')

Bu gün:


FutbolPress.Az | Dekorativ futbol.. və təcili tibbi yardım (YAZI)

Dekorativ futbol.. və təcili tibbi yardım (YAZI)


oxunma sayı: 974 Paylaş:

FutbolPressHəmişə "komitəbazlıq" vurğusu eləməyimiz əbəs deyil - "FutbolPrerss" bu prosesi  detallarıyla diqqətdə saxlamağa çalışıb.

Niyə?

Bu proses Azərbaycan futbolunun hazırkı hökumətinin  10 illik yanlışlıqlarının nəticəsidi. Onlar tam  10 il taladılar-çapdılar və.. neft manatımızı dollar qarşısında acizləşdirəndən sonra qol-qanad qırıldı. Gəlir gətirməyən bu sahədə işıq sürətiylə geriləmə başladı. Klub sponsorları, himayədarları - biri komandanın gəncləşdirilməsi, biri strategiya dəyişikliyi və s. qondarma adlarla geri çəkilməyə əl atdılar.

Əslində isə mahiyyət birdir: legioner futbolçu və məşqçilərə ödənilən pulları hesablasaq, ölkə geridə qalan 10 ildə yüzmilyonlarla pul itirdi. Gəlirsiz sahənin "yuduğu" neft pulları isə devalvasiyadan sonra ölkə futbolunu can üstə qoyub...

***   ***   ***

Futbolun inkişafına dair dövlət proqramının heç 30-40 faizinin reallaşdırılmadığını isə dəfələrlə araşdırmalarımızda müqayisəli və dəlillərlə göstərmişik. Məsələ budu ki, bu futbol hökməti indi də daha 5 il istəyir. Ancaq qarşıdakı beşillik proqramda İŞLƏMƏK lazım olacaq. 10 ildə buraxılan "xoruzların" basdırılması mütləqdi.

Bacaracaqlar? (Xeyr)

Müşahidələr göstərir ki, komitəkratiya siyasəti struktur formasında uğurlu görünsə də tətbiq məsələsində yanlışlıqlar çoxdu.

Ən əvvəl, Klublar Komitəsinin Peşəkar Futbol Liqasına qarşı yaradıldığı gün kimi ortadadı və bu, Elşad Nəsirov - Elxan Məmmədov ordusu ilə Rövnəq Abdullayev - Ramin Musayev cəbhəsinin "ulduz müharibəsidi". Bu müharibə şəraitində heç bir islahat mümkün deyil. Hər iki tərəfin futbolda rıçaqları kifayət qədər güclü və genişdi. Bu qüvvələr qarşıdakı 5 ildə bir-birini belə yıxa bilməyəcək. Elxan Məmmədov hücuma keçibsə, onda  futboldakı rəqib ordusunun bütün "əsgərlərini" aşkarlayıb, bilib,  sıradan çıxarmalıdı. Bu isə praktik  mümkün görünmür. 

Belədə növbəti 5 il də itkiyə gedəcək.

***   ***   ***

Onlar öz didişməyində olsun, sizə Zaqatala səfərimizdən bir az söhbət açaq.

Azərbaycan Premyer Liqasının XXX turunda "Qarabağ"ı qəbul eləyən "Simurq"un start heyətdə optimal onbirliyin beş futbolçusunu buraxmamağı xeyli maraqlı məqam idi. Ancaq, demək olar ki, ikinci heyətlə meydana çıxan Zaqatala komandasının çempionatın liderinə qarşı müqaviməti qan coşdururdu. Oyunu Fərid Ordiyevlə birlikdə "Simurq TV" üçün şərh etmək dəvəti göndərən Rüstəm Allahverdiyevə təşəkkür edirik - bu, özümüzü bütünlüklə bu mübarizənin  içində hiss eləməyimizə əsas səbəb oldu.

Hər anı, detalı, gedişi, dəyişikliyi nəzərdə  saxlamalı idik və bu, mübarizəni bariz hiss eləməyimizə vasitəçi olmuşdu. "Qarabağ" 16 və 80-ci dəqiqələrdə Muaremlə qollar vurub qalib gəlsə də, meydanda möhtəşəm futbol iqlimi hökm sürürdü.  "Simurq"da görülən işlər, edilən cəhdlər xoş təsir bağışladı. Əmmasına isə aşağıda toxunarıq...

Bu arada komandalar arasında ölkə kubokunun yarımfinalının cavab qarşılaşmasının olduqca dinamik keçəcəyi qarantisini almış olduq. Təəssüf ki, işlərin sıx qrafiki yenidən füsunkar Zaqatalaya yollanıb qarşılaşmanı canlı izləmək imkanı vermir, ancaq canlı baxmaq istəyənlər, buna imkanı olanlar fürsəti əldən verməsin. Rekonstruksiyadan sonra 4500-ə qalxan tamaşaçı yeri (Yeri gəlmişkən, AFFA nümayəndəsi tamaşaçı tutumunu səhv yazıb. Rekonstruksiyadan sonra 900 yer artırılıb. Və stadionda boş yer yox idi. Onda necə 3500 tamaşaçı yazır? - red.), əla dağ havası və möhtəşəm futbol, çox maraqlı dartışma; qaçırtmayın bu şansı...

Oyunsonrası mətbuat konfransında Qurban Qurbanov: "Simurq" bizimçün ən ağır rəqiblərdəndi. Bugünkü oyun kubok matçına daha da diqqət və ehtiyatla yanaşmağımıza səbəb oldu" (Bu mövsüm bütün oyunlarda qalib gəlsələr belə, "sarı-qaralar"ın ağır rəqib olduğunu bildirməyi şablon fikir deyil, görünən budu)

Georgi Çixradze: "Əsas heyətlə çıxmadıq, ancaq məğlubiyyətin səbəbini buna bağlamazdım. Biz bütün fikrimizlə kubok  düşünürük"

Bu iki açıqlama arasından belə bir tezis çıxarmaq olar: ya həddindən artıq gözəl matç, dinamikaya seyr edəcəyik, ya da olduqca praqmatik və ehtiyatlı, kəşfiyyat xarakterli matç...

***   ***   ***

Bütün bunlar öz yerində. Çatdırmaq istədiyimiz fikir budu ki, Zaqatala klubu əslində pozitiv görsənsə də, mahiyyətdə problemlər yox deyil. Devalvasiyanın zərbələrindən ən ağırı elə "Simurq"a dəyib. Əsas sponsor Azərbaycan Beynəlxalq Bankı idi. Bankın rəhbəri Cahangir Haciyevin istefası və yerinə təyinatın konkretləşməməi "Simurq"un özünü yetim hiss eləməyinə səbəb olub. Klub qayğılı günlərini yaşayır.

***   ***   ***

Biz mövzuya itirilən 10 il və komitəbazlıq məsələlərindən başlamışdıq. Bir məqamı bildirək ki, bundan sonra futbolun yaşaması üçün işi PUL yox, BAŞlar görməli olacaq. Bununçünsə futbolu bilmək, bilənləri işə cəlb eləmək lazımdı. Və futbolu olan bölgələri - Tovuz və Gəncəni mütləq və mütləq oyatmaq lazımdı.

Onlarsız Azərbaycanda futbol həmişə dekorativ mahiyyətində qalacaq.

Bakının yaşıllıqları dağıdılıb, yerinə bu iqlimə uyğun olmayan bahalı dekorativ bitkilər, ağaclar sancılıb.

Cəmiyyətə ən böyük təsir vasitəsi olan TV-lərimiz də dekorativ... Təhsil sistemi aktiv beyinlər yox, dekorativ geyimlilər istehsal edir. Azərbaycan futbolu da bu sistemin bir bucağı.

Ancaq xilas yolları var.

Zaqataladan danışırdıq. O infrastrukturu olan klubun zəifləməsi, dağılması ehtimalları yüksəkdi. Nəinki "Simurq", Azərbaycan çempionatında "Neftçi"dən başqa istənilən klubun bir anda buraxılma ehtimalı var.

Odu ki, elə "Neftçi"dən başladılan müşahidə surası idarə üsulu başqalarına da tətbiq edilməlidi. Klub bir nəfərdən asılı olmamalıdı, bir cibdən "sallanmamalıdı". Və bu sustemin tətbiqinin mahiyyətində mənimsəmələr olmamalıdı. Məsələn, indiki "Neftçi" rəhbərliyi keçmiş rəhbərliyi pisləməklə məşğuldu. Belə yox... Bu ambisiyaların davamı yaxşı heç nə vəd eləmir.  Qarşıya baxıb, planlar qurmaq, tətbiq eləmək lazımdır.

Elxan Məmmədovdur bu sistemin müəllifi. Sistem isə Böyük beşlik ölkələrindən götürülüb. OK, yaxşı ki götürülüb, ancaq ambisiyasız tətbiq edilməsə, problemlər azalmayacaq.

"Simurq"un dağılması an məsələsi ola bilər.  Futbol hökumətinin "təcili tibbi yardımına" çağırışlar artıb. Xəstələrə ilk yardım edib, onları sağaltmaq mümkün olacaqmı?

Elçin CƏLİLOV


oxunma sayı: 974 | Paylaş:




?>