Bu gün:


FutbolPress.Az | 14 oyun, 24 futbolçu, 30 qol

14 oyun, 24 futbolçu, 30 qol


oxunma sayı: 289 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. İlk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə 2-ci pillədə yollanıb.

Keçirdiyi 14 qarşılaşmada 9 qələbə qazanıb, 4 heç-heçə edən “qırmızı-qaralar” yalnız 1 dəfə məğlub olub. İlk oyununu avqustun 8-də keçirib, 132 günlük mübarizədən sonra hesabında 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:

- “Qəbələ” ilk yarıda ən çox qol vuran komandadır – 30 top. Komandanın orta məhsuldarlığı 2,14-dür.
- 14 matçda 7 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 2-cidir. Komanda hər oyunda orta hesabla 0,50 qola üzülüb.
- Öz meydanında daha çox – 8 matç keçirən “Qəbələ” hamıdan çox 22 xal toplayıb.
- Evdə uduzmayan 4 komandadan biri olan “qırmızı-qaralar” 7 qələbə qazanıb, 1 heç-heçə edib, 16 top vurub, 2-ni buraxıb.
- 6 səfər matçında 9 xal toplayan “Qəbələ” 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzub.
- “Qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 14 top. Ən az – 5 qol buraxan 3 komandadan biri olan “Qəbələ”, səfərdə ən az – 1 məğlubiyyət alan 2 klubdan biridir.
- “Qəbələ” 14 oyundan yalnız ikisində qol vura bilməyib. Hər iki matç 0:0 hesabı ilə başa çatıb.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:0 - 4 dəfə, 2:1 və 0:0 – hərəsi 2 dəfə, 4:1, 3:0, 8:0, 1:0, 1:1 və 2:2 - hərəsi 1 dəfə.
- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 3 böyükhesablı qələbə qazanıb.

- “Neftçi” üzərindəki 8:0 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- Yeganə het-trik Baqali Dabonun hesabındadır. O, “Neftçi” ilə görüşdə 3 dəfə fərqlənib.
- “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb. Baqali Dabo, Ruslan Qurbanov, Sergey Zenyov və Teo Uiks 1 matçda 2 dəfə fərqləniblər.
- Filip Ozobiç son 3 turda meydanı qolsuz tərk etməyib. Bu, futbolçular arasında komandanın mövsümdəki ən qollu seriyasıdır.
- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 4 kapitan çıxarıb. Rəşad Sadiqov 9, Dmitri Bezotosnı və Asif Məmmədov hərəyə 2, Rafael Santos 1 dəfə meydana kapitan sarğısında çıxıb.

- “Qəbələ”nin 14 matçını 7 hakim idarə edib. Rəhim Həsənov 4, Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarov və Rəvan Həmzəzadə hərəyə 2, Fariz Yusifovla Ömər Paşayev isə hərəyə 1 dəfə komandanın matçında fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- I hissədə qol buraxmayan “Qəbələ” 7 topun hamısını fasilədən sonra qapısında görüb.
- “Qırmızı-qaralar” 8 ev oyunundan ikisini “Dalğa Arena”, altısını Qəbələ şəhər stadionunda keçirib.
- Komandanın 8 ev matçını 9600 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1200 seyrçi olub.
- Qəbələdəki 6 oyunda 8800 izləyici olub. Bu qarşılaşmalarda orta göstərici 1633-dir.
- “Qarabağ”la ev oyununu daha çox – 3000, Bakıdakı iki oyunu saymasaq, “Zirə” ilə matçı ən az – 500 tamaşaçı izləyib. Paytaxtdakı görüşlərdə isə “İnter”lə matçı 500, “Kəpəz”lə oyunu isə cəmi 300 nəfər seyr edib.



- İlk iki dövrədə “Qəbələ”nin formasını 24 futbolçu geyinib.
- İki oyunçu – Dmitri Bezotosnı və Filip Ozobiç çempionatın bütün qarşılaşmalarına iştirak edib.
- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.
- 24 futbolçudan 13-ü oyunların yarıdan çoxunda – 8 və daha çox matçda iştirak edib.
- Bir oyunçu isə cəmi 1 dəfə meydana çıxıb.

- “Qəbələ”nin ən yaxşı bombardirləri Filip Ozobiçlə Baqali Dabodur. Hərəyə 7 qol vuran futbolçular Premyer Liqada da ən məhsuldar oyunçulardır.
- Ümumilikdə “qırmızı-qaralar”ın 10 futbolçusu qol sevinci yaşayıb.
- Ruslan Qurbanov 4, Sergey Zenyov 3, Rəşad Eyubovla Teo Uiks hərəyə 2, Asif Məmmədov, Vitali Vernidub, Tellur Mütəllimov və Roman Hüseynov hərəyə 1 qol vurublar.

- “Qəbələ” ilə oyunda “Neftçi”nin müdafiəçisi Jairo Rodriges öz qapısına qol vurub.
- Komandanın qapısına 3 penalti təyin olunub. Dmirti Bezotosnı hər üç zərbəni qapısından buraxıb.
- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Filip Ozobiç və Ruslan Qurbanov dəqiq olubsa, Nika Kvekveskirinin zərbəsi qolla nəticələnməyib.
- Mövsümün arxada qalan hissəsində futbolçular 33 vərəqə alıb. Bunlardan 30-u sarı, 2-si qırmızıya çevrilən sarı, 1-i isə qırmızı vərəqədir.

- Meydandan kənarlaşdırılan yeganə oyunçu Sadiq Quliyev olub.
- Digər 30 vərəqə 14 futbolçuya göstərilib. Vojislav Stankoviç, Rafael Santos və Ürfan Abbasov hamıdan çox – hərəyə 4 xəbərdarlıq alıb.
- 14 matçdan yalnız 5-də qol buraxan Dmitri Bezotosnı 9 “quru” oyun keçirib. Bu, mövsümün rekordudur.
- Ötən mövsümdən başlayan quru seriyasını cari çempionatda da davam etdirən Dmitri Bezotosnı ardıcıl 9 oyun və ya 915 dəqiqə qol buraxmayıb.
(klub saytı)


oxunma sayı: 289 | Paylaş: