının media əlaqələndiricləriylə probleminin yaranmadığını bildirdi: “Ümumi dəyərləndirəndə onların arasında problem yaşadığım, ciddi narazılığım olanı yoxdur. Hər şey komandaların cari durumundan asılı olur. "Ulduz xəstəliyi"nə tutulanlara da şahidlik etmişik, "yoxa çıxanları" da. Müsbət baxımdan fərqləndirə biləcəklərim "Qəbələ", "Qarabağ" və "Sumqayıt"ın mətbuat katibləridi. İlk ikisi göz önündədilər, yükləri çoxdu və məncə işlərinin öhdəsindən yaxşı gəlirlər. Rəşad Məmmədovun iş prinsipini isə həmişə bəyənmişəm, belə demək olarsa, böyük həcmdə faydalı iş əmsalı var".

Məstəliyevin narazı qaldığı mətbuat xidməti də var:  "Şuralaşma" başlayandan bəri "Neftçi"də bu xidmətdə nələrin baş verdiyini, yəqin özləri də bilmirlər. Mehman Rəsulovun bacarığına və iş qabiliyyətinə şübhə yoxdu. Sadəcə, bir işi bir nəfər görər, qalanları da ona kömək edər. Klubdakı hər departamentə, hər məmura ayrıca mətbuat katibi "qoşmaq" hələ də anlamadığım bir şeydi”.

“Komanda.az”ın müxbiri Elnur Həmidov bildirir ki, iş prosesində media əlaqələndiricilərinin maneəsinə, yaxud ləngliyinə rast gəlməyib: “Kiminsə xətrinə dəyməmək üçün demirəm, tam səmimi deyim ki, Premyer Liqada çıxış edən klublarının hansının mətbuat xidmətinin rəhbəriylə əlaqə saxlamışamsa, sualıma tam cavab veriblər, ancaq təbii ki, səlahiyyətləri daxilində”.

“Səlahiyətləri daxilində” bəzən məhdudlaşdırıcı halın ifadəsi də ola bilir. Qarşıdakı açıqlamalarda görəcəksiniz ki, bəzən jurnalist media əlaqələndiricisindən istədiyini ala bilmir; ya onda kifayət qədər məlumat olmur, ya da məlumatı açıqlayacaq qərarlılıq.

Bəs müxbirin işini yüngülləşdirən detallardan biri – klub saytlarının işi necə, qənaətbəxşdirmi? Həmidovun qeydi:  “Məsələyə klubların saytlarının hansı şəkildə fəaliyyət göstərdiyi prizmasından yanaşsaq, hə, burda vəziyyət eyni deyil. Yetərli informasiyanın olmamasıyla bağlı müəyyən problemlər var. Elə olur ki, mətbuat xidmətləriylə klubla bağlı hansısa məsələylə bağlı müraciət edəndə o barədə onların da məlumatı olmur. Klub saytlarının operativliyi məsələsində AZAL-ı mənfi mənada fərqləndirmək olar. Bu saytda yenilənmə çox aşağı səviyyədədi. Digərlərində bu cəhətdən vəziyyət normaldı”.

İlkin Məmmədov (“Korner.az”ın müxbiri): “Rahat olanlar - “Qarabağ”, “Qəbələ”, “Zirə”dir. Problemli olan isə AZAL”.

“Futbol +”in təcrübəli əməkdaşı Mirağa Mirzəyevin mövzu haqda qeydi ətraflıdır:
“Mətbuat xidməti postunda çalışan həmkarlarımızla peşəkar, işgüzar münasibətlə yanaşı, səmimi ünsiyyətdən də çox şey asıldı. Xəbər siyasətində çeviklik üçün bu vacibdi. Deyək ki, filan futbolçu klubun düşərgəsindədi və onunla sabah müqavilə bağlanılacaq. Mətbuat xidməti rəsmi məlumatı sabaha saxlayır, sənsə ondan operativ bilgi əldə edə bilərsən. "Kəpəz"in sözçüsü Azad Mustafayevlə isə zəng vuranın kimliyi o qədər də önəmli deyil: hər kəsə bacardığı köməyi göstərəcək. Klubla bağlılığı olan istənilən şəxsdən açıqlama almaqdan tutmuş telefon nömrəsinə qədər hər şey soruşa bilərsən ondan. "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla "Zirə"li Elman Himayətoğlu da bu qəbildəndi. "Neftçi", "Qarabağ" və "Qəbələ"ylə "işləmək" isə nisbətən çətindi. Ancaq bu üç klubun saytlarının nisbətən operativ işləməsi onların mətbuat xidmətlərindən də məlumat asılılığını azaldır”.

Buradək gördük ki, AZAL-dan başqa istənilən klubla “yola getmək olar”. “Təyyarəçilər”in rəsmi saytının yenilənməsində, mətbuatla klub arasında informasiya bağının olmamasındakı problemlər həll edilənə də oxşamır. Klubun büdcəsi haqda şikayətləri dillər əzbəridir. Autsayderlik bu klubun alnına, demək olar, bütün kateqoriyalarda yazılıb.

AZAL haqda şikayətçilərdən biri, “İdmanxeber.com”un rəhbəri Səxavət Qurbanov da, demək olar, digər həmkarlarla həmfikirdir:
“Açığı kimdən məlumat əldə etmək istəmişiksə hər zaman suallarımız cavablandırılıb. "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov və "Sumqayıt"ın mətbuat xidmətionin rəhbəri Rəşad Məmmədova nə sual versəz, "bilmirəm" deyə bir şey eşitməyəcəksiz. Bizdə hər zaman belə olub... "Qarabağ" və "Qəbələ"də də hər şey yaxşıdı. Sualını ver, cavabı "təhlükəli" olmasa versinlər.  Ən çətini  AZAL-dı. Bu klubdan nə məlumat əldə etmək istəmişiksə, gözləmə mövqeyində qalmışıq.  İl oldu 2017, 2016-da ünvanladığımız bir sorğu hələ də cavabsız qalıb”.

"Futbolxeber.az"ın rəhbəri İbrahim Cəfərov problemlərin mövcudluğunu daha qabarıq qeyd edir: “Ümumi götürsək, klubların mətbuat xidmətlərinin vəzifələrinin öhdələrindən tam gəldiyini demək çətindir. Bu da onların günahı deyil. Hesab edirəm ki, əksər klublarda rəhbərlik mətbuat xidmətinin vəzifəsinin nədən olduğunu dəqiq bilmirlər. Bəzən mətbuat xidmətlərinə elə işlər tapşırırlar ki... Oyunöncəsi və oyunsonrası mətbuat konfransların təşkili ilə bağlı mətbuat katibləri vəzifələrinin öhdələrindən gəlirlər. Əsas məsələ mətbuata lazım olan informasilarla bağlıdır. Məsələn, mətbuat katibinə hansısa informasiyanın doğru olub-olmadığını soruşursan. O isə özbaşna cavab verə bilmir. Yaxud “yox” deyir, sonradan isə məlum olur ki həmin xəbəri mətbuata elə klubdan ötürüblər.
Hansı mətbuat katibinin işinin öhdəsindən daha yaxşı, hansının daha pis gəldiyini demək çətindir. Ona görə yox ki, hamısı dostlarımızdır, inciyə bilərlər. Sadəcə məsələ ondadır ki, mətbuat katiblərinin şəraitləri tam fərqlidir. 2 və ya daha artıq adamın işinə qiymət vermək üçün onlar eyni şəraitdə olmalıdırlar. Elə mətbuat katibi var ki, departamentində rəsmi, ya qeyri-rəsmi 5 işçisi var. Eləsi isə var ki, tək işləyir. Amma sən tək işləyən adama digərində olan şəraiti yaratsan, bəlkə ortaya daha sanballı iş qoyar.
Bu günə qədər gördükləri işə əsasən “İnter”in mətbuat katibi Səbuhi Məmmədovu fərqləndirərdim. “Sumqayıt”dan Rəşad Məmmədov bəlkə 3 nəfərin işini görür. “Qəbələ”dən Anar Hacıyev, “Neftçi”dən Mehman Rəsulov da işləri ilə müsbət mənada fərqlənirlər.


“Qafqazinfo.az”ın idman yazarı Elsevər Məmmədov klublardakı həmkarlarımıza, necə deyərlər, qahmar çıxdı. Üstəlik favoritlərini də açıqladı:
“Klublarda elә әn peşәkar işlәyәn mәtbuat xidmәtlәridir. Әn yaxşı, әn zәifinә gәlincә, seçim etmәyәcәm. Çünki hansı klubun mәtbuat xidmәtinә müraciәt etsәm, lazım olan hәr şeyi edir. Sayt baxımından әn yaxşı "Qәbәlә", "Qarabağ", "Neftçi", "İnter"in mәtbuat xidmәtlәti seçilir. Amma "Qәbәlә" hamısından bir addım öndәdir. Daha keyfiyyәtli iş görürlәr. AZAL-ın saytı da, mәtbuta xidmәti dә klub kimi autsayderdir”.

Elçin Cəlilov


Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb


oxunma sayı: 390 | Paylaş: