')

Bu gün:


FutbolPress.Az | Əliyar itkisi və SOS! (YAZI)

Əliyar itkisi və SOS! (YAZI)


oxunma sayı: 1764 Paylaş:

FutbolPressAzərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”ni qəbul eləyən “Neftçi”nin qələbə qazanmaq istəyi min, motivasiyası isə bəlkə də on min dəfə çox idi. Məsələ bundadır ki, Premyer Liqada azıb, 7-ci yerə yuvarlanan, ancaq hələ də yuvasını tapa bilməyən “ağ-qara” heyətin “şeytanın qıçını” qırmaq hirsi alovlanıb. Ümidlərin qüruba endiyini görən və bilən Vəli Qasımovun “drujinası” Avropa Liqasına gedən ən uyğun yolun Azərbaycan kubokunu qazanmaqdan keçdiyini gözəl anlayır. Bu da əldən çıxsa, "Neftçi" Elnur Məmmədovçün əldən çıxacaq və s.

“Qəbələ” isə rəhbərliyin gələn mövsümçün büdcəni azaltmamasına yönəlik yenə də Avropa Liqasına vəsiqə qazanmağın ən uyğun vasitə olduğunu hesab edir – desək, yanılmarıq.

"Qəbələ"lilər bizdən hakimi asıb-kəsməyi, "Neftçi" tərəfi bu basabasdan minimum israfla çıxmağı, üçüncü tərəf isə sadəcə əyləncə üçün nəsə olsun - oxusunlar - gözlədikləri ərəfədə, fikir verirsinizsə yazıya ağır-ağır giriş verilir...

Yorulmamağınızçün belə bir əyləncəli abzas da əlavə elədik. Beləliklə, ağır bir mərhələyə keçirik. Matçın baş hakimi Əliyar Ağayevin 74-cü dəqiqədəki fəlakət fiti...

Əsas məqam budur ki, Əliyar Ağayevin bu oyuna təyinatı yanlış idi. Bunu bir neçə bənddə izaha qovuşduraq:

1. Əliyar Ağayevin atası Kərim Ağayev uzun illərdir ki, “Neftçi” cəmiyyətinin əməkdaşıdır. İSM-də çalışır.
Qaragüruha basıb, 74-cü dəqiqədə Aleksey Qaya qarşı aşkar kobud oyuna görə 100% penalti sanksiyasının tətbiq olunmamasını bu məqama bağlamaq fikrində deyilik. Sadəcə, bir incə məsələ var: hakimliyin keyfiyyəti nəzəri və və praktik hazırlıqdan çox, psixoloji hazırlıqdan asılıdır. Əliyarın atasının orda işlədiyini bilən Hakimlər Komitəsinin sədri Xaqani Məmmmədov gərək  onu bu oyuna təyin eləməzdi...
Söhbət Əliyarın “Neftçi”nin heç bir qarşılaşmasına təyin edilməməsindən getmir. Sadəcə, məhz bu dəfə kritik durumu nəzərə almaq vacib idi. Bəs komitə nə üçündür? Belə həssas məqamları nəzərə almayacaqsa, idarəçilik ustalığı bu cür incə detallarda ortaya qoyulmayacaqsa, onda olsun, “rəqib 15 dənə verir”, nə bilim nə...

2. Ağayevin bu matça psixoloji hazır olmadığı onun 74-cü dəqiqədəki kobud səhv qərarından çox, xeyli xırda epizodlarda qərarsızlığında özünü göstərdi. Diqqətli olaq və soyuq başla yanaşaq: məsələ Əliyarın “Neftçi”yə kömək eləməyində deyil. O, ümumiyyətlə, hər iki tərəfə qarşı səhv qərarlar məngənəsində boğulurdu. Sadəcə, təmkinini itirməmək cəhdi diqqətli tamaşaçı üçün elə tamaşadan başqa bir şey deyildi. Əliyar özünü meydanda yaxşı hiss eləmir və bu, yeni mövzu deyil...

3. Görəsən, Ağayevin dünən 74-cü dəqiqədəki – gözünün qarşısında baş verən epizoda yanlış qərar verməsi, oyunun “ipini” əldən buraxması nədən qaynaqlanır? Aha... Gəldik çıxdıq "mustafanın" “axill dabanına”.
HK sədri Xaqani Məmmədovun menyusuna xəbərdarlıq, siqnal xarakterli məqalələr yazmışdıq. Qış toplanışından sonra heç bir hakim əvvəlki formasında deyil – bildirilmişdi. Xüsusən, FIFA-da irəli gedəcəyinə ümidlər bəslənən Ağayevin formasını getdikcə itirdiyini vurğulamaqdan bezmək nə deməkdir, bir bilsəniz, Xaqani müəllim. Deyirsiniz ki, "Analitik şeylər yazın e, analitik şeylər" - çi fayda yazılmasından...
Hakimlik mövzusu bu il əvvəlki illərə nisbətən diqqət mərkəzindən kənar qalıb, ancaq heç bir mövsüm builki qədər acınacaqlı olmamışdı. Əvvəllər kulisdən, üzdən, çöldən və sairədən məlumumuz idi ki, tapşırıqlar, təzyiqlər, rüşvət əlamətləri daha çox olur. Çünki ortada pul çox idi. Elə mühitdə səhvlərin və “səhvlərin” olmasının mənbəyi, mənsəbini məlum eləmək olurdu.  Axı indi futbolda həminki tapşırıqçılar birə min azalıb, pul əvvəlki kimi deyil, təzyiqlər yox həddindədir. Bəs hakimlər niyə bu qədər səhv eləyir?
Belə olmaz. Məmmədov dalana dirənməkdə olan vəziyyətdən çıxış yollarının olmadığını, düşünmədiyini ortaya heç nə qoymamaqla, pisə doğru irəliləyən durumun yaxşıya doğru dəyişə bilməməsiylə  “sübut edir”.
Hörmətli Məmmədov, Azərbaycanın müstəqilliyi dövründə hakimlik adına ən parlaq ada çevriləcəyi gözlənilən Əliyar bu mövsüm geri gedə-gedə gözünüzün qabağında “əriyir”; heç narahat olmursunuzmu? Məmmədov, olmaya, yenə hansısa hakimin Avropada sizin nüfuzunuzu keçəcəyinə qısqanclıqla yanaşmağa məruz qalmısız?  Yaşınız o həddədir ki, etiraflar bədaətən gəlməlidir. Bəlkə özünüz özünüzə bir etiraf edəsiniz – sakitləşməkdə, eqonuzu dəf etməkdə yardımçı olar – elm sübut edib bunu...

***               ***               ***

Üç bənddə müəyyən detallara toxunduq. Gəlin söz-söhbət mövzusuna çevrilən matçın başqa məqamlarına da göz gəzdirək. 

İlk dəfədir ki, Roman Qriqorçukun hakimlik barədə belə radikal reaksiyasına şahidlik edirik. Demək olar ki, hər oyundan sonra bu mövzuda sual olanda o, ya “hakimlik haqda danışmaq istəmirəm” – deyirdi, ya da “hakimdi də, o da insandı” – tipində bir şey. Aha, bəs nə oldu ki, Qriqorçuk kimi hakimliyə qarşı qəzəb hisslərinə hakim kəsilən bir mütəxəssis dönüb birdən-birə üsyankar çıxış eləməyə başladı - "...hakimlәr bu mövsüm 15 xalı әlimizdәn alıb" - deyir?

Elə bayaqdan onu izah edirik, qeyri-adi icad gözləməyin. Yuxarıdakı bəndləri yazdıq ki, biləsiniz – ay nə bilim, “Neftçi” hakimi aldı, nə bilim, oyun satılmışdı, ay “Qəbələ”yə qarşı haqsızlıq dərinlərdən tapşırılıb vs vs vs... Məsələ bu cür “interpark” mövzularında deyil.

Hardan bilirik? Əliyarın şəxsiyyətinə bələdiksə, iddia edə bilərik ki, o, tapşırıqla qərar verməz, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun iş prinsiplərinə bələdiksə, bu barədə sizinçün də əminliklə qeyd eləyə bilərik ki, onun irəli gedən hakimə qarşı qısqanclıq vərdişi var və bundan qurtulmaq istəyi olsa da, bacarmır. O, müstəqillik dövrünün ən yaxşı hakimi kimi tanındığını zənn edir və... Qısası, hakimlərin hazırlıq səviyyəsinin pis vəziyyətdə olduğu ayrı; Əliyarın bu matça təyinatı ayrı bəla...

Dünənki matçda konkret hakim səhvləri vardı və bu, hazırlığın zəif olmasına görə idi. Bundan sonra təcili şəkildə, bütün hakimlərin fiziki, nəzəri hazırlıqları yenidən yoxlanmalı, psixoloji aura nəzərdən keçirilməlidir. Yoxsa Əliyarı da, Rəhimi də tamamilə itirib, demək olar ki, hakimsiz qalacaqsınız.  APL-də matç idarə eləməyə referi tapılmır. Qarnını gücbəla daşıyan Elvinin, hakimliyə uyğun olmayan Diniyevin, potensialı indi açılar, sabah açılar - deyib, bu gün-sabah karyerasını bitirdiyinə şahidlik edəcəyimiz Ömər Paşayevin, didərgin salınan Orxan Məmmədovun və iddiasız görünən sairələrin ümidinə qalmısınız. SOS siqnalının vaxtıdır. Ətrafa yox, özünüzçün çalın bu siqnalı və buyurun... Vaxt getdi. Ayıbdır. "Qəbələ"ni qələbədən edən ən yaxşı hakiminizdir. Dairə çox qısalıb; elə bilin ki, son iki cümlə qulağınıza deyildi. Eybi ört-basdır yox, düzəltmək lazımdır. 

Elçin Cəlilov


oxunma sayı: 1764 | Paylaş:




?>