Bu gün:


FutbolPress.Az | Zaur Əzizov: "Uğurumuzu sanki hansısa qüvvələr istəmir" (MÜSAHİBƏ)

Zaur Əzizov: "Uğurumuzu sanki hansısa qüvvələr istəmir" (MÜSAHİBƏ)


oxunma sayı: 702 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XIII turunda "Qəbələ" səfərdə çempionluq uğrunda əsas rəqibi "Qarabağ"a məğlub oldu - 1:2. Oyundan sonra qonaq komanda rəsmiləri və futbolçular matçın baş hakimi Rəhim Həsənovu verdiyi qərarlara görə ittiham etməyə başladı. "Qəbələ" tərəfi hakim qərarlarının artıq səhvdən çox qərəz olduğunu iddia edir.

Bu məsələ ilə bağlı klubun baş meneceri Zaur Əzizov "FutbolPress"in suallarını cavablandırdı.

- Zaur bәy, deyirsiniz, "Qәbәlә"yә qarşı sәhvlәr sistematik hal alıb. Bu Rәhim Hәsәnov, digәr hakimlәr vә Hakimlәr Komitәsiylә çevrәlәnir, yoxsa...
- Hər birinə aiddir. Dünənki oyunun təşkilində kimlər iştirak edibsə, hamısına. Bura Hakimlər Komitəsi də, Peşəkar Futbol Liqası da daxildir. Düşünürəm ki, Azərbaycan futbolunu idarə edən hər kəsin bunda marağı və günahı var. "Qəbələ"yə qarşı ilk belə hal deyil. Əvvəllər də oxşar hadisələrlə üzləşmişik. Baş verənlər artıq səhv deyil, qərəzdir. Uğurumuzu sanki hansısa qüvvələr istəmir, mane olmağa çalışır. Bizim də səbrimizin bir həddi var. Dünənki oyunda səbr kasamız daşdı. Bundan əvvəl də "Qəbələ"yə badalaq vurmaq məqsədiylə qərarlar verilib. Dəfələrlə demişik ki, biz klub olaraq Azərbaycan futboluna xeyir verməyə çalışırıq. Fəaliyyətimiz ölkə futboluna nəticələr gətirir. Bunlar klub üçün də, xalqımız üçün də böyük uğurlardır. Əgər komandamız güclüdürsə, qoy güclü olan qalib gəlsin. Bunun nəyi pisdir ki?! Niyə keçən il də, bu ildə çempionata hansısa müdaxilələr edildi, "Qəbələ"yə qarşı bilərəkdən ardıcıl hakim səhvlərinə yol verildi? Bu səhvlər komandanın nəticəsi ilə yanaşı, futbolçuların psixologiyasına da ciddi təsir edir. Psixoloji cəhətdən toparlana bilməməyin nəticəsində komandamız ardıcıl xallar itirir.

- Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- "Qəbələ" hansı prinsiplə, siyasətlə başlayıbsa, o cür də davam edəcək. Hesab edirik ki, tutduğumuz yol doğrudur. Sadəcə buna süni əngəllər törətməyə çalışmasınlar. Niyə başqa klublara qarşı yox, məhz "Qəbələ"yə qarşı hakim səhvləri çox olur?! Bu, təkcə klub rəhbərliyini, azarkeşlərimizi yox, Azərbaycan futbolunun idarəçilərini, bu işə qiymət verənləri də narahat etməlidir. Sanki onlar hamısı eyni fikirdədilər, səhv qərar verənlərin hər biri doğrudur, "Qəbələ" tərəfi isə yanlış. Biz ədalətli münasibət tələb edirik. Bu təmin olunarsa, kim güclüdürsə, o da çempion olacaq. Qalib olmağa hansı komandanın daha çox layiq olduğu yalnız belə məlum olar.


oxunma sayı: 702 | Paylaş: