')

Bu gün:


FutbolPress.Az | "Xərçəng"in məğlubiyyəti və "happy end"...  (YAZI)

"Xərçəng"in məğlubiyyəti və "happy end"... (YAZI)


oxunma sayı: 1029 Paylaş:

FutbolPress

Doğulduğunuz ölkədə sıradan bir futbolçu olduğunuz halda bir müddət sonra başqa bir qitədə komandanızın əsas silahı necə ola bilərsiz: vurduğunuz qollarla, ötürmələrinizlə; yoxsa fərqli bir hekayə ilə? Conas Manuel Qutyerresin həyatı sadəcə bir filmin süjet xəttidir...

Buenos Ayresdə doğulan hər iki uşaqdan biri yaşıl meydanda böyüdüyündən Conasın futbola həvəsi elə uşaqlıqdan olub. Təhsilinə daha çox önəm verən, peşəkar karyerasına isə 16 yaşından  başlayan Qutyerres “Veles Sarsfild”in gənc komandasında sadəcə iki mövsüm keçirir və əsas komandaya dəvət alır. 4 mövsüm klubun şərəfini qoruyan Conas sonuncu ilində ölkə çempionu adını qazanır. Bununla, onun həyat səhnəsində ikinci pərdə başlayır.

Avropa klublarının transfer siyahısına girməyi bacaran argentinalı futbolçu “Malyorka”ya transfer olur. 3 mövsüm ərzində 102 oyuna çıxan və 5 qol vurub 6 ötürmə edən Qutyerres, statistika baxımından zəif görünsə də, meydanda sonadək mübarizəsi ilə seçilir. Bu hal isə onu daha böyük klublara transfer olunacağını göstərirdi. 2008-ci ildə Conas “Malyorka” ilə müqaviləsini birtərəfli olaraq pozur və bir gün sonra “Nyukasl”a keçir. O, ingilis klubuna keçən kimi ispanlardan 15 milyon təzminat istəyir, lakin bu sadəcə istək olaraq qalır.
Ada klubu ilə ilk dəfə 2008/09 mövsümündə “Mançester Yunayted”ə qarşı görüşdə meydana çıxan Conas sərgilədiyi oyunla böyük transfer olduğunu bir daha göstərir. Artıq argentinalı futbolçu uğur nərdivanını qalxmağa başlayır... Mövsüm ərzində qol vurmayan, lakin mükəmməl dağıdıcı funksiyanı yerinə yetirən Manuel, “Nyukasl”ın uğurlu çıxışında müstəsan rol oynayır.

2003-cü ildə 20 yaşlılardan ibarət dünya çempionatında çıxış edən Conasın əsas milliyə dəvəti 2007-ci ilə təsadüf edir (Fransa ilə oyuna). Göstərdiyi oyun onun 2011-ci ilə kimi yığmaya çağırılmasına səbəb olub. DÇ-2010-da Dieqo Maradonanın rəhbərlik etdiyi millinin “Messi-Maskerano-Conas və digər 8 futbolçu” olaraq adlandırılması da, onun nə qədər önəmli biri olduğunu göstərirdi.
Elə də sabit mövsümlər keçirməyən “Nyukasl”ın hər zaman əvəzedilməzi olan Conas, komandasının Premyer Liqanı tərk etməsinə baxmayaraq, azarkeşləri və komanda yoldaşlarını tək qoymadı. Yenidən komandasını yüksək liqaya qaytaran və elə həmin mövsüm liqanı 5-ci pillədə başa vuran “Nyukasl”ın uğurlarında böyük pay sahibi olmuşdu qəhrəmanımız. Bir mövsüm sonra isə komandasını Avropa Liqasına daşıdı.

Hər şey 2013-cü ilin may ayında oynanılan “Nyukasl” – “Arsenal” matçından sonra başlayır. Oyundan sonra bədənində ağrıların olduğunu bildirən Conasa səhv diaqnoz qoyulur və o, şüa qəbul edir. Bu zaman onun problemi üzə çıxır.  Argentinaya yollanan Qutyerres bir müddət müalicə aldıqdan sonra İngiltərəyə qayıdır. Lakin o, adada xəstəlikdən də böyük zərbə ilə üzləşir. Azarkeşlər üçün böyük anlam kəsb edən futbolçu “Nyukasl” rəhbərliyi və baş məşqçi Alen Pardyu yaşadığı xəstəliklərlə bağlı onu komandadan uzaqlaşdırıb. Ən pis vaxtında klubun ona arxa çevirməsi Conasa daha böyük zərbə vurur.

2013/14 mövsümünün ara transferində Qutyerres “Norviç”ə icarəyə verilir və o, karyerasını bir müddət orda davam etdirir. O günləri Conas belə xatırlayır: “Həmin oyun 2012/13 mövsümünün son turu idi, “Arsenal”la oynayırdıq. Bakari Sanya ilə iki mübarizəyə girdim və həmin an hədsiz dərəcədə ağrılar hiss etdim. Həkimlərə dedim, onlar isə hər şeyin yolunda getdiyini, ağrı olduğu təqdirdə onlara deməyimi bildirdilər. Tətilə çıxdıq, məşq etdiyim anda yenə o ağrını hiss etdim, bunu həkimlərimə bildirdim. Ağrı çox əzab verirdi mənə, həkimlər sakit olmağımı məsləhət gördülər. Lakin ultraşüaya girməyə məcbur oldum. Evə qayıtdım, 2-3 saat sonra həkim zəng etdi və bu sahə ilə məşğul olan digər həkimin yanına getməyimizin vacib olduğunu bildirdi. Həkim otağında “səndə şiş var və bunu sabah əməliyyat etməliyik” dedi. O an sandım ki,  bütün həyatm məhv oldu. Bilirdim ki, bu hamıda ola bilər. O saniyədən etibarən artıq "xərçəng"lə mübarizə aparmağa başladım.  Argentinaya getdim, mülaicə olundum. Sonra yenidən İngiltərəyə qayıtdım...”.

“Nyukasl”ın qapısından geri qaytarılan və “Norviç”ə gedən Qutyerres burada cəmi 4 oyuna çıxır və zədələnir. Bununla, onun üçün mövsüm başa çatır. Xəstə olduğu müddətdə Alen Pardyunun ona kömək etməməsini və klubun müalicə xərclərini qarşılamadığını o, hər açıqlamasında dilə gətirir və buna görə onlardan küsülü olduğunu bildirir.  Komanda ilə son mövsümünə balayanda Conasın ciyərlərində yenidən  ağrılar başlayır və nəticə artıq tam olaraq bilinir: Conas Qutyerres xərçəng xəstəliyinə tutulub.

2014-cü il sentyabr ayında verdiyi müsahibəyə qədər ailəsi ilə martin Demiçelis, Qabriel Hayntse, Ezekyel Lavezzi və Fabirisio Kolloçinidən başqa kimsə Conasın "xərçəng" xəstəsi olduğunu bilmirdi. Bir neçə aylıq kimyaterapiya müalicəsindən  "xərçəngə" qalib gələn Conas, karyerasında bəlkə də ən böyük nailiyyəti qazanmışdı. O, artıq həyatda idi və bu xəstəliyə qalib gələndən sonra sağ qoluna Eminemin “No Love” (Sevgi yox) repində deyilən “Yenidən həyatdayam, bütün həyatım boyunca olduğundan da canlıyam” sözlərini yazdırır. Qismət onun yenidən yaşıl meydanlara qaytarır, yenə də “Nyukasl”ın heyətində “Mançester Yunayted”ə qarşı... 4 mart 2015-ci ildə keçirilən oyuna sonradan daxil olan Conasa ən böyük hədiyyə isə dostu Kolloçinidən gəlir və Qutyerresin həmyerlisi qolundakı kapitanlıq sarğısını ona ərmağan edir.

2015-ci il, mayın 24-ü isə Conasın karyerasına qızıl hərflərlə yazılır. “Ev”də “Vest Hem”i qəbul edən “Nyukasl” Premyer Liqanı tərk etməmək üçün qələbə qazanmaq məcburiyyətində idi. Meydana əsas heyətdə çıxan Conas Qutyerres 54-cü dəqiqədə Mussa Sissokoya ideal ötürmə edir. Uzun illər bu klubun şərəfini qoruyan, "xərçəng" xəstəsi olan və klubundan qovulan, buna baxmayaraq, həm xəstəliyi, həm də düşmənlərini məğlub edən Qutyerres 85-ci dəqiqədə son qolunu atır və bununla da əbədi komandasına mükəmməl şəkildə əlvida deyir.
İndi 33 yaşı olan Conas yenidən İspaniyaya yollanıb və “Deportivo”nun uğurları üçün tər tökür. Pis günlər keçirdi, ölümlə mübarizə apardı, ancaq yorulmadı. Qolunda yazıldığı kimi...








Samir
futbolpress.az


oxunma sayı: 1029 | Paylaş:




?>