')

Bu gün:


FutbolPress.Az | Tahir Süleymanov: "Bu, hakimlik adına biabırçılıqdır" (MÜSAHİBƏ)

Tahir Süleymanov: "Bu, hakimlik adına biabırçılıqdır" (MÜSAHİBƏ)


oxunma sayı: 1004 Paylaş:

FutbolPressSabiq FIFA referisi Tahir Süleymanovun "Futbolpress"ə müsahibəsi

- Dünən baş tutan "Qarabağ" - "Qəbələ" oyunu söz-söhbətə səbəb oldu. Xüsusilə matçın baş hakimi Rəhim Həsənovun idarəçiliyi mübahisə doğurdu. Hakimliklə bağlı nə deyə bilərsiz?
- Bəli, iki gündür ki, "Qarabağ" - "Qəbələ" oyununun hakim idarəçiliyi futbol ictimaiyyətində müzakirə edilir. Müxtəlif fikirlər səsləndirilir. Hər bir şəxsin subyektiv fikiri ola bilər. FIFA-nın oyun qaydaları isə birdir. Əllə oyun hər zaman mübahisə predmeti olub. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Əvvəlcə onu deyim ki, bir tura eyni hakim iki təyinat alırsa, ondan keyfiyyətli idarəçilik gözləməyə dəyməz. Hakim fiziki, psixoloji baxımdan oyuna tam hazır olmalıdır. Bir turda iki oyun idarə etməklə idarəçilik keyfiyyəti aşağı düşür. Bu oyunda da fikir verdinizsə, hakim səhvləri görüşün sonlarında baş verdi. Bu da digər faktorlarla yanaşı yorğunluğun nəticəsidir. 

- "Qəbələ" tərəfi penalti epizoduna etirazını bildirir. Sizcə, orda penalti verilməli idimi?
- FİFA-nın konkret tövsiyələri var. Həmin epizodda top "Qəbələ"nin futbolçusunun əvvəlcə sifətinə dəydi və qısa məsafədən təbii hərəkətdə olan əlinə toxundu. Əl başdan yuxarı qaldırılmış vəziyyətdə deyildi. Futbolçu üzünə dəyən zərbədən sonra, ümumiyyətlə, topun istiqamətini belə görmədi. Əlini yayındırmaq imkanı da yox idi. Belə epizodlarda penalti təyin etmək doğru deyil.

- Oyunun vaxtının həddən artıq uzadılması barədə nə düşünürsünüz? Hakim necə etsə, daha doğru olardı?
- İdarəçiliyin pik nöqtəsi hakimin əlavə vaxtın aşırı dərəcədə uzatması və qoldan sonra çaşqın durumda final fitini səsləndirməsi oldu. Hakim psixoloji olaraq oyuna nəzarəti əlində saxlamalı, görüşün axarını düzgün qiymətləndirməyi bacarmalıdır. Rəhim Həsənov Almeydaya qırmızı göstərdikdən sonra komandalar qarşılıqlı top itkisinə yol verdilər. Həmin anda artıq final fitini səsləndirmək lazım idi. Ən doğrusu bu olardı. Belə olacağı halda penalti epizodu da bu qədər qabarmazdı. Ən pis halda səhv kimi qəbul olunacaqdı. Oyunun davam etdirilməsi və 97-98-ci dəqiqədə qolun vurulmasından sonra ara qarışdıqda hakimin özünü itirməsi, qaydaları doğru tədbiq edə bilməməsi şübhələrə yol açdı. Bu şəraiti yaradan hakimlər briqadası oldu. Kənar şəxslər meydanda ola-ola final fitinin səsləndirilməsi, qırmızı vərəqə alan Almeydanın meydana girməsi hakimlik adına biabırçılıqdır. Qeyd edim ki, meydanda sıravi hakimlər yox, FIFA referiləri idi...

- Əgər FIFA referiləri də belə edirsə... Bəlkə bu ada layiq, ya da hazır deyillər?
- Bir az əvvəl də dedim, bir daha vurğulayıram, hakimlərin eyni turda iki təyinat alması doğru deyil. Belə olduqda yuxarıda qeyd etdiyim faktorlara yanaşı onlarda arxayınlıq da yaranır. Rəqabət olmayan yerdə isə inkişaf ola bilməz.

- "Qəbələ" tərəfi dünən, bu gün sistematik şəkildə baş verənlərin artıq səhv yox, qərəz olduğunu bildirir. Uzun müddət futbolun içində olan biri kimi bunun qərəz ola biləcəyini düşünürsüzmü?
- Ümumi futbolu nəzərə alsaq, "şuralaşmaya yox" deyən klublar təzyiq altındadılar və onların uğuru bir çoxlarına sərf etmir. "Bakı", "Xəzər Lənkəran" klublarına, bu haqsızlığı görən "Qəbələ" də hər an qoşula bilər. Bəllidir ki, bu iki klub mənasız şuralaşmaya getmədi. Baxmayaraq ki, AFFA İcraiyyə Komitəsinin qəti qərarı var idi. Hətta buna əməl etməyən klublara ciddi cəzanalacaqları barədə xəbərdarlıq da edilirdi. Sonda isə şuralaşmaya gedən klubların fonunda "Qarabağ" və "Qəbələ" uğurlarını davam etdirdi. Doğru yolda olduqlarını sübuta yetirdilər. Təbii, belə durum ideoloqlara sərf etmir, onların məğlubiyyəti deməkdir. Bu klubların təzyiq altında qalması üçün istənilən addım atıla bilər.

Faiq Tahirov



oxunma sayı: 1004 | Paylaş:




?>