Bu gün:


FutbolPress.Az | Prosineçkinin fəlsəfəsinə uyğun gələnlər və ya Nizami Hacıyev üçün sadə çıxış yolu (QEYD)

Prosineçkinin fəlsəfəsinə uyğun gələnlər və ya Nizami Hacıyev üçün sadə çıxış yolu (QEYD)


oxunma sayı: 742 Paylaş:

FutbolPressAzərbaycan millisinin gələn ay Qətərlə keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti ilə bağlı müəyyən məsələlərə aydınlıq gəlib. 25 nəfərin çağırılacağı yığmada ölkə xaricində oynayanların heç biri yer almayacaq. Robert Prosineçki əlavə olaraq 2 yeni adın da heyətdə olacağını bildirib.
 
Milliyə dəvəti uzun müddətdir müzakirə mövzusu olan “İnter”in kapitanı Nizami Hacıyev isə bu dəfə də çağırılmayacaq. Prosineçki Nizaminin oyun fəlsəfəsinə uyğun futbolçu olmadığını açıqlayıb.
 
Amma xorvatiyalı məşqçi oyun fəlsəfəsinin nə olduğundan danışnmayıb. Düzü, Azərbaycan kimi ölkədə hər hansısa məşqçinin futbol fəlsəfəsindən dəm vurması gülüncdü. Hər şeydən əvvəl ona görə ki, seçim imkanları məhduddu və sən istəsən də öz sisteminə uyğun futbolçu tapa bilməyəcəksən. Üstəlik, Prosineçkinin milliyə xüsusi bir üslub, sistem, oyun tərzi gətirdiyini demək də olmaz. Komanda faktiki olaraq, əvvəl necə oynayırdısa, indi də elədi.
 
Hər halda məlum açıqlamadan sonra internetdə kiçik araşdırma apardıq. İndiyədək Azərbaycanda Prosineçkinin oyun fəlsəfəsinə uyğun 55 futbolçu olub. Bunlar təlim-məşq toplanışı üçün olsa belə azı bir dəfə millinin heyətinə cəlb edilənlərdi.
 
Maraqlı adlar var.
 
Demə, “Neftçi”də əsas heyət üzvünə çevrilə bilməyən, “Sumqayıt”dan milliyə çağırılanda komandası autsayderlər sırasında olan Məhəmməd Qurbanov Prosineçkinin fəlsəfəsinə uyğun gəlirmiş.  Millidə heyətə sifarişlə çağırıldığı deyilən klubsuz (!) Anton Krivotsyuka da yer tapılıb. Nə “Qarabağ”, nə “Zirə”də özünü doğrultmağı bacaran Cavid Tağıyev də şans qazanıb. İndinin özündə heyətə cəlb edilməsi ironiyalara səbəb olanlar – Pavel Paşayev, Arif Daşdəmirov da millinin oyun üslubuna rəngarənglik qatırmış və s. Üstəlik hazırkı heyətdə yer alanların az qala yarısı klubunda cəmisi 3, 5, 15 dəqiqəqə meydanda olanlardı. O da bəzən...
 
Karyerasının ən yaxşı dövrlərini keçirən Nizami Hacıyevə isə komandada yer tapılmır.
 
Söhbət təkcə Nizaminin öz klubunda daimi oynamasından və tez-tez qol vurmasından getmir. O, indiki məqamda kapitanı olduğu “İnter”i təkbaşına arxasınca daşıyır. Yaxşı fiziki vəziyyətdə olan futbolçu uzaq məsafədən zərbələri ilə də - ki bu, həmişə millidə problem olub -, təkbaşına reydləri ilə də bu mövsüm göz oxşayır.
 
Heç kim tələb etmir ki, Prosineçki Hacıyevi millinin əsas heyət üzvünə çevirsin. Yox, sadəcə heyətə cəlb edib yoxlamaq lazmdı. Onsuz da geniş seçim imkanları yoxdu və fikrin davamı olaraq, əla formada olan Nizami kimi futbolçudan imtina etmək kimi bir “lüksümüz” də yoxdu. Üstəlik, Qətərlə oyun üçün ölkə xaricindəkilərdən heç kim çağırılmayacaq. Nizami əgər belə məqamda da milliyə çağırılmırsa, bu, oyun üslubu, sistem, fəlsəfə deyil, aşkar qərəzdi. Belə görünür ki, Prosineçkinin sələfi Foqtsdan ciddi fərqi yoxdu.
 
Nizami Hacıyev yaxşı oynayıb Prosineçkinin “gözünə girməyən” yeganə nümunə də deyil. Bir vaxtlar çağırılsalar da, indi də yaxşı formada olan Rəşad Sadiqov, Ufuk Budak kimi futbolçular da uzun müddətdir ki, komandadan ayrı düşüblər.
 
Futbolçunun, şübhəsiz ki, ən yüksək məqsədlərindən biri ölkəsinin yığma komandasında oynamaqdı. Amma əgər ən yaxşı formasını yığdığı halda belə çağırılmırsa, inkişaf etmək üçün motivasiyanı hardan tapacaq?
 
Belə görünür ki, Prosineçkinin futbol fəlsəfəsinə uyğun gəlmək üçün daim meydanda olub, qollar vurmaq yox, ehtiyat skamyada əyləşmək, autsayder komandanın oyunçusu olmaq lazımdı.

Faiq Tahirov



oxunma sayı: 742 | Paylaş: