Bu gün:


FutbolPress.Az | Orxan Məmmədov: "Bunu hansı ağlı başında olan insan edər?!" (MÜSAHİBƏ)

Orxan Məmmədov: "Bunu hansı ağlı başında olan insan edər?!" (MÜSAHİBƏ)


oxunma sayı: 588 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XVI turunun AZAL – “Qarabağ” (1:2) qarşılaşmasında meydan sahibləri hesabda öndə olarkən, hücumçu Sadio Tounkaranın ikinci sarı kartla (45+2 dəq.) meydandan qovulması rezonansa səbəb oldu. Bu haqda Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun fikrini öyrəndik. Qərarları narazılıq doğuran matçın baş hakimi Orxan Məmmmədov da “FutbolPress”in suallarını cavablandırdı:

- Orxan, oyundan sonra tanıdığınız media əhlinə Tounkara ilə qapıçının toqquşma epizodunun başqa rakursdan olan görüntüsünü göndərmisiz. Baxdım. Məncə, bu görüntü də ikinci “sarı”nı göstərməyinizə bəraətçün yetmir. Hücumçu qol vurmağa, qapıçı isə topu tutmağa qaçır. Orda onların toquşmaması möcüzə olardı. Axı Tounkara zərbə endirmir.
- Tounkara o epizodadək azı 3 dəfə kobud oynamışdı. Mən Emin Cəfərquliyevə neçə dəfə dedim ki, onu sakitləşdirin.

- Emin də sakitləşdirə bilmədi demək...
- Belə görünür ki, xeyr.

- İlk epizodda “sarı”nı nədən aldı?
- Ona qarşı kobud oyun olub, yerdə uzanıb, həkim çağırdım. Belədə, mən azı 3-4 metr aralıda durmalıyam. Ancaq o qışqırır ki, gəl bura, bax, nə günə qoyublar məni. O, ingiliscə danışır, mən də başa düşürəm axı, kobud sözlər işlədir. Bir dəfə dedim ki, mənim sənin yanında işim yoxdur, həkimlikdir işin. Ancaq o mənə daha kobud sözlərlə dedi ki, gəl bura, bax. Belədə ona kart verməliydim. Ümumiyyətlə isə kobud oynayırdı.

- Bu, bir hücumçudu. Sistematik qayda poztuntuları da olmayıb. Dediyiniz kobud oyun da, hardasa, sərt oyun kimi də dəyərləndirilə bilər. Yəni adamın oyun üslubu budur. “Xəzər Lənkəran”dan da elə tanımışıq. Siz bir hissənin içində bir hücumçuya iki dəfə “sarı” verməyin riskli olduğunu qəbul edirsizmi?
- Razıyam, əlbəttə, bu, kütlənin qızışması baxımından riskli qərar ola bilərdi, ancaq hakim qaydalara əsasən qərar qəbul edir. Tounkara qapıçıya xəsarət yetirmişdi.

- Qaydalarda hər xəsarət “qırmızı”ya aparan “sarı”ya səbəb olmur axı. Son xəbərdarlığınızı edə bilərdiniz ən azı...
- Dediyim kimi, mən Eminə dəfələrlə demişdim, ona başa sal, ikinci kart ala bilər, belə oynamasın. Özüm ona demirdim ki, birdən mənə cavab qaytarar, məcbur olub, yenə kart verməli olaram.

- Şehiçlə toqquşduğu epizodda Tounkaranın qayda pozuntusuna, qeyri-idmani hərəkətə yol verdiyinə qəti inanmağım gəlmir, çünki nə sizin göstərdiyiniz rekursdan, nə efirdən – heç birindən elə bir radikal toqquşma görünmür.  Xüsusən, epizoda gec reaksiya verdiniz…
- Gec reaksiya verməyimlə razıyam. Orda Şehiç yerdə qıvrılmışdı, mən həkim çağırdım, onadək vaxt getdi, sonra gəlib, Tounaraya kart verdim. Reaksiyanın gecikməyinə səbəb yalnız bu oldu.

- Səhv qərar verdiyinizlə razılaşmırsız, ancaq etiraf edirsinizmi, bir hücumçunun bir hissədə iki dəfə sarı vərəqə alması biraz anormal görünür?
- Bəli, anormal görünür. Əgər birinci epizod olmasaydı, mən sadəcə, ikincidə sarı vərəqə göstərsəydim, inanmıram insanlar belə reaksiya verərdi. Əksər media qurumları mənim qərəzli olduğumu yazır. Doğru deyil. Mənim karyeram hələ qabaqdadı, bir qərəzli qərarla gələcəyimi məhv edim?! Bunu hansı ağlı başında olan insan edər?!

- Hakim doğru qərar verirsə, özünə əmindirsə, niyə narahat olsun ki?
- Baxma da, qardaş. Hakim də insandı, onun da hissləri var.

- Hakimlərə qarşı inamsızlıq var, Orxan, məsələ bundadır.  Tounkara ilk epizodda  kobud ifadələr  işlətmişdisə, qaydalara görə birbaşa “qırmızı” düşürdü ona. Verməmisiz, düşünmüsüz ki, çox radikal qərar olar, ancaq oyunun hakimliyini, emosiyaların hakimliyini əldə saxlaya bilməmisiniz. Bəlkə də bu detallardır, kütlə içində hakimliyinizə qarşı sərt mövqe yaradan...
- Yenə deyirəm, əgər birbaşa kontakta keçsəydim, o an yenidən kobud reaksiya verə bilərdi. Belədə aranı heç nədən qızışdırmış olacaqdım və məcbur olacaqdım ki, kart verim. Ona görə Emin Cəfərquliyevə bildirdim ki, onu başa sal, belə oynamağa davam etsə, ikinci sarı vərəqəni alacaq.

- İstənilən halda, düşünürəm ki, Tounkaranın toqquşması bilərəkdən deyildi, oyun epizodu idi və kartla cəzalandırılacaq qədər radikal epizod deyildi.
- Bu, sizin fikrinizdir, nə deyə bilərəm. Oyunda qərarlar qaydalara əsasən verilir. Başqa cür mümkün də deyil.

Elçin Cəlilov


oxunma sayı: 588 | Paylaş: