')

Bu gün:


FutbolPress.Az | Ellada torpağından qənimət və... (YOL QEYDLƏRİ)

Ellada torpağından qənimət və... (YOL QEYDLƏRİ)


oxunma sayı: 1005 Paylaş:

FutbolPressAzərbaycanın ən cavan klublarından biriylə dünyanın ən qədim şəhərlərindən birinə yola düşürdük; Avropa Liqasındakı startıyla təəccübləndirən, sonradan heyrətləndirən  “Qəbələ” ilə qrup mərhələsinin son səfər matçına böyük ümidlərlə...

Bizi Qəbələdən İsgəndər dövrünün şəhərinə -  Atatürk boyda şəxsiyyətin doğulduğu Salonikiyə  3.20 saatlıq hava yolu gözləyirdi.

İbrahimin ənənəvi aerofobik qorxuları, müxtəlif vaxtaparan məşğuliyyətlərlə yolu başa vurub, əfsanələrin doğulduğu Egey dənizinin sahillərində torpağa endik.

Oyunqabağı son məşq və mətbuat konfrasınadək qalan 6 saatlıq vaxtı şəhər gəzintisinə həsr eləmək olardı. 

Yastı dağlar, incə, məxsusi Egey, Aralıq dənizi memarlıq üslubu  göz oxşayır və sən hər küçəni, tini aşıb, o birinə keçdikcə zəngin tarixin ruhunu hiss edirsən.

Saloniki dünya ədəbiyyat, fəlsəfə, döyüş, şəhərsalma tarixinin ən qədim məskənlərindən olan Elladanın göz bəbəyi sayılır. Hər tindən bir ecazkar peyzaj, hər təpədən Egeyin həzin halına tamaşa üçün pəncərə açılırmış kimi...

***                 ***                 ***

Bizim rəqib kimi qələmə alacağımız PAOK isə yunanların əlindən dünyanın “göz bəbəyi” – Konstantinopolu alıb, İstanbul eləmiş türklərə xas klub kimi tanınır orda.

PAOK abbreviaturasının açılışı belәdir: Konstantinopolluların (İstanbul) Saloniki İdman Klubu (Bu klubun tarixi haqda məqaləmizdə daha geniş informasiyaları almaq üçün – link).

***                 ***                 ***

Ümumiyyətlə, yunan şəhəri Saloniki (Tessaloniki) Türkiyə tarixinə zeytunu qızıl hərflərlə yazılmalı bir şəhərdir. Burda dünyaya Mustafa Kamal Atatürk göz açıb. I Dünya Savaşından sonra gedən proseslərdə yoxa çıxmaq təhlükəsiylə üz-üzə qalan Osmanlı mirası – Türkiyəni xilas edən şəxsdir o. Ancaq Atatürkü böyük edən, dünyanın ciddi mənbələrinin hörmətli fiqur kimi xatırlatmağa səbəb sayılan cəhəti onun sekulyar düşüncəli, demokratik ruhlu və inkişafın bütün yönlərini dəstəkləyən lider olmasıydı.

“Yurdda sülh, cahanda sülh” -deyən Mustafa Kamalın ev muzeyini ziyarət etməmək Salonikiyə gedib, Salonikidə olmamaq qədər məcazlandırıla bilərdi.  Bizim Azərbaycandan gəldiyimizi biləndə bələdçilərin üzündəki təbəssüm və doğmalıq yanaşması cana istilik gətirməyə bilməzdi.

Protokol  qayda ilə  üst-başımızı yoxlamalı idilər. Ancaq bu yoxlama daha çox qucaqlaşıb, salamlaşmaya bənzədi...

Şəxsiyyətin doğulduğu ev muzeyində onunla bağlı xatirələrlə tanış olduqca suallarımızı cavablandıran Diyarbəkirdən olan bələdçi də bu səhnənin maraqlı obrazlarından olsun gərək...

Ev muzeyinin kandarından içəri daxil olanadək həndəvərdəki sıx yunan polisinin qoruma tədbirləri, qapıda bizi qarşılayan diyabəkirli abi və sülh dəstəkçisi, elm, tərəqqi tərəfdarı  Atatürk... Dünya “Liberte, Fraternite, Egalite” (Azadlıq, Bərabərlik, Qardaşlıq) yarından gözəlini yaratmayıb.

***                    ***                    ***

Günün ruhumuza qatdığı zənginliyi ev-muzeyin yanındakı türk qəhvəsi və türküsulu çay içə-içə Atatürk haqda bilgilərimizi söhbətləşərək zənginləşdirdik.

Sonra tələbələr, gənclik şəhəri sayılan Salonikini universitetlər olan küçəylə üzü Egey dənizinə tərəf piyada süzdük, gəlib çıxdıq sahilə.  Bu 35-40 dəqiqəlik gəzintidən alınan zəngin təəssürat insanın dünyagörüşündən tutmuş, hiss və münasibət meyarlarınadək -  incə təsirini göstərdi.

Bu gözəl təsiri Korfi pivəsiylə ilhamlandırmaq Zevs kimi, müdrik, əzəmətli qərar idi. Tam Egey sahilində, yunan musiqinin sədaları altında - “hansı nağılın, əsatirin, mifin içindəyəm” ritorikasında bərq vurmaq ayrı aləm oldu... Dionis haqqı!

***                    ***                   ***

Oyundan əvvəl Krasnodardan gələn xəbər  həm bizim, həm rəqib tərəfin əhvalını  təlx eləmişdi. “Borussiya”nı məğlub eləmişdilər və bu nəticə PAOK-un da, “Qəbələ”nin də qrupdan çıxmaq ümidlərinin üstünə qaynar su kimi tökülmüşdü.

Bu amil oyuna da təsirsiz ötüşməmişdi. “Bariton səsli” PAOK fanatlarının oyunboyu dayanmadan gurultulu dəstəyinə baxmayaraq İqor Tudorun taktiki gedişləri, dəyişilikləri Qriqorçukun “drujinasına” batmağa yetmədi – 0:0. Rəqabət zəif, temp aşağı idi. Ancaq taktiki mübarizənin kifayət qədər hərəkətli olduğu  qarşılaşmada Tudorun Berbatovu oyundan alması onun hirsindən xəbər verirdi. “Qəbələ” təsnifat mərhələsində “Panatinaykos”u keçib, qrupa düşmüşdü, burda da digər Yunanıstan klubunu xalsız qoydu: tipik şərq dinamikasını mövzu halına salıb, filmə gətirməkçün “ssenari” hazır olmuşdu. Qalır ki, “Krasnodar”a qalib gəlib, “happy end”ə nail olasan.

Oyunsonrası mətbuat konfransında Qriqorçuk, “Borussiya” matçından sonrakı kimi,  yenə belə dedi: “Bu komandayla görəcəyimiz hələ çox işlər var”. Bu, onun “qırmızı-qaralardan” yaxın vaxtlarda ayrılmayacağı üfüqlərinə işarə idi.

Üfüqə doğru isə eyforiyada yox, reallıq hissinin hökmüylə ciddi islahatlar edərək getmək daha yaxşı olardı. Klub rəhbərliyinin növbəti çalışmalarını izləmək maraqlıdır...

P.S. Atatürkün ev muzeyinə gedəndə taksi sürücüsü bizdən haralı olduğumuzu soruşdu. 10-15 dəqiqəlik yolda o, iki dəfə eyni mahnının həm türkcə, həm yunanca ifasını “təklif elədi”. Bu, musiqi ilə verilən mesajın mənası nə idi.. o, bunu bilərəkdən etdi, yoxsa...

Sürücünün musiqiylə verdiyi mesajı anlamağa nə var ki. Axı musiqinin dili birdir...

Elçin CƏLİLOV





















oxunma sayı: 1005 | Paylaş:




?>