Bu gün:


FutbolPress.Az | KİV-in əhəmiyyətini göstərən oyun (QEYD)

KİV-in əhəmiyyətini göstərən oyun (QEYD)


oxunma sayı: 418 Paylaş:

FutbolPress19-cu turun “Qəbələ” – “Qarabağ” oyununu hələ hardasa 15-16-cı turdan səbrsizliklə gözləməyə başlamışdıq.

“Qarabağ” - “Zirə” qarşılaşmasının ardıcıl 5-ci dəfə birincilərin eynihesablı qələbəsilə başa çatması və s. detallar qıcıq oyatmışdı.

Çempionluğu ikinci ildi qarşısına şərt qoyan “Qəbələ”nin həmin ərəfələrdə “Sumqayıt”la mübarizədə xal itirməsi panik aura yaratmışdı. Onlardan “Qarabağ” tərəfə atmacalar görünməyə, “Zirə”nin “atlılar” üçün “çalışdığını” iddia edən mövzular müzakirəyə çıxmağa başladı.

Getdikcə durum kritik məqam aldı. Susqunluq səbrini son addımadək qoruyan “Qarabağ” tərəfi belə təmkinini qoruya bilməyib, müxtəlif formatlarda media ilə danışıqlar qurdu. İctimaiyyət üçün reaksiyalar açıqlanmasa da, klub idarəçiləri birinə bir cür, digərinə başqa cür, “bu mövzunu şişirtməyin, elə bir şey yoxdur” mesajını verdi.

Ancaq müzakirələr səngimir, hakim səhvləri ilə qarışıq, aqressiv ton ortalığı səs-küyə boğmaqda idi. Hətta oyuna hansı şərhçilərin təyin olunması belə müzakirə ediləcək qədər həssas duruma gəlib çıxmışdıq.

Qarşılaşma üçün 40-a yaxın jurnalistin ezamiyyəti üçün təşkilatçılıq edən PFL...
Oyunun necə olacağını düşünən hər kəsdə bir az həyəcan və nigarançılığın olması...
Qəbələ şəhər stadionunun ilk dəfə bu qədər azarkeş və hərəkətlilik/pankartlar/şüarlara şahidlik eləməsi...
Dinamik, taktiki mübarizəylə zəngin oyun və çempionluq mübarizəsinin gərginliyini aktual saxlayan hesab  - 2:0.
Yenə.. yaratdığı dinamikanı elə o tonda tutan media – “CBC Sport”un ta mətbuat konfransınadək olanları birbaşa yayımlaması və s.

Yoldaşlar, KİV-in Azərbaycan futbolunda əhəmiyyəti bu dəfə də özünü qabarıq göstərdi. Buradək medianın “cızdığı ssenariylə” dramatik triller gözləyənlər də oldu, fantastika arzusunda olanlar da. Əsas odu, sönüklük dövrünü yaşayan Azərbaycan futboluna arzulanan dinamika gəldi.

İşini minimum resurslarla quran medianın Azərbaycan futbolunda rolu özünü göstərdi, bu oyunu yüksək səviyyədə quran hər iki tərəfin məşqçiləri də töhvəsini verdi, təşkilatçılıq da göz oxşadı.

Ancaq həmişəki kimi, yenə də boş-boş danışıb, varlığını süni formada göstərib, vacibliyini iddia eləyənlərin ölkə futbolunda mövcud olması artıq yersizliyini aşkar büruzə verir.

Azərbaycan futbolu inkişaf edə bilər, bunu daha da sürətləndirməyin ən müxtəlif üsulları var və bunu bacaranlar da az deyil. Sadəcə, bacaranlar idarəçilikdə deyil, ya da az təmsil olunub.

Bacarıqsızların durmadan medianı suçlaması, aşağılaması isə artıq mənasızlığını sübut eləmiş oldu.

Biz Avropa səviyyəli oyun izlədik. Bu işdə əziyyəti keçənləri növbəti dəfə gördük. Bacarıqsız idarəçilərin hər fürsətdə qınadıqları məhz bu subyektlərdir.  Çünki bu subyektlər futbolu bilir, tutduğu işi bacarır. Makulatura idarəçiləriysə bundan sonra xüsusən mediaya qarşı münasibətdə daha diqqətli olmalıdılar. Mediasız heçnəsiniz.

Elçin Cəlilov


oxunma sayı: 418 | Paylaş: