Bu gün:


FutbolPress.Az | Adı alırıq, yoxsa dadı alırıq... (YAZI)

Adı alırıq, yoxsa dadı alırıq... (YAZI)


oxunma sayı: 468 Paylaş:

FutbolPressRonaldinyonun Bakıya gəlişi özü boyda – dahi bir hadisədi.
Bəs bu gəlişə futbol prosesi demək olar?

Sualı müzakirə edək.

Ronaldinyonun Azərbaycana gəlişi haqda dünən yayılan xəbərdən sonra əsas suallardan biri, “Niyə gəlib” oldu. Bu gün məlum oldu ki, dəvətçi “Qəbələ” klubudu.

Bakı Olimpiya Stadionunun (BOS) mətbuat katibi Cəmilə Sultanovanın “facebook”da bildiriş yazıb, qonağın məhz bu məkanda konfrans keçirəcəyini açıqlamasından  sonra ilk yaranan sual bu oldu – nə əcəb BOS?

Dəvətçi “Qəbələ”disə, onların konfrans keçirməyə kifayət qədər zalları, imkanları var. Məlum oldu ki, klubu əsas işçi qüvvəsi Fransada, “Sent Etyen” səfərindədir. Güman ki, bu üzdən konfransın təşkili üçün AFFA-dan kömək istənib, BOS versiyası da burdan ortaya çıxıb. Həm də konfransdan başqa akademiyanın komandaları açıq məşq keçəcəkdilər. Kompleks tədbiri təşkil etməkçün məkan baxımından ən uğurlu yer BOS olacaqdı ki, bu da baş vermişdi.

Mətbuat konfransında baş günün qəhrəmanından başqa  media önünə çıxanlar: “Qəbələ” İK-nın prezidenti Tale Heydərov, akademiyanın direktoru Nail Kərimov və AFFA-nın baş katibi Elxan Məmmədov idi.

Ronaldinyo Bakıya gəlişinin məqsədini belə açdı: “Akademiya məsələsinə görə gəlmişəm”.

Akademiyanın detalları barədə Tale Heydərova sual verildi və cavabından məlum oldu ki, hələ nə akademiyanın harda olacağı məlumdu, nə fəaliyyət planı, nə də prinsipləri...

Bir az çaşqınlıq yaranır, yox?

Bir az yox, xeyli...

Siz Ronaldinyonu dəvət edirsiz, “Ronaldinyo Futbol Akademiyası” brendini alırsız, güman ki, bu işə az məbləğ məsrəf etməmisiz. Ancaq tədbir və danışılanlar göstərdi ki, bu işlər tələsik olub. Yəni sizin məkan, zaman anlayışlarına aydınlıq gətirməyiniz lazımdır əvvəlcə. Akademiyanın harda və haçan yaradılacağı məlum deyilsə, bu suala cavabınız netləşməyibsə, əcəba Ronaldinyonu bu məqamda gətirmək nəyə gərək idi?

Həm də “Qəbələ”nin “Sent Etyen”lə səfərdə Avropa Liqası matçına çıxdığı gün...

Cənablar, sizi tələsdirənin adını bilmək olar?

Heydərov sualların birində dedi ki, AFFA ilə bu barədə danışıqlarımız olub, onlar da bizə dəstək verəcəklər. Ancaq hansı dəstək? Detallar məlumdu? Heç  xırda məqam da bildirilmədi. Həmçinin Elxan Məmmədovun bu haqda deyəcəyi nəyisə yox kimi göründü. Olsaydı, ən azı danışardı...

Yenə sual yaranır. Ronaldinyonun məhz bu ərəfədə Bakıya dəvət edilməsi nəyə lazım idi?

Hələ ki populizm sözü daha uyğun təyinat olardı. Ancaq akademiya məsələlərində “Qəbələ”nin təcrübəsi və ciddiyyəti bizi onları qınamağa, hətta lağlağılıq bir mövzuya düçar eləməyə qoymur.

İstərdik ki, tezliklə açıq qalan məqamlara aydılıq gəlsin.

Ronaldinyo bura ŞƏKİL ÇƏKDİRİLMƏYƏ çağırılmışdı, yoxsa...

Təbii ki, konfransdan sonra və ya əvvəl BOS-da yaşanan şəkilləşmələr nəzərdə tutulmur.  Məsələ daha incə məqamdadı.

Ronaldo bura əyləncə üçün gətirilmişdi, yainki ciddi proje məqsədiylə - aydınlaşdırmaq mümkünsüz oldu.

Elçin Cəlilov


oxunma sayı: 468 | Paylaş: