Bu gün:


FutbolPress.Az | “Neftçi” yalan demirsə, bu qədər inanmayan hardandır? (KİÇİK QEYD)

“Neftçi” yalan demirsə, bu qədər inanmayan hardandır? (KİÇİK QEYD)


oxunma sayı: 468 Paylaş:

FutbolPressTPL-in IV turunda “Neftçi”ni “Qəbələ” ilə matça baş məşqçi Vəli Qasımovun çıxarmayacağı xəbəri çıxdı. Klub saytı yazdı ki, baş məşqçinin halı qəfil pisləşib. Sonra məlum oldu ki,  klinikaya yerləşdirilib və ona hipertonik krizis diaqnozu qoyulub.

Allah şəfa versin!

Pis təkcə bu xəbər deyil. Daha pisi insanlar arasında bu məlumata inanmayanların böyük əksəriyyət təşkil eləməsi oldu.

Sosial şəbəkələrdə bu günün trendinə çevrilən mövzuda klub əməllicə tənbeh, ironiya hədəfinə çevrildi.

Səbəb?

“Neftçi” yalançı obrazı yaradıbmı?

Yox, bəlkə də komandanın pis nəticələri bu rəhbərliyə və baş məşqçiyə inamı, istəyi sarsıldıb.

Başqa nə düşünə bilərik ki bu inamsızlığa səbəb kimi?!

Bu, məsələnin ehtimal, subyektiv tərəfi. Bir də obyektiv, detallı istiqaməti var. Əgər görürüksə ki, “inamsızlıq pidemiyası” yayılıb, bunun əleyhinə ən faydalı “vaksini” istifadə eləmək lazım idi.

Klubun rəsmi saytında Qasımovun yerləşdiyi klinikanın adını, mümkünsə foto və ya prosesə aid hansısa sənədin görüntüsünü təqdim eləmək olardı.

OK, işə peşəkar yanaşmanın tezisi budur: "Klubun rəsmi saytında şəxsin klinikaya yerləşdiyi yazılıb, buna inanmamağın adı nədir?".

Ancaq ad axtarırıqsa, bu adı birbaşa elə rəsmi sayta məsul klub funksionerləri qoymalıdır, bunu sual etməməlidirlər. Əgər inamsızlıq varsa, demək, hardasa nəsə buna səbəb olub. Rəsmi saytda Qasımovun klinikada olduğunu göstərən fotonun müvafiq informasiyaya yerləşdirilməsi tamamilə yetərli idi ki, şübhələr aradan qalxsın.

Bununla da bütün suallara aydınlıq gələr, lazımsız ajiotaj yaranmazdı.

Klubun rəsmi saytı nə üçün lazımdır? Məhz bu cür məqamlarda ortaya çıxıb bütün dezoların qarşısını ala biləcək funksiyanı işə salmaq. Əgər məlumatlar "yaxın çevrə"lərə ötürüləcəkdisə, hətta ötürülənlərin içində də məğzi tapmaq mümkün olmayacaqdısa -  bunun adını da siz qoyarsınız. Ki növbəti dəfələrdə anarxik vəziyyət yaranmasın. 

Diqqətli olmaq yaxşıdır, vacibdir.

P.S. "Qəbələ"yə qarşı oyuna (20:00) komandanı köməkçi məşqçi Tofiq Mustafayev çıxaracaq. Qasımovun işinə nə vaxt geri dönəcəyi hələ dəqiqləşməyib. 

Elçin


oxunma sayı: 468 | Paylaş: