Bu gün:


FutbolPress.Az | Vadidən çıxan nəticələr (TƏƏSSÜRAT)

Vadidən çıxan nəticələr (TƏƏSSÜRAT)


oxunma sayı: 1037 Paylaş:

FutbolPressGecə 02:30-da Bakıdan çıxıb, yerli vaxtla 09:30-da Skopyeyə çatdıq. Göydə trübilentlik olmadığı kimi, yerdə də hər şey qaydasında idi. Biz şablon qrafik üzrə hərəkət elədik. Ta ki, komandanın “Vardar” stadionunda rəqiblə matça çıxmasınadək...

Makedoniya – heykəllərlə bol, tarix qoxan ölkə...

Necə ki, bizə aid Albaniya ilə indiki tam fərqlidi, olduğu kimi bu analogiya makedoniyalara da aiddir. Hələ üstəlik, tam adı Keçmiş Yuqoslaviya Makedoniya Respublikası adlanır. Bu da Yunanıstanın BMT qarşısında 1993-cü ildə qaldırdığı məsələdən sonra verilən qərardır. Səbəb Elladanın şimal-şərqindəki əyalətin Makedoniya adlanmasıdı.

Yəqin ki, Makedoniya dünyada ən çox tanınan ölkələrdən olar. Çünki bütün dünyada Tarix dərsliklərində, ən azı, Xeroneya döyüşündən bəhs edildiyini bilirik. Təbiəti gözəl olsa da, təbii sərvətlərdən bol olmayan bu ölkə tarixi adın prestijiylə dolanır. Bir də İslam və Xristian dininin toqquşmadan yaşadığını özlərindən eşitdiyimiz, tolerantlığına şübhə edilməyən ölkə...


Biz Skopyedə Yustinian və İsgəndər başda olmaqla, onlarla heykəl arasında yunan və makedon tarixinin sintezindən ibarət daşlaşmış yaddaş gördük. Paytaxtı dolaşdıqca heykəllərin çoxluğu diqqəti çəkən ilk detala çevrildi. Buna çox tez və təbii bir cavab tapdıq: ölkə öz tarixiylə, coğrafiyasıyla fəxr edir və əslində, bundan üstün bir dəyəri, yaxud imkanı da yoxdu. 

Makedoniya aqrar ölkədi. Sənayeləşmə potensialına görə öz coğrafi bölgəsində geridə qalsa da, farmaseptikada müəyyən fəaliyyət var. Kənd təsərrüfatından sonra əsas gəlir hədəfi kimi Skopye başda olmaqla turistik şəhərləri -  tarixi abidələri, heykəlləri, muzeyləridi. Bu ölkənin bəxti Aralıq dənizindən bir az aralı düşməsində gətirməyib bəlkə də, ancaq Ohrid, Tetovo (“Şkendiya”nın təmsil elədiyi şəhər) kimi gəlirli turizm bölgələri var. Hətta əksər  ölkəyə vizasız gediş-gəliş imkanı verilib ki, turizm gəlirləri çox olsun/onlardan biri də Azərbaycandı.

2 gün Skopye gəzintisinin verdiyi  təəssürat belədi: dəbdəbədən uzaq, ancaq çox pozitiv bir şəhər. 1961-ci ildəki zəlzələnin darmadağın elədiyi dağlar arasındakı vadi-şəhər hələ indi-indi şəhərliyini bərpa eləməkdədi. Qaldığımız otellə üzbəüz katolik kilsəsinin hasarına Tereza ananın barelyefi həkk olunub və Makedoniya xalqı hesab edir ki,onun bərəkət rəmzi budur... Siz bu haqda “vikipediya”dan məlumatlanın, mənsə təəssürat paylaşımına davam edim.

Paytaxtın ab-havasından hiss olunurdu ki, Makedoniya kasıb ölkədi. Həm də qonşuları sarıdan bəxti gətirməyənlərdəndi. Elə “Neftçi”nin rəqibi “Şkendiya” özünü Albaniyadan hiss edən bölgəni təmsil edir və oyun vaxtı komandanın əsas dəstəkçi qrupunun Albaniya bayraqları ilə şəhərdə dolaşdığını, sektorda da  həmin bayrağın əsas fiqur kimi dalğalandığını gördük. Yunanıstanla da münasibətlər yaxşı deyil. Bolqarıstanla sərin olan etnik-siyasi məsələlər var. Yalnız serblərə qarşı yaxınlıq hiss olunur. Elə bu yaxınlıq onların qonşularda qıcıq yaratmasına səbəb olan amildir bəlkə də. Çünki serblərə münasibət Yuqoslaviya vaxtından sonra  yaxşı deyil. İmperiya dağılanda tərkibindəki ölkələr  arasında mühribələrdə  ağır zərbələr alanların sarsıntıdan ayılması üçün hələ uzun zaman lazım olacaq... Biz Yuqoslaviya; gözəllikləri və fəsadları mövzusunda Emir Kusturisanın “Yeraltı” (“Underground”) filmində dramatik təsvirlər görərik.

Oyunsuzluq və pis nəticə

“Neftçi”nin Avropa Liqasında iştirakı, necə deyərlər, öz payı, zəhməti deyildi. Bunu klub rəhbərliyi də bizimlə söhbətdə etiraf elədi. “İnter” və “Zirə”nin məlum problemləri səbəbindən AL-ə “Kəpəz”lə “Neftçi” getmişdi. Hər ikisi ilk mərhələni keçdi və ikinci etapda mübarizəni dayandırdı. Ancaq Gəncə klubunun “Neftçi”dən daha üstə hoppandığını demək ədalətdən olar, nəinki oyunsuzluqla qan qaraldan Vəli Qasımovun “drujinası”...

İlk mərhələdə “Baltsan”a qarşı candərdi oynayan komanda “Şkendiya” ilə qarşılaşmada “oynamıram, oynamağa da qoymuram”lıq eləyirdi. Vəli Qasımovun əlindəki materialla pizza sifarişi alan aşbaz heç kətə də bişirə bilməzdi. Açığı, Qasımovun belə məhdud imkanlarla oynatdığı tərzi, tətbiq elədiyi taktiki fəlsəfəni  ən yaxşı vaksin hesab eləmək də olar, ancaq...

“Şkendiya”nın “Neftçidən çəkindiyini hələ oyunöncəsi mətbuat konfransından sonra yazmışdıq. Həm baş məşqçi, həm vitse-kapitan açıqlamalarında gərgin görünürdülər. Ən azı, Makedoniyanın ən yaxşı futbolçularından olan Şikovu transfer eləmiş, AL-in qrup mərhələsində oynamış bir rəqiblə qarşılaşmaları onların “Krakovya”nı keçməsinə rəğmən, “neftyaniklər”dən ehtiyatlanmasını labüdləşdirmişdi.


Açıq  məşq zamanı Qasımovla rəqib haqda qısa söhbətləşəndə dedik ki, onların canı 10 və 7 nömrədədi - bu iki oyunçunun sayəsində orta xətdən önə doğru güclü oyun sərgiləyə bilən komandadır. Müdafiəsi isə ortabab pressinqə belə tab gətirənə oxşamır. Fikirlərimizlə razılaşan Qasımov buna uyğun taktika düşündüyünü dedi və əlavə elədi ki, bir müddət əvvəl 10 nömrəni almaq istəyiblər, pulda razılaşmayıblar.


Elə ala bilmədikləri oyun zamanı onlara qarşı xarüqələr yaratdı. Qol şəraitinin əmələ gəlməsində və son nöqtənin qoyulmasında iştirakçı/vasitəçi olan bir oyunçu istənilən komanda üçün əvəzolunmaz nemətdir.

Təəssüf ki, bizim 10 nömrəmiz yox idi. Şikova verilən təəccüblü “qırmızı”dan sonra oyuna buraxılsa da, nə ayağı, nə də başı işləmədi. Son saniyələrdə matçboyu yaxalanan ən real qol şansını isə üfürdü göylərə...

Bizim komandada sistemsiz oyun, mənasız tərz hökm sürürdü. Məsələn, dayaq yarımmüdafiəsində həm dağıdıcılıq funksiyasını icra, həm də gözlənilməz ötürmələr etməli olan Murad Ağayevin səhvləri ucbatında “Neftçi” azı 2 qol da buraxa bilərdi, bəxti gətirdi. Onu niyə vaxtında əvəz etmədiniz sualına isə Qasımov, “Əlimdə material yoxdu, ehtiyat skamya kiçikdi cavabını verdi”.
“Şkendiya” son dəqiqələri əməlli-başlı panikada keçirdi. Hələ də rəqibin mahiyyəti ilə görüntüsünü ayırd eləməyə çətinlik çəkdikləri üçün kortəbii hücumlar qarşısında da səhvə yol verirdilər. Onlar üçüncü mərhələyə keçməyi çox arzulayırdılar deyə, soyuq başla oyunu emosional futbol əvəzləmişdi; səhvlər də elə bundan doğurdu bəlkə də. Ancaq heç bir məqamdan istifadə eləyə bilməyən “Neftçi” sanki Ön Asiyayadək irəliləyib, yorulmuş İsgəndərin qoşnunu xatırladırdı – görəsən Dara necə hazırlaşıb deyə...

İmamverdiyevin ayağı ilə vurmalı olub, başla korladığı son saniyələrdəki o ötürmə epizoduna fikir versəniz, “Şkendiya”nın müdafiədəki   zəifliyi üçlük zərbə kimi bariz görünür.


Necə ki, mahiyyəti ilə obrazı uyğun gəlmir, eləcə də uduzduğu mərhələdəki hesabları da oyununa mütənasib sayılmaz. İki oyunun nəticəsində cəmi 1 qol buraxıb AL-də iştirakı dayansa da, “Neftçi”yə qarşı aqressiya sanki 3-4 top fərqiylə uduzmasına bərabərdi.

Çünki azarkeşlər komandanın belə oynamasını istəmir. Ona görə də 50-ə yaxın fəal onları hava limanında əsəblə qarşıladı. Vəli Qasımova qarşı hücum eləməyə hazır kütlə komandanın avtobusuna bir neçə dəqiqə yol vermədi. Onlar müşahidə şurasını, Vəli Qasımovu istefaya səsləyirdi, yerli oyunçuların “can qoymadığını” qabardıb, əvəzində Jairoya alqış edirdi.

Mənimçün bu səhnə bir az qəribə gəldi. O qədər azarkeş məhz hava limanınadək gəlib.. nəysə, hələlik heç bir tərəfi ittiham eləmək olmur. Ancaq ortada olanlar təəccüblü mənzərə yaradır və sanki təşkilolunmuş səhnələr var. Biz “Neftçi”ni təbii ki, izləyirik və proseslərin gedişatını sizinçün təfsil təhlil eləməyə çalışacağıq.

P.S. Klub rəhbərliyi, xüsusən, Elnur Məmmədovu belə bilmirdim/tanımırdım. Oyundan bir gün əvvəl səfərdə olan media nümayəndələriylə 2-3 saatlıq görüşündə elə futbol mövzularından danışdı ki, onun bu sahədə bilici olduğu göründü. Bəzi məqamlarda axsadığı hiss olunurdu, ancaq ümumən intellekt bazası özünü sığortalamağa yardmçı olurdu. İstənilən halda, onun danışdıqlarıyla komandanın bir az uyğunlaşmaması maraqlı məqamdı. Həddən artıq yaxşı nəticələr qazanmaq istəyib, buna nail ola bilməmək araşdırılası mövzudur. Görəsən “Neftçi” niyə düzəlmir? Yaxud niyə əvvəlkitək istənmir və ya... İsgəndərin Hindistana qədər gedib çıxmasına mane olmaq istəyən Dara kimdir, onların mübarizəsi nə cür nəticələnəcək, “Qavqamel döyüşü”nün budəfəki qalibi hansı tərəf olacaq... Tarix kitablarından öyrəndiyimiz hadisələrin prototipi nə cür cərəyan edəcəksə, o cür də yazacağıq. Növbəti  təəssürat yazılarında görüşənədək.

Elçin Cəlilov


oxunma sayı: 1037 | Paylaş: