')

Bu gün:


FutbolPress.Az | Klublar Komitəsinə görə aşkarlanan gizlinlər.. AFFA və "Topaz" şübhələri (ARAŞDIRMA)

Klublar Komitəsinə görə aşkarlanan gizlinlər.. AFFA və "Topaz" şübhələri (ARAŞDIRMA)


oxunma sayı: 2403 Paylaş:

FutbolPressKlublar Komitəsi yaradılması istiqamətində  doqquz  Premyer Liqa iştirakçısının rəsmilərinin iştirakı ilə toplantı keçirildi. Toplantıda sədr seçildi və növbəti iclasın vaxtı (23 dekabr) açıqlandı.

Başqa detallara da toxunuldu. Bizim araşdırdığımız  məqam isə aşağıda...

               ***             ***             ***

AFFA  yekdil seçildiyini iddia etsə də, aydınlaşdırdıq ki,  ilk sədr Tuyqun Nadirov, yekdil yox,  səs çoxluğuyla seçilib.  Səsvermədə də yönlədirmə, təsir olub...

"Xəzər Lənkəran"ın vitse-prezidentinə "Neftçi", "Bakı", "Sumqayıt"ın səs verdiyini də öyrənə  bilmişik. Birincidə yeni təyin olunmuş vitse-prezident Elnur Məmmədov baş katib Elxan Məmmədovun kadrlarındandı, "Bakı" və "Sumqayıt" isə onun kurasiyasında...

Daha uğurlu variantlar ola-ola, məhz məxsus olduğu klubu böhrandan çıxarmaqda heç bir islahat eləyə bilməyən, futbol biliyi çox aşağı olan,  karyerası qaranlıqlarla dolu şəxsin KK-ya sədr seçilməsi... (?)

Bunlar ayrı mövzunun müzakirəsi üçündü. Bizə maraqlı tərəf isə iclasdan sonra Nadirovun "Futbolinfo"ya verdiyi müsahibədə toxunduğu bir məqamdı: "...Digər bir məsələ isə “Topaz” mərc şirkəti ilə klublar arasında olan münasibətdən gedir. Şirkət mərc oyunlarında klubların adından istifadə edir və bunun müqabilində ödəniş etməlidi".

               ***            ***            ***

Şirkət mərc oyunlarında klubların adından istifadə edir və buna görə ödəniş eləməlidi? Bu konkret nə deməkdi? Bu sualdan suallar doğdu: hansı əsasla? Necə? Bunun mexanizmi varmı? Bu açıqlamanın mətiqi nədi? Nadirov nə demək istəyirdi və s.

"Topaz"dan AFFA-ya köçən miqdar və klublar...

Əgər klubların adından istifadəyə görə ödəniş nəzərdə tutulursa, onda bu, sırf ölkə çempionatının oyunlarına qoyulan mərclərin qeyd olunmasıdı - bunun hesablanması mexanizmi isə yoxdu.  "Azəridmanservis" bildirdi ki, belə praktika dünyanın heç bir mərc şirkətində rastlanmayıb. Varsa da, hansısa qurumun xüsusi  müraciəti əsasında ola bilər. Bu da səmərəli vasitələrdən hesab edilmir...

Ancaq istənilən halda, ortada səsləndirilən bir fikir, iddia var və bunu KK-ya sədr seçilən şəxs bildirir. Fikrin izahını ondan  təkrar almağa ehtiyac yoxdu, çünki konkret iddia var: klubların adından istifadə məsələsi.. aydındı.

"FutbolPress"in araşdırmalarından sonra aydın oldu ki, doğrudan da "Azəridmanservis" olaraq, "Topaz"ın qazancından AFFA-ya da pul köçürdülür. Bu, hələ şirkət yaradılanda açıqlanmışdı. Lakin dəqiqləşdirmələr üçün AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqə saxladıq. Məmmədov aydınlıq gətirdi: "Azəridmanservis"in futbol mərc oyunundan qazandığı məbləğin 4.20 faizi Gənclər və İdman Nazirliyinə hesabına keçir.  Həmin 4.20-in 30 faizi isə ordan AFFA-nın hesabına köçürdülür. Bunlar Nazirlər Kabinetinin aidiyyatı qərarı ilə tənzimlənib".

Məmmədov ilk dəfə 30 %-in nə qədər məbləğ elədiyini açıqladı: "Aylıq təqribi 80-100 min manat edir. Bu da, asılıdı, həmin ay futbol yarışlarının mahiyyətindən. Elə ay olur ki, həm Çempionlar Liqasının, həm dünya çempionatına seçmə mərhələnin oyunları olur. Həmin ay gəlir qeyd elədiyimiz rəqəmdən çox da ola bilir. Bu da illik 1 milyon, 1 milyon 200 min civarinda bir məbləğ deməkdi. Təkrar qeyd edim ki, bu, artıb, azala bilən rəqəmdi və AFFA-nın hesabatında öz əksini tapır. 2014-cü ilin hesabatı hələ olmayıb. Bu il Dünya Çempionatı oldu, ona görə gəlirlər artdı. Orta aylıq 140 min manat olmalıdı"

Məmmədov "Topaz"dan AFFA-ya gələn pulun xəritəsi və miqdarını açıqladı. Bəs KK sədri Nadirov bu məbləği nəzərdə tuturdu?

Alternativ variant yoxdur. Çünki "Topaz"dan assosiasiyaya gələn tək maliyyə budu. Digər variant isə Nadirovun nəzərdə tuta biləcəyi - sırf yerli klubların oyunlarından gələn gəlir barədə ola bilərdi - bunun da mümkünsüz qədər çətinliyini yuxarıda qeyd elədik.

Digər variant isə "Topaz"ın PFL-ə titul reklam müqaviləsi ola bilər ki, əgər Nadirov bunu qeyd etsəydi, onda PFL-in adını çəkməli idi.

Biz bu versiyanın mümkünlük dərəcəsini də araşdırdıq və məlum oldu ki, əgər "Topaz PFL-ə ödədiyi məbləğ klublara paylansa, onda cüzi miqdar olur. Qeyri-rəsmi mənbələrdən öyrənmişik ki, bu, 250-300 min arası bir məbləğdi. Belədə PFL-in əksər klubların cərimələrə görə maddi cəzalarını tələb etməsi sərtləşə bilər. Əksər klubların külli-miqdarda borcu var.  Onda ortada anarxik, qeyri-müəyyən durumun yaranması qaçılmazdı. PFL-in büdcəsi cərimələrdən formalaşır...

                     ***              ***              ***

Ən xırda gümandan belə aydın olur ki, söhbət "Topaz"la PFL arasındakı müqavilə yox, şirkətdən AFFA-ya köçürülən aylıq, Məmmədovun səsləndirdiyi, 80-100 minlik məbləğdən gedir.

Bəs klublar bu puldan əldə eləməyi nə qədər haqq eləyir?

Məmmədov: "Klublarla AFFA münasibətlərində maliyyə problemlərinin olması mümkün deyil. Müxtəlif layihələrimiz var. Klubların inkişafı istiqamətində son layihəmiz klub akademiyalarına direktorların AFFA tərəfindən təyinatı və onlar daxil olmaqla, hər klubda 14 məşqçiyə maaşların verilməsi, və s. inventarlar, digər nüanslarla təmini - bunları hamısını biz edirik"

- Bəs klubların "Topaz" şirkətinin onların adından istifadəsi üçün maddi qarşılıq istəməsi nə deməkdir?
- Məncə, Tuyqun bəy (Tuyqun Nadirov - müəl.) hansı nüansı nəzərdə tutursa, bunu gələcəkdə tam açıqlayar, əgər sırf "Topaz"dan AFFA-ya köçürülən məbləği nəzərdə tutduğunu düşünürsüzsə, fikrimcə, söhbətimizdə kifayət qədər açıqlıq gətirdim, bu maliyyənin xərclənməsi də digər məqamlar kimi şəffaflıqla həyata keçirilir və hər şey AFFA-nın illik konfransında açıqlanan hesabatda əksini tapır.

- Siz "Topaz"dan gələn maliyyəni ayrı saxlayırsız, yoxsa ümumi büdcəyə qatırsız?
- Ümumi büdcəyə qatılır və oradan da  uşaq liqalarına, aşağı yaş qruplarının təlim-məşq toplanışlarına, elit-məşq layihələrinə sərf edilir.

- Elxan bəy, ümumi büdcəyə qatılandan sonra sırf "Topaz" pulunun sadaladığınız istiqamətlərə xərcləndiyini bildirmək çətin məsələdi. Belə çıxır ki, bu pul ümumi büdcəyə "donor", "dopinq" kimi istifadə edilir. Həm də naməlumluq demək olar buna...
- Bəli, elədir. Düz qeyd edirsiz. Bunu ayrı saxlamağın, ayrı xərcləməyin bir mənası yoxdu. Ancaq naməlumluq nədə olar bilər? Onsuz pulların hara xərcləndiyi hər ilki hesabatımızda dəqiqliyi ilə əksini tapır. AFFA-nın büdcəsi il ərzində xərclənməlidi və xərclənən stiqamətlər, görülən işlər hesabatda  bir-bir qeyd edilməlidi. Əgər artıq pul qalıbsa, bu, yararsəız hala düşən meydançaların təmirinə xərclənməlidi, hansısa çətinliyi olan, böhrana düşən perspektivli kluba xərclənməlidi.

-  Klublara xaricdən direktor gətirilməsi, ümumiyyətlə, Akademiya layihəsinin büdcəsi 3.5 milyondu. Təxmini hesablamalara görə, "Topaz" gəliri illik milyon yarıma yaxın edir. Onda siz təkcə Akademiya layihəsinin icrası üçün hələ bu gəlirin üstünə də pul qoymalısız. Belədə aləm qarışmırmı bir-birinə? Əgər "Topaz" pulunda klubların gözü varsa, bu konkret məbləğin büdcəyə qatılması qarışıqlıq yaratmazmı?
- Kəsri AFFA-nın büdcəsindən ödəyirik. Akademiya layihəsi kompleks bir layihədi.  Layihəyə keçən ilin yanvarında start verilib. Hər kluba buna görə 250 min manat pul ödənəcək. Biz hər bir işi  əsasnaməyə uyun görürük, heç nə qarışmır.

-  "Topaz"dan gələn pulun bərabər bölünərək klublara paylanmamasına etiraz başlasa və hansısa çətinlik çəkən klub bunu əlində əsas tutub, AFFA-nı məhkəməyə versə...
- Bu məqam əsasnamədə nəzərdə tutulmayıb. Hər şey əsasnaməylə nizamlanır.

- Hansı əsasnamə? Nə nəzərdə tutulub orda?
-  AFFA-nın əsasnaməsi və iri layihələrimizin əsasnaməyə əsasən hazırlanması. Hər şey maliyyə "fair-play"ına uyğun həyata keçirilir və rəqəmlər illik hesabatda əksini tapır.

- Aşağı yaş liqaların da sponsorları, ümumiyyətlə,  AFFA-nın digər sponsorları da var. Büdcənin formalaşdırılması ayrı, sırf "Topaz" gəlirinin klublara paylanması tamamilə ayrı mövzudu. 
- Bunu əvvəlcə aydınlaşdırmaq lazımdı ki, Klublar Komitəsi "Topaz" gəlirini istəyərək konkret nəyi və necə nəzərdə tuturlar.

                          ***                  ***                  ***

Məmmədovun dediyi kimi, aydınlaşdırmaq lazımdı... Aydınlaşdırılası məqamların çox olduğunu gördük. Mövzu diqqətimizdədi və araşdırmamızın növbəti hissələrində təfsilatla tanış olacaqsız.

Elçin CƏLİLOV


oxunma sayı: 2403 | Paylaş:




?>