Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi 5 il sonra... (YAZI)

Azərbaycan millisi 5 il sonra... (YAZI)


oxunma sayı: 2472 Paylaş:

FutbolPressSon günlərdə azərbaycanlı gənc futbolçuların xarici klublara transfer olunması gündəmi bəzəyən xəbərlərdi. Sözsüz ki, bunların ən diqqətçəkəni, bəlkə də Azərbaycan futbol tarixində ən səs-küylü transfer olan Budak Nəsirovun "Sportinq"ə keçidi oldu. "Trabzonspor"un Ramil Şeydayevi heyətinə qatması və ona azərbaycanlı pasportu verilməsi də də sevincə desert...

Sual yaranır. AFFA-nın  əsas məqsədi - Avro-2020-də iştirak eləməli  olan komandanın heyəti formalaşırmı? Prosineçkinin və ya onun sələfi olacaq baş məşqçi üçün "qızıl 23-lük" hazırdırmı/hazırlanırmı? Əslində federasiya bir çox məsələlərdə bu komandanın hazır olması üçün əlində gələni edir ki, bu ayrı mövzudur. Bəs görəsən, Avropa Çempionatının seçmə mərhələsində və vəsiqə qazanılacağı təqdirdə turnirin özündə milliyə hansı futbolçular çağırılmalıdır? Kimlər heyətdə  yer almalıdır, hansı gənclər Azərbaycan futbolunun gələcəkləridir?

Ehtimal nəzəriyyəsi üstündə dayanıb, Avro-2020-nin seçmə və əsas mərhələsi üçün Azərbaycan millisinin nəzəri "qızıl 23-lüy"ünü tərtib edək.

Qapıçılar:

Məhəmməd Hüseynov, Murad Popov, Tərlan Əhmədli

Məhəmməd Hüseynov - "Qarabağ"ın üzvü Bakıda keçirilən 17 yaşlı futbolçular arasında Avropa Çempionatında millinin ən yaxşılarından idi. Turnirdə zədələnməyi bizi qorxutsa da, tezliklə əvvəlki formasından daha yaxşı hala gələcəyinə ümid edilir. "Qızıl 23-lük"də ilk 11-liyin əsas qapıçısı olaraq şans verilməlidir.

Murad Popov  - "Qəbələ"dən tanıdığımız gənc istedad  Məhəmmədin layiqli əvəzləyicisi hesab etmək olar. U-17-lərin Avro-2016-da Belçika ilə matçın 66-da dəqiqəsində meydana çıxan Popov Şotlandiya ilə oyunda seyvləri ilə millinin qələbəsində əsas pay sahiblərindən biri oldu. Özünəinamı ilə diqqət çəkən qolkiper gələcək karyerası parlaq olacaq futbolçularımızdandır.

Tərlan Əhmədli - "Sumqayıt"ın üzvüdü. 22 yaşlı qapıçı ötən mövsüm Premyer Liqanın bəzi matçlarında meydanda idi. U-21-in də sabiq üzvlərindən olan Tərlanın topa gecikləmələrini nəzərə almasaq , inam yaradan oyunçudur. Gələcəkdə Azərbaycan milli komandasında əsas heyətin qolkiperi olmaq üçün rəqabət yarada biləcək qapıçılardan biri və ya birincisidir.

Müdafiəçilər:

Yusif Həsənov, Elçin Əsədov, Adil Nağıyev, Rahil Məmmədov, İbrahim Qədirzadə, Hüseyin Seyliğli, Ricat Qarayev

Əsas hədəf olan 2020-ci il Avropa Çempionatının seçmə mərhələsində ən diqqətli olmalı olduğumuz mövqeni perspektivi ciddilik vəd edən  

futbolçulardan qurmaq fərzdir. Mərkəzdə yer alan Yusif, Elçin, Adil və Rahil turnirdə inana biləcəyimiz oyunçulardandır. Həsənov və Əsədov 17 yaşlıların Avropa Çempionatında Portuqaliya ilə oyundan başqa bütün matçlarda etibarlı oyun nümayiş etdirdilər. Ötən il "Xəzər Lənkəran"ın əsas heyətində meydana çıxan Yusif yay fasiləsinin ortalarında "İnter"ə transfer olundu. Hazırda "Neftçi"nin əvəzedicilərində çıxış edən Elçinin isə tezliklə əsas komandaya dəvət olunması gözlənir.

Adil və Rahil artıq Premyer Liqadan tanıdığımız futbolçulardandır. Nağıyev və Məmmədov ümid millisinin, həmçinin öz komandalarının əsas heyət üzvlərindən idilər.

Müdafiənin  cinahlarında isə İbrahim, Seyliğli və Ricata güvənmək ən düzgün qərarlardan biri olar. Ötən mövsüm "Xəzər Lənkəran"ın əsas heyətinin üzvü olan Qədirzadə "Beşiktaş"ın 19 yaşlılardan ibarət komandasının şərəfini qoruyan Hüseyin, həmçinin "Sumqayıt"ın əsas heyətində az-az olsa da, əvəzedici komandada daimi oynayan Qarayev üçlüsü indidən 2020-ci ildəki heyətin dəyişilməzləri olacaqları mesajını verməkdədilər.  Həm İbrahim, həm də Ricat bu ayın ortalarında "İnter"ə transfer oldular.

Yarımmüdafiə:

Metin Gülər ,Turan Vəlizadə ,Pilağa Mehdiyev, Elvin Camalov, Qara Qarayev, Budak Nəsirov, Namiq Ələsgərov, Fəhmin Muradbəyli, Fərid Nəbiyev

Həm yaş, həm təcrübə, həm məxsus olduqları klubların müxtəlifliyi ilə seçilən yarımmüdafiə xəttində digər mövqelərə nisbətən vəziyyət qəlizdir. Burada hər bir futbolçu əsas heyətdə oynamağa layiqdir. Belə ki, müvafiq olaraq "Beşiktaş" və "Fənərbağça"nın üzvləri olan Metin və Turan hələlik yetişmə dövrlərini keçirirlər. 4 il ərzində onlar türkiyəli məşqçilərin köməkliyi ilə milli komandada oynayacaq səviyyədə ola bilərlər. Turana nisbətdə 17 yaşlılar arasında keçirilən Avropa Çempionatda millinin əsas üzvü olan Metin böyük turnirdə iştirak etmək həyacanını azca da olsa yaşayıb. Türkiyədə çıxış etməkləri hər iki futbolçunun uğurlu karyeralarının olacağına ümidləri artırır.
 
Fərid və Pilağa Bakıda keçirilən turnirdə yığmanın döyünən ürəkləri idilər. Avropa Çempionatından öncə UEFA rəsmi saytı vasitəsilə Nəbiyevi gələcəyin ulduzları arasında göstərmişdi. Hazırda gənc yarımmüdafiəçi  "Qəbələ"nin əsas, 19 yaşlı futbolçulardan ibarət millinin üzvüdür. Pilağa da "Neftçi"nin əsas heyətinin dəyişilməzlərindəndir. Bu mövsüm hər iki futbolçunun çıxışları gələcəkləri haqda söz deməyimizə əlverişli şərait yaradacaq.

Elvin Camalov, Qara Qarayev və Budak Nəsirovu indidən gələcəyin Avropa səviyyəli oyunçuları adlandıra bilərik. Bu üçlükdə Camalov digərlərinə nisbətən geridə qalır. Ötən mövsüm hər üç futbolçu Premyer Liqanın demək olar ki, bütün oyunlarında meydanda olub. Qara Qarayevin Avropa Liqasının matçlarında komandasına kömək etməsi, Budakın "Sportinq"ə transfer olunması, bu futbolçuları "qızıl 23-lüy"ün əsas simaları edən səbəbdir. Qaranın ardıcıl 3 dəfə Azərbaycan çempionu olması, 2 dəfə AL-in qrup mərhələsində iştirak etməsi onu gələcək komandanın ən təcrübəli üzvünə çevirə bilər. Hətta biz indidən rəmzi kapitanımızı da seçmişik...

Ötən mövsüm yarımmüdafiənin cinahlarında daha çox diqqət çəkən Fəhmin və Namiq də gələcək vəd edən futbolçulardandı.  Son 3 ildə Ələsgərovun inkişafı hamını sevindirsə də, tez-tez zədələnməsi  narahatlıq yaradan əsas məsələlərdəndir. Muradbəylinin də ötən il birdən-birə parlaması, lakin sabit  oyun nümayiş etdirə bilməməsi əsas müzakirə mövzularından biri idi. Bu futbolçular 2020-ci ildə 23 nəfərlik heyətə daxil olsalar da, ilk 11-liyə düşmələri qaranti deyil.

Hücumçular:

Mahir Mədətov, Elnur Cəfərov, Ramil Şeydayev, Murad Mahmudov, Murad Xaçayev

Prosineçki və ya onun sələfi bu mövqedə seçim etməkdə çox çətinlik çəkəcək. Artıq indidən deyə bilərik ki, millinin 2020-ci ildə güclü hücum xətti olacaq. Ötən mövsüm çempionatda vurduğu qollarla diqqət mərkəzinə düşən Mahir, Premyer Liqada qol vurmağı bacaran ən gənc futbolçu olan Elnur, yenicə "Trabzonspor"a transfer olunan və Azərbaycan vətəndaşlığını qəbul edən Şeydayev, "Şaxtyor"un yetirməsi olan, 19 yaşlı futbolçulardan ibarət milli komandada hər oyun fərqlənən Xaçayev, yoxsa artıq indidən adı "Bavariya" ilə hallanan Mahmudovmu? Təbii, belə istedadlı futbolçular arasında seçim etmək çətindir, amma hazırkı nəticələrə görə, Ramil, Elnur və Xaçayev əsas heyət üçün daha şansılıdır. Şeydayev və Cəfərov sırf əcnəbi liqada oynamaq təcrübələrinə görə öndə olacaqlar. Xaçayevi Mahmudov və Mədətovdan üstün edən 2 cəhət var:

1) Bitirici son zərbə vurmaq qabiliyyəti
2) Hücumameyilli yarımmüdafiəçi mövqeyində də oynaya bilmək

Bu səbəblərə görə Murad Xaçayev 2020-ci il Avropa Çempionatının "qızıl 23-lüy"ünün əsas heyətində yer ala biləcək.

Bu nəticələrdən sonra Avro-2020-nin həm seçmə, həm də əsas mərhələsində Azərbaycan milli komandasının əsas heyəti aşağıdakı kimi ola bilər.

P.S. Təkrarən qeyd edək,  bunlar ehtimaldır, subyektiv baxışdır. Hər hansısa futbolçumuz bu qeydlərdən pis olmamalı, əksinə, daha da həvəslənməlidir. Siyahıya Azərbaycan futbolunun ən istedadlılarından olan Araz Abdullayevi, Emin Mahmudovu, Ayaz Quliyevi də daxil etmək olar. "Neftçi"nin futbolçusunun oyununda eniş yaşanması, Mahmudov və Quliyevin hələ də Azərbaycan vətəndaşlığını qəbul etməməsi onların kənarda qalmalarına səbəb oldu.

Bəlkə də daha dəqiq aparılan iş yaxın beş ildə müstəqillik dövrünün ən güclü Azərbaycan millisinin formalaşmasına səbəb ola bilər. Təbii ki, sistematik iş, peşəkar yanaşma predmetləri öndə olmaqla...

“FutbolPress”


oxunma sayı: 2472 | Paylaş: