Bu gün:


FutbolPress.Az | "Komissiyadan dedilər ki, səndən şübhələnmirik, bizə köməyin lazımdı" (MÜSAHİBƏ)

"Komissiyadan dedilər ki, səndən şübhələnmirik, bizə köməyin lazımdı" (MÜSAHİBƏ)


oxunma sayı: 550 Paylaş:

FutbolPress“Rəvan”ın müdafiəçisi, adı AFFA və PFL tərəfindən aparılan araşdırmalarda şübhəli kimi qeyd olunan Elvin Əliyevin müsahibəsi
 
- Bu günlərdə AFFA ikinci dəfə danışılmış oyunlarla bağlı siyahı açıqladı. İlk siyahıda yer alanlardan 15-i günahsız elan olunsa da, sən də daxil olmaqla 9 nəfərin adı şübhəli qismində qaldı...
- Bizi AFFA-ya çağırdılar. İradımı bildirdim ki, əsassız olaraq bizim adımızı hallandırıblar. Onlarsa etdiklərinə bəraət qazandırdılar ki, UEFA-dan siyahı gəlib və orada “Rəvan”ın adı yer alıb. Siyahı UEFA-dan gəlibsə, araşdırsınlar. Amma belə yox da. Əvvəlcə hər şeyi araşdırarlar, kiminsə günahı varsa, o zaman adını ictimaiyyətə açıqlayarlar. Komissiyadan dedilər ki, səndən şübhələnmirik, bizə köməyin lazımdı.

- Belə kömək olar?
- Mən də onu dedim. Belə çıxır ki, gəncləri sual-cavab ediblər, bir şey çıxmayıb. İndi onlara kömək etməyimizi istəyirlər.

- Onlara cavabın nə oldu?
- Bildirdim ki, sizin yanınızda böyümüşəm. Çoxunuz məni yaxından tanıyırsız. Heç vaxt danışılmış oyunlarda iştirak etməmişəm. Kömək lazımdırsa edərəm. Amma bunun üçün nəyə görə şübhəli qismində bilinməliyəm?

- Hesab edirəm ki, AFFA-nın bu araşdırması sadəcə gözdən pərdə asmağa hesablanıb. Məsələn, “Şahdağ”ın futbolçusu Uce Cukunyere Azərbaycanı çoxdan tərk edib. Amma AFFA onun adını şübhəli kimi qeyd edir...
- Adam deməyə söz tapmır. Mənim anlamadığım odur ki, şübhəli qismində 5-6 futboçunun adı yer alıb. Düzdür?

- 8 nəfər.
- Ay sağ ol. Bu 8 nəfər bütöv bir çempionatı idarə edə bilər? Çempionatda 14 komanda oynayır. Hərəsində 20 futbolçudan saysaq, edir 280 nəfər. Bu halda cəmi 7-8 nəfərin çempionatda oyun alqı-satqısına nəzarət etməsi qeyri-mümkündür. Belə çıxır ki, “Rəvan” özü-özü ilə oyunları alıb-satıb?

- Məncə də bu, 7-8 nəfərin görə biləcəyi iş deyil...
- Qardaş, sağımda 17 yaşlı futbolçu oynayır. Solda isə 20 yaşlı oyunçu. “Rəvan” zəifdir. Heyətin əsasını gənclər təşkil edir. Təcrübəlilər yalnız mən və Cəmşid Məhərrəmovdur. Fiziki cəhətdən çox zəifik. Çünki başqaları oyundan oyuna qədər ən azı 5, 6 dəfə məşq edir. Biz isə maksimum 2 dəfə komanda şəklində çıxış edirik.

- Bu, maddi problemlərdən qaynaqlanır?
- Təbii ki. Çempionat başlayandan cəmi 3 dəfə, hərəsində 50 manat olmaqla pul almışıq. Uşaqlar məşqə gəlib-gedə bilmirlər. Məşqlərimiz Bakıxanovda olur. Uşaqların isə biri Sumqayıtda, biri Buzovnada qalır. Gəlib-getmək üçün yol pulu ata bilmirlər. Rayonlara oyun günü gedirik. Matçın başlamasına 45 dəqiqə qalmış çatırıq. Şorla, yağla başımızı qatırıq. Bilinmir kim acdı, kim tox. Belədə futbolçu çıxıb necə nəticə qazana bilər?

- Bayaq belə bir fikir səsləndirdin ki, komissiya üzvlərinə “məni tanıyırsız, sizin yanınızda böyümüşəm” demisən. Yəni, orada yer alanlar sabiq məşqçilərindir...
- Ad açıqlamağa ixtiyarım yoxdu. Bir daha deyirəm ki, heç vaxt danışılmış oyunlarda iştirak etməmişəm. Mən özüm də bu şübhənin üstümdən götürülməsini, çirkin oyunlarla məşğul olanların cəzalanmasını istəyirəm.

- Atan Füzuli Əliyev də “Rəvan”da çalışır. Onun bu baş verənlərə münasibəti necədir?
- AFFA-dakı iclasa atam da qatılmışdı. Dediyiniz kimi, o özü də “Rəvan”da çalışır, klubun Müşahidə Şurasında təmsil olunur. Komissiya qeyd etdi ki, futbolçularla bağlı məsələ bitdikdən sonra sıra klub rəsmiləri, məşqçilərə çatacaq. Bir daha deyirəm ki, biz heç vaxt oyun alqı-satqısında iştirak etməmişik. Oyun zamanı olan səhvlər, çatışmazlıqlar yalnız fiziki hazırlığın zəif olmasından irəli gəlir.

Söhbətləşdi: Elmar Vəliyev
(Futbolxeber.az)



oxunma sayı: 550 | Paylaş: