Bu gün:


FutbolPress.Az | Klubların PR fəaliyyətində sosial media: Azərbaycanda vəziyyət necədir? (LAYİHƏ)

Klubların PR fəaliyyətində sosial media: Azərbaycanda vəziyyət necədir? (LAYİHƏ)


oxunma sayı: 340 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “TPL klublarının media və ictimaiyyətlə əlaqələri: PR (public relations) prinsipləri” mövzusunda araşdırmaları davam etdiririk.

Bu dəfə klubların PR fəaliyyətində sosial şəbəkələrdən necə istifadə etməsinə baxacağıq.

İnternet reklam, ictimaiyyətlə əlaqələr və marketinq menecerləri üçün hədəf kütlə ilə bir növ görüş yeri platforması rolu oynayır. Fikrin davamı olaraq, texnologiyanın az qala bütün həyatımıza daxil olduğu dövrdə sosial şəbəkələr müasir futbolun çox böyük marketinq fəaliyyət sferasına çevrilib.

Xüsusilə, feysbuk, tvitter kimi istifadəçi sayı milyonlarla ifadə olunan və hədəf kütləni birbaşa müəyyənləşdirmək imkanı verən vasitələr marketoloqların istədiyi hədəf kütlə ilə birbaşa əlaqə yaratmaq üçün idealdır. Burda interaktivliyin olduğunu da xüsusilə qeyd etmək lazımdır.
 
Sosial şəbəkələr futbol klubları üçün azakaşelərlə qarşılıqlı əlaqə saxlamaq üçün ən ideal vasitədir.
 
“Real”, “Barselona”, “Mançester Yunayted” kimi dünyanın hər yerində azarkeşi (oxu: alıcısı, müştərisi) olan klublar interneti təkcə məlumat və xəbərləri paylaşmaq üçün yox, həm də buna qədər yalnız konkret oyunlar vaxtı görüşdüyü azarkeşləri ilə hər dəqiqə bir yerdə olmaq üçün istifadə edir.
 
Sosial media sayəsində futbol klubları ilə azarkeşləri arasında bir tərəfdən emosional əlaqələr güclənirsə, digər tərəfdən, feysbuk, tvitter kimi daha məşhur şəbəkələrdə təşkil edilən PR kompaniyaları ilə kluba  ciddi fayda gətirilir.
 
Xüsusilə, uğur qazanmış klublar  yüz milyonlarla izləyicisi ilə komandanın tarixi, dəyərləri ilə yaratdığı sima və hədəf kütlənin marağını çəkəcək paylaşımlarla azarkeşlərinin az qala bütün gün ərzində klubla yaşayacağı mühit formalaşdırır.
 
Sosial şəbəkələrin ictimaiyyətlə əlaqələr, dolayısı ilə marketinq fəaliyyətlərində bu qədər effektiv  olması onları  futbol klubları ilə azarkeşləri arasında mövcud bağların daha da möhkəmlənəcəyi əvəzsiz bir mühitə çevirib. Bu, eyni zamanda klublar arasında yeni bir rəqabət sahəsini də özü ilə birgə gətirir. Hazırda dünyanın aparıcı futbol klubları sosial şəbəkə hesablarında ciddi rəqabət aparır.
 
Meydanda qalib gəlməyin yolu yaxşı idarəçilikdən keçdiyi kimi sosial şəbəkələrdəki rəqabətdən üstün çıxmaq vasitəsi də uyğun formadadır. Stadionlarda ajiotaj yaratmaq istəyən idarəçilər bunu, həm də, bir reklam yolu olaraq, əvvəlcə sosial şəbəkə hesablarında yaratmalıdır. Təbii ki, düzgün fəaliyyət təşkil etməklə. Buna qədər isə, həmin fəaliyyət sahəsinin əhəiyyətliliyinin fərqinə varmaqla.

Sosial şəbəkələrdə paylaşım müxtəlifliyi
 
Dünyanın aparıcı klublarının rəsmi sosial şəbəkə hesablarını peşəkar PR kampaniyalarının sosial media menecerləri idarə edir.
 
Bəs bu klublar nələr paylaşır?
 
-          Hər oyunla bağlı tədbir hazırlanır
-          Komandanın gündəlik fəaliyyətini əks etdirən foto/video və s. təqdim edilir
-          Futbolçular və məşqçilər korpusu ilə özəl müsahibələr paylaşılır
-          Gün ərzində klubda baş verən ən maraqlı hadisə (baş verməyibsə, hadisə yaradılır)
-          Oyun günü fotolar, oyunöncəsi statistik göstəricilər, eyni rəqiblə baş tatan əvvəlki qarşılaşmalardan maraqlı anlar, azarkeşi həvəsləndirə biləcək hər cür fakt
-          Bəzən azarkeşlərdən hansısa birinin klubla yaşadığı maraqlı bir gün, an
-          Tribunada azarkeşin komandaya bağlılığını göstərən təsiredici üz ifadəsi
-          Müxtəlif ölkələrdən olan azarkeşlər üçün bir çox dillərdə mesajlar
-          Və s.
 
Hər paylaşıma gələn şərhlərə azarkeşin vacibliyini hiss etdirəcək cavablar verilməsi də olduqca əhəmiyyətlidir.
 
Bütün bunlardan sonra komandanın rəsmi məhsullarının təqdimi, reklamı da ciddi maraqla qarşılanır. Təkcə bu da deyil. Azarkeşlə klub arasındakı bağları möhkəmləndirən sosial şəbəkə fəaliyyətləri nəticədə tribunalardakı boşluğun da aradan qaldırılmasına səbəb olur.
 
Mobil tətbiqlər
 
Sosial şəbəkələrdən əlavə azarkeşlərlə klub arasındakı daimi ünsiyyətin saxlanmasında buna çox yaxın olan mobil tətbiqlərin də əhəmiyyəti böyükdür. Aparıcı futbol klubları çoxdan həmin tətbiqləri yaradıblar və azarkeşlərin istifadəsinə təqdim ediblər. Bunlarda klubların sosial şəbəkələrdə paylaşdığı hər şey istifadəçinin birbaşa telefonuna göndərilir. Tətbiq bir növ azarkeşi klubla maraqlanmağa məcbur edir.
 



Azərbaycan klublarının sosial şəbəkə fəaliyyəti
 
“Qarabağ”, “Qəbələ” və “Neftçi
 
“Qarabağ”ın feysbuk səhifəsində əsasən rəsmi saytda yer alan məlumatlar yer verilir. Maraqlı, xüsusi nəsə tapmaq çətindir. Tvitterdə də vəziyyət oxşardır.
 
Komandanın yutub hesabı da fəaliyyət göstərir. Avrokubok oyunlarının promo videoları, çempionat və kubok matçlarının icmalları və yekun videolarından başqa nəsə tapmaq müşküldür.
 
“Qarabağ”ın digər klublardan əsas üstünlüyü ağıllı telefonlar üçün tətbiqetməsinin olmasıdır. Tətbiqin keyfiyyəti də yüksəkdir.
 
“Qəbələ”nin rəsmi feysbuk, tvitter, yutub hesabları var. Aktivlik daha çox feysbuk hesabında müşahidə olunur. Burda da əsasən xəbərlər paylaşılır.
 
Bəzən komandanın oyunları ilə bağlı sorğular keçirilir və qaliblərə klubun forması, şərfi və s. hədiyyə olunur. Çox işlənmiş, ancaq uğurlu ideyadır.
 
Komandanın sosial şəbəkə fəaliyyətində təəccübləndirici bir şey tapmaq çətindir. Xüsusilə tvitterə biganə yanaşılır.
 
“Neftçi”nin əsas fərqi tvitter hesabına ciddi yanaşılmasıdır. Feybukda da kifayət qədər aktivliyin müşahidə olunduğu klubun yububda komandanın hər oyunundan sonra futbolçulardan açıqlamalarını və oyunların geniş icmalının tez zamanda yerləşdirilməsi üstünlüyüdür.

"Neftçi"nin telefonlar üçün "Neftçi TV" tətbiqi mövcuddur.

 
“İnter” və “Sumqayıt”
 
Hər iki klubun ölkədə məşhur sosial şəbkələrin hamısında hesabları mövcuddur. “Sumqayıt” daha vizual görünür. “İnter”də də bəzən maraqlı paylaşımlar müşahidə edilir.
 
“Zirə” və “Kəpəz” 
 
Bu klubları tvitterdə tapa bilmədik. Feysbukdakı işi də uğurlu adlandırmaq olmaz.
 
AZAL isə Premyer Liqada olduğu kimi sosial şəbəkələrdən faydalanma baxımından da autsayderdir.
 

Qısa araşdırmamız göstərdi ki, istər ölkənin daha tanınmış və güclü klubları olsun, istərsə, nisbtən zəif komandalar – hər hansı birinin ictimaiyyətlə əlaqələr sahəsində sosial şəbəkələrin əhəmiyyətini tam anlamıyla dərk etdiyini demək çətindir. Təbii ki, burda müyyən fərqlərin olduğu aydın məsələdir. “Qəbələ”nin, yaxud “Neftçi”nin sosial media fəaliyyətini AZAL-la eyni tərəziyə qoymaq düzgün olmaz. Ancaq bu da həmin klubların lokal üstünlüyüdür.

Dünya təcrübəsi isə göstərir ki, PR fəaliyyətində sosial şəbəkələr olduqca əhəmiyyətlidir, marketinqdə sosial şəbəkələr olduqca əhəmiyyətlidir. Deməli, Azərbaycan klublarının da bu məsələyə diqqət yetirmələri vacibdir. Təbii ki, onlar qarşılarına məqsəd kimi peşəkar olmağı, güclü azarkeş dəstəyinə sahib olmağı, marketinq fəaliyyəti göstərməyi və bütün bunların nəticəsində futboldan ciddi pullar qazanmağı qoyublarsa...

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi  çərçivəsində hazırlanıb.




oxunma sayı: 340 | Paylaş: