')

Bu gün:


FutbolPress.Az | Qriqorçuk: "Həm "Qəbələ"nin, həm də Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir"

Qriqorçuk: "Həm "Qəbələ"nin, həm də Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir"


oxunma sayı: 217 Paylaş:

FutbolPress"Mövsümün ikinci yarısına hazırlığı yaxsı şəraitdə davam etdiririk. Bu, nəzərdə tutduğumuz bütün işləri həyata keçirməyə imkan verir. Hesab edirəm ki, hazırlıga qiymət vermək hələ tezdir. Məşqlərə yeni başlamısıq və hər şey qaydasında gedir”.

Bu fikirləri “Qəbələ İK"ya açıqlamasında ‑əsas komandanın baş məşqçisi Roman Qriqorçuk deyib. Yanvarın 10-da Türkiyənin Antalya bölgəsində başlayan təlim-məşq toplanışı haqda düşüncələrini bizimlə bölüşən ukraynalı mütəxəssis futbolçuların çalışqanlığından razılıq edib.

Qriqorçukun sözlərinə görə, istirahətdən qayıdan oyunçularda artıq çəki cəhətdən problem olmayıb:

“Ümumiyyətlə, futbolçuların fiziki durumlarında problem, “boşalma” görmürəm. Görünür, istirahət vaxtı müəyyən qaydalara əməl ediblər, hamısı düşərgəyə yaxşı psixoloji vəziyyətdə gəlib. Məşqlərdə işlərini məmnuniyyətlə görürlər. Əlbəttə, hazırlığın ilk günlərində fiziki çalışmalara xüsusi diqqət yetiririk. Ümumilikdə isə hazırlığı müxtəlif mərhələlərə ayırmırıq. Çünki işə yanaşmamız kompleks olduğundan hər şeyi əhatə edir”.

Ukraynalı çalışdırıcı hazırlıqda olan yeni futbolçu Rəşad Eyyubovla bağlı da fikirlərini bildirib. O, gənc yarımmüdafiəçinin vaxtilə baş məşqçi kimi çalışdığı “Çernomorets”in yetirməsi olmasının ona dəvətdə heç bir rol oynamadığını söyləyib:

“Çünki Rəşadın Odessada yaşaması, futbola orada başlaması barədə məlumatım yox idi. Bundan yarım il öncə xəbər tutdum. Etiraf edirəm ki, Eyyubovu hələ ötən yay komandamıza cəlb etmək istəyirdim. Sadəcə, həmin vaxt keçid baş tutmadı. Fikrimcə, Eyyubov maraqlı futbolçudur. O, oyun üslubumuza dəqiq uyğun gəlir”.

Heyətin gücləndirilməsinin zəruri olduğunu vurğulayan Qriqorçukun sözlərinə görə, qış fasiləsində yeni transferlər nəzərdə tutulub:

“Bu, birmənalı olaraq qarşımızda duran məsələdir. Komandanı gücləndirməyin lazım olduğunu başa düşürük. Ancaq digər tərəfdən, tələsik addım atmaq da istəmirik. Çünki həm “Qəbələ”nin, həm də Azərbaycan Premyer Liqasının səviyyəsi yetərincə yüksəkdir. Ona görə gələn yeni futbolçu bu səviyyəyə, qarşımızda duran vəzifələri yerinə yetirməyə uyğun olmalıdır. İnanın ki, dediyim tələblərə cavab verən futbolçunu tapmaq heç də asan deyil. Bu üzdən transfer işləriylə bağlı çox çalışırıq. Ümid edirəm ki, seleksiya istiqamətində müəyyən addımlar atıb, heyəti real olaraq gücləndirəcək futbolçu tapa biləcəyik”.


oxunma sayı: 217 | Paylaş:




?>