Bu gün:


FutbolPress.Az | Yubilyarın “B” planı” (QEYD)

Yubilyarın “B” planı” (QEYD)


oxunma sayı: 620 Paylaş:

FutbolPressAzərbaycan elində İsgəndər adlı bir oğlan dünyaya gəlib, sonra futbola gedəcəkdi. İllər onu yoğurub məharətli bir oyunçuya çevirəcəkdi.

Çox keçməzdi ki, SSRİ-də məşhurlaşacaq, ecazkar oyunu, əsrarəngiz qollarıyla böyük ada çevriləcəkdi – İsgəndər Cavadov!

Sonra ona xahiş edəcəkdilər ki, bəsdi Moskva, gəl, vətəndə oyna. Naz edəcəkdi. Nazını almaq üçün çoxlu imtiyazlar vəd edəcəkdik. Yaxınlarına yaxşı iş, özünə ev-mev, müxtəlif imkanlar və s.

Belə bir minnətlə yurduna qayıdıb “Neftyanik”çün top qovacaqdı bizim İsgəndər.

***               ***               ***

İllər keçər, zaman dəyişər, bir gün onun da futbolçu ömrü sonlanacaqdı.

Sonra futbolçu cazibəsinin gizlətdiyi natarazlıqlarını daha aydın görəcəkdi(k)lər.

Sonra bu natarazlıqlar, mənfəətbazlıq çoxunu bezdirəcəkdi, iyrəndirəcəkdi. Sonra bu haqda susmaqdan bezib bu mövzuda tək-tük yazanlar tapılacaqdı.

Sonra, “Əşi, İsgəndər Cavadov dahi futbolçu olub ee, bunu bilsəydiniz...” deyənlər yazanlara qarşı üsyan edəcəkdi.

Sonra Cavadovun 60 yaşı olacaqdı və...

Vaxtilə AFFA prezidenti olmaq istəyib, sonra ola bilməyən, mənəffətbazlığını aşkar ortaya qoyan, prezidentə yazan, nazirlərə deyən, futbol məmurlarından “şirniklər” alan, inanılan və inanılmaz xoşagəlməzliklərə yuvarlanan Cavadov görəcəkdi ki, əşşi, bununla da olmur.. nəsə düz getmir də, getmir. Daha çox istəyirəm!

Və AFFA-nın  təşkil elədiyi, bütün xərclərini qarşıladığı yubiley tədbirində “pul qutusu”  qoyacaqdı!

Bax, bu da yubilyarın “B” planı” olacaqdı...

***               ***               ***

Onu futbolumuzun ən yaxşısı hesab edənlərin çoxluq təşkil etdiyi yaşlı nəsilin sevinc, qürur və fəxr kimi hissləri əlbətdir ki, dolub-daşmışdır.

Bizə isə yaxşı, möhtəşəm futbolçu yox – onsuz qəlbaçan futbolumuz olmayıb – yaxşı, keyfiyyətli,  xarakterli futbol insanı lazımdır ən öncə...

Nəysə...

60 yaş nədir hələ... 60 min, 160 min kağız... ee, bağışlayın, yüz yaşayısınız, İsgəndər bəy! Sizi də sevənlər var! Siz də çoxunun kumirisiniz/olmusunuz.

P.S.

Antik yunan ədəbiyyatından məlumumuzdur ki, yubilyarlara ən yaxşı hədiyyə ona layiq olan rəmzlərin bəzədiyi əşyadır. O ənənə indi də var və demək olar, bütün qitələrdə, dünyanın hər güşəsində eyni cürdür. Yəni sən önəmli yubilyara pul vermirsən, ona dəyərli bir əşya, etiket hədiyyə edirsən.

Bircə bizim yubilyarın əntiqə “pul qutusu”nun rəmzini izah edə bilmirik özümüzə. 

Bəli, sıravi yubilyarların məclisində o qutunun olması normaldır. Ancaq Cavadov Azərbaycanın ən yaxşı futbolçu(larından)su olubsa, deməlİ, ölkə əhəmiyyətli fiqurdur. Əhəmiyyətli şəxsin yubileyi qutuya sığmaz, sıxışdırılmaz, Cavadov.

Qiymətinizi sizdən yaxşı bilənlərin təəssüfünə bir saaaalavat!


oxunma sayı: 620 | Paylaş: