')

Bu gün:


FutbolPress.Az | “CBC Sport” niyə haqlıdır... (QEYD)

“CBC Sport” niyə haqlıdır... (QEYD)


oxunma sayı: 2915 Paylaş:

FutbolPress(Subyektiv)

Azərbaycan çempionatının yayım hüququ yeni yaradılmış “CBC Sport”dadır. Kanal SOCAR-ın himayəsində olan  CBC telekanalının nəzdində yaradılmışdı. Dolayısıyla, kanalın Rövnəq Abdullayev kurasiyasında olması fikirləri də var və s.

Ancaq problem və mövzunun ana xətti bu deyil. Son vaxtların ən aktual sualı budur: “Futbola necə baxaq?”. Sualın yaranma səbəbi isə sözügedən kanalın HD (İngiliscədən: High Definition – Yüksək dəqiqlik) yayım rejiminə keçməsidir.  Bu keyfiyyətlə yayıma baxmaq üçünsə xüsusi cihaz alınmalıdır.

İddialardan özünü ən çox qabardan tərəf odur ki, çempionatda iştirakçı olan “Kəpəz” (Gəncə), “Xəzər Lənkəran” (Lənkəran) kimi bölgə klublarının azarkeşləri oyunların yayımına heç baxa bilmir.

Problemin həlli üçün kanalın yayımı  SD formatında (İngiliscədən: Standart Definition - Sadə dəqiqlik) davam etdirməsi, HD-yə tədricən keçilməsi istənir, arzulanır, tələb olunur  və s.

Beləliklə biz problemin yaranması səbəbini və həlli istiqamətində olan tələblərə nəzəri nəzər yetirdik.  İndi görək, hansı tərəf nə qədər haqlıdır.

***              ***              ***

İddialar  odur ki, Azərbaycan  inkişaf eləmiş ölkədir. Yəni regionda inkişaf sürəti və s. emosional situasiyalarda özünü ən irəlidə görür. Buna iddialı olan ölkənin telekanalı da HD yayımlanmalıdır. Məsələn, qonşu Gürcüstanda əksər kanallar belədir, hətta Ermənistanda da.

Yoldaşlar, “CBC Sport” təklif edir ki, bu kanala baxmaq istəyənlər qiyməti 35-40 manat arasında olan bir cihazı almalıdır.

Haqlı tələbdir. Bu kanalın iddiası varsa ki yayımı HD keyfiyyətdə vermək istəyir, onda futbola baxmaq istəyən vətəndaş da 35-40 manatında keçməklə müflis olmayacaq. Həm də tək futbol yox, müxtəlif idman növlərindən dünya səviyyəli yarışlar və s.

OK, hələlik SD yayımı, heç olmasa, bölgələrdə saxlamaq, HD-ni isə şəhər şakinlərinə tətbiq etmək olardı. Yәni Rusiya vә Türkiyә kimi qonşularımızda necәdirsә - bәzi kanallar hәm HD, hәm dә SD yayımlanır. Ancaq bu qərar da qeyri-peşəkarlıq sayılardı. Mütəxəssislərdən öyrəndik ki, bununçün də xeyli xərc lazım olacaqdı. Təbii ki, kanal faydalı iş əmsalı olmayan xərcə getməyəcəkdi.

Belədə iki yol qalır: ya SD yayımda davam eləmək, gözləmək ki, şikayətçi kütlə asta-asta o cihazı alsın, yaxud HD görüntünü dәstәklәyәn LCD ekranlı televizorlar alsın və kanal da tədricən HD formata keçid eləsin (Bahooo).

Burda da belə sual yaranır: indi imkanı çatmayan kütlə birdən-birə varlanacaqmı haçansa? Yaxud 35-40 manatı tapmaq o qədərmi çətindi?
“Həəə, çətindir”.
Ancaq çətin deyil, hay-küy qaldırma, vətəndaş...

Desələr ki, “Kurtar Vadisi” göstərilməyəcək,  həmin cihazdan lazımdır, mütləq gedib alacaq...  Bu, həm də həmin kütlədir ki, Avropa Liqasındakı ev oyunlarına bileti 1-2 manat bahalaşdıran “Qarabağ”a qarşı, az qala, üsyana qalxırdı.

Belədə haşiyə  çıxıb demək istəyirsən ki, eyni entuziyazmla hökumətdəki bəzi  monopoliyalara, səhiyyə nöqsanlarına, təhsildəki rüşvətə, təqaüdlərin çox aşağı olmasına da etiraz eləsəniz...

***              ***              ***

Bölgələrdə HD formatı dəstəkləməyən, sadə televizor işlədənlər də var, aha, aydındır. Ancaq onların sayı nisbətdə, 5-10 faiz olar-olmaz.

Kapitalizmdə 5-10 faiz yox, heç  49 faizin marağı, rəyi də “sərfəli deyil”, yalnız 51 faizdən yuxarı...

P.S. Kütlə cəmi 35-40 manatlıq cihazı alıb, HD keyfiyyətdə yayıma baxa bilmədiyini şikayət eləyirsə, deməli, əhalinin vəziyyəti pisdir. Maddi durum yerində deyil.  Ancaq kütlə bu etirazında səmimidirmi? Görəsən, doğrudanmı pul tapmır və s.

35-40 manat çayxana və qəlyanı sevən kütlə üçün cəmi 2-3 dəfə çay evində oturmaq kimi bir şeydir.

Təbii ki, kiməsə pulunu çaya yox, HD görüntü üçün xərclə göstərişi vermək olmaz, ancaq eyni qayda ilə hansısa özəl TV-ə xitabən -  sən mənim niyyətim və şəraitimə uyğunlaş/geri get  – belə də olmaz.

Kanalı idarə edən şəxslər bu işin gəlir gətirilməsinə məsuliyyət daşıyır. Bununçün hansı siyasəti yürüdəcəklər – məsuliyyəti də özləri daşıyacaq. Ancaq məsələ budur ki, HD keyfiyyət zarafat iş deyil.  OK, futbola dair dövlət proqramında bu idman növünün ölkədə kütləviləşdirilməsinə aid bəndlər var. HD format buna mane olmur da yəqin, hörmətli sakinlər...

Yenə qayıdaq çayxanaya. Bəli, məhz çayxanadan tutmuş, digər bütün sferalaradək – 35-40 manat heç kəsçün müşkül deyil. Sadəcə, qəlyan püskürdüb, instaqrama-minstaqrama tüstülü şəkillər  çəkməkçün təşkil olunan mərasimə azı 10 manat taparıq,  ancaq “CBC Sport”a deyəcəyik ki, “Niyə kanal göstərmir?”.

Kanal deyəcək ki, cihaz alın, elə baha da deyil. Çayxana əhli deyəcək ki, “Nətər yəni, alaaa, prezident deyib ki, futbolu inkişaf elətdirmək lazımdır ee”. Və guya bu kütlə bununla xox gəlmiş olacaq, kanal da qorxacaq prezident söhbətindən, dərhal kütlənin tələbini yerinə yetirəcək. Necə ki, ANS hansısa JEK-dən nəsə çəkir, JEK dərhal gəlib, zibilliyi təmizləyir, ağacı budayır və s. kiçik şeylər. Hökumət, prezident xox vasitəsidirmi? He he..

Belə olmur. Biz səviyyəmizi qaldırmaq istəyiriksə, biraz xərcə düşməliyik. Keyfiyyətli görüntüyə baxmaq istəyiriksə, hesab edirəm, cihaz almalıyıq. Pulum yoxdur – bu tələblə kanalın üstünə yox, pulunun olmamasına səbəbkar olan sistemə etiraz eləməlisən. Neft ölkəsinin vətəndaşı bu qədər kasıb olmamalıdır. Ya səndə nəsə çatmır, onu inkişaf etdirməlisən, ya da sistemdə nəsə qaydasında deyil, pulunu "qurdlar yeyir"...

Bir az HD düşünməyə çalışaq...

Elçin CƏLİLOV


oxunma sayı: 2915 | Paylaş:




?>