Bu gün:


FutbolPress.Az | “Qəbələ”nin Prezentasiyası (LAYİHƏ)

“Qəbələ”nin Prezentasiyası (LAYİHƏ)


oxunma sayı: 793 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi ilk layihə müsabiqəsində “FutbolPress” “İstənilən mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə "TPL klublarının media və ictimaiyyətlə əlaqələri" mövzusunda qalib elan edilmişdi. İkinci dəfə eyni istiqamətdə layihəni icra edən saytımız bu dəfə "Qəbələ" İk-nın media işini ictimaiyyətə təqdim edir.

Təməli 2005-ci ildə qoyulan “Qəbələ” Futbol Klubu yarandığı gündən media və marketinq sahəsinə xüsusi diqqət ayırıb və bu sahədə daim yeniliklər etmək istiqamətində işlər görüb, müxtəlif layihələr həyata keçirib. Klubumuzun 2013-cü ildən etibarən idman klubu kimi fəaliyyət göstərməsi bu mənada gördüyümüz işlərin miqyasını daha da genişləndirib.

Mətbuat xidmətinin əsas məqsədi və klubun rəsmi internet səhifəsi

“Qəbələ” İdman Klubunun mətbuat xidməti olaraq əsas məqsədimiz media ilə klub arasında sağlam münasibətlərin qurulması, kütləvi informasiya vasitələrinə klub haqda məlumatların operativ şəkildə çatdırılmasıdır. Mətbuat xidmətimiz komandamızın və digər idman növləri üzrə idmançılarımızın həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə iştirakı zamanı jurnalistlərin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün şəraitin yaradılması işini də uğurla davam etdirir.

Rəsmi internet səhifəmiz (gabalafc.az, gabalasc.az) klubumuzun yarandığı ildən fəaliyyət göstərir. Texnoloji inkişafa və klubumuzun böyüməsinə uyğun olaraq saytımız da 3 dəfə yenilənib. Hər dəfə daha da müasirləşən saytımızda “Qəbələ”nin əsas və əvəzedici komandaları, “Qəbələ” Futbol Akademiyasının müxtəlif yaş qrupları və digər idman növləri (boks, cüdo, karate, taekvondo, mma) haqda məlumatlar əldə etmək mümkündür. Bundan əlavə klubumuzla bağlı müxtəlif foto və videoreportajlar saytımız vasitəsilə ictimaiyyətə təqdim olunur.

“Qəbələ” TV

2010-cu ildən fəaliyyət göstərən “Qəbələ” TV "Youtube" (youtube.com/GabalaSC) vasitəsilə tamaşaçılara müxtəlif səpkili videomateriallar təqdim edir. Kanalımızda əsas və əvəzedici komandalarımızın oyunlarından sujetlər, geniş icmallar, futbolçularla müsahibələr, həmçinin akademiya komandaları və digər idman növləri ilə bağlı videomateriallar tamaşaçılara təqdim olunur. Bundan əlavə televizaya vasitəsilə yayımlanmayan matçlar kanalımız vasitəsilə canlı tamaşaçılara təqdim edilir. Yaxın gələcəkdə fəaliyyətimizin daha da genişləndirilməsi gözlənilir.


Sosial şəbəkələrdəki fəaliyyət

Mətbuat xidməti olaraq klubumuzun sosial şəbəkələrdəki fəaliyyətinə xüsusi diqqət ayırırıq. Bu mənada “Qəbələ” İdman Klubunun rəsmi hesabları öz aktivliyi ilə seçilir. Sosial məkanda klubumuzun adına açılan və açıla biləcək bütün səhifə və hesabları nəzərə alaraq, Facebook, Twitter və Instagram hesablarımızı təsdiqlətmişik (verified). Bu da izləyicilərimizin klubun rəsmi hesablarını rahatlıqla tapmasının və etibarlı məlumatlar əldə etməsinin təminatıdır.

Hazırda Facebook səhifəmizdə 124 mindən artıq izləyicimiz var. Bu say Instagramda 9 minə yaxındır. Twitterin ölkəmizdə o qədər də populyar olmamasına görə bu sosial məkanda cəmi 1000-ə yaxın izləyicimiz var.

Sosial şəbəkələrdə daha da inkişaf etmək məqsədilə bir sıra türk və Avropa klubları, həmçinin UEFA-nın media və marketinq departamenti ilə fikir mübadilələri aparırıq.

Facebook səhifəmizdə üzvlərimizin aktivliyinin artırılması üçün bir sıra müsabiqələr təşkil olunur.

Klub olaraq azarkeş sayını və effektivliyini artırmaq üçün xüsusən məktəblilər arasında təbliğat işləri aparırıq. Bu addım yaxın tarixdən ziyadə gələcəyə hesablanmış addımdır. Xüsusən son iki ildə Avropa Liqasında komandamızın göstərdiyi idman uğurları məktəblilərin yaddaşında xüsusi yer etməsi üçün bəzi planlarımız var. Bunlar arasında ilk dəfə Avro Liqanın qrup mərhələsinə çıxmağımızla bağlı sənədli filmin hazrılanaraq məktəblərdə göstərilməsi və bu uğurları anlatan şəkillərin məktəbli dəftərlərinin üzərində çap edilməsi var.

2016 cı ildə Qəbələ rayonunda təhsil alan 17 min şagirdin hər birinə məktəb ləvazimatlarından ibarət dəst hazırlanıb və hədiyyə edilib. Şagirdlərlə futbolçularımızın görüşü təşkil edilib. Bu dəstin hər birində klubumuzun loqosu və uğurları əks edilib. Bundan başqa il ərzində rayonun ağsaqqal, ziyalı və veteran futbolçuları ilə görüşlər keçirilib. Bu şəxslərlə daimi koordinasiya yaradacaq struktur formalaşır. Növbəti addım isə rayonda fəaliyyət göstərən böyük müəsisələrin əməkdaşları ilə futbolçuların görüşlərini təşkil etməkdir.

Əslində, bütün sadaladıqlarımız azarkeşlə klubun yaxınlaşmağına hesablanmış addımlardır. Elə bir dövrdə yaşayırıq ki, istınilən evdə bir düyməyə toxunaraq böyük futbol ölklərinin çempionatlarını izləmək mümkündür. Buna görə bizim kimi, klubların yaşamağı, azarkeş baxımından ayaqda qalmağı azarkeşi ilə yaxın ünsiyyət qurmaqdan keçir.


“FutbolPress” və “Qəbələ” İK-nın mətbuat xidmətinin birgə məqaləsi

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb





oxunma sayı: 793 | Paylaş: