Bu gün:


FutbolPress.Az | Kreativ yanaşma işin yarısıdı (LAYİHƏ)

Kreativ yanaşma işin yarısıdı (LAYİHƏ)


oxunma sayı: 965 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə "TPL klublarının media və ictimaiyyətlə əlaqələri" mövzusunda qalib elan edilmişdi. Növbəti dəfə eyni istiqamətdə layihəni icra edən saytımız bu dəfə klublarımızın trendlərlə davranışına nəzər yetirir. Mövzumuz kreativ ideyalardı.

Azərbaycan futboluna maliyyə axını ikiminlərin ortalarında baş verdi. Həmin ərəfələrdə klublaşma kor-koranə başladı və davam elədi. Demək olar, heç bir klubda peşəkar təsisləşmə, strukturlaşma qurulmadı. Bunun nəticəsidi ki, “Karvan” kimi – ilk yarandığı ildən iddialılar sırasına qoşulan komanda Avropa liqasına  (UEFA kuboku) vəsiqə qazandı, turnirdə mərhələ adladı, ancaq tezliklə də tarixin yaddaşına köçdü.
Sözgedən klub ölkə futbolunda müxtəlif yaradıcı təşəbbüskarlıqlarıyla yadda qalmışdı. Onlardan biri də klub avtobusunun atributik dizaynı idi. Sonradan ənənə halını alan bu addımı “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Qarabağ” və s. iddialılar da atdı. Hətta “Bakı”nın 2011-ci ildə aldığı yeni avtobus öz qiymətiylə (400 min ABŞ dolları) bir müddət müzakirə - gündəm mövzusu olmuşdu.
Hazırda 8 TPL iştirakçısının hər birinin avtobusunun atributik dizaynı var.

“Neftçi” isə bu addımı xeyli sonradan atmışdı. Mövzunu bu klub üzərindən davam etdirəcəyik.

“Ağ-qaralar”ın bundan əvvəlki avtobus dizaynı klub tarixində önəmli yer tutmuş Zaur Tağızadəyə həsr olunmuşdu. Bayraq və “qızıl oğlan”ın fotosundan ibarət kombinasiya tərtbiatı bəlkə də klub tarixində çempionluqlar baxımından ən uğurlusu sayılar. Bu müddətdə “Neftçi” 3 dəfə ölkə çempionu oldu, Avropa Liqasında qrup mərhələsinə düşən ilk Azərbaycan klubu kimi tarixə düşdü və s.

Fotolardan görürsüz ki, avtobus artıq başqa dizayndadı. Bu dəfə də kreativ yanaşma göz çəkir. Avtobusun üzərindəki NEFTÇİ yazısı komandada indiyədək oynamış futbolçuların adlarından düzəldilib.

Bu ilin əvvəlində təqdim olunan yeni tərtibat haqda klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla danışdıq:

“Ümumiyyətlə, “Neftçi”nin A komandasının avtobusunun dizaynı haqqında düşünürdük. Müxtəlif təklifləri vardı. Amma bunlar arasında hazırda reallaşdırılmış layihə ən cəzbedicisi oldu. İdeya klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyevdən gəldi. İdeya layihə ilə bağlı görüşdə rəhbərliyə təqdim olundu. Daha sonra “Neftçi” tarixində klubumuzun formasını geyinmiş və peşəkar karyerasını başa vurmuş futbolçuların siyahısını toplamağa başladıq. Siyahıda təxminən 400 nəfər futbolçunun adı vardı. Futbolçuların siyahısı hazır olduqdan sonra layihənin dizayn işinə başlandı və yekun dizayn rəhbərlik tərəfindən təsdiq edildi. Əsas komanda Türkiyədə keçirilmiş qış təlim-məşq toplanışından qayıdanda artıq yeni dizayn olunmuş avtobusu gördü. Bu bir növ futbolçular üçün də xoş sürpriz oldu”.


Elçin 

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb





oxunma sayı: 965 | Paylaş: