')

Bu gün:


FutbolPress.Az | Klublar komitəsi: ilk addımdaca saxtakarlıq (QEYD)

Klublar komitəsi: ilk addımdaca saxtakarlıq (QEYD)


oxunma sayı: 914 Paylaş:

FutbolPressNoyabrın 25-i AFFA-nın saytında Klublar Komitəsinin (KK) yaradılacağı haqda məlumat yayıldı.

Klublarla iş və ölkə çempionatı ilə I Divizionun təşkilinə məsul qurum - Peşəkar Futbol Liqasına (PFL) alternativ təsiri bağışlasa da, KK-nın formasiyası haqda nəsə iddia eləmək tez idi. Komitə ilə bağlı həm media nümayəndələrinin, həm də  klub rəsmilərinin münasibətini öyrənmişdik.

Fikirlərini açıqlayan şəxslərin böyük hissəsi qurumun əsasnaməsini gözlədiyini və dolğun münasibəti də yalnız bundan sonra açıqlaya biləcəklərini demişdilər. 

Və 2 gün öncə KK-nin əsasnaməsi çıxdı. Gördük ki, sənədin böyük hissəsi analogiya təşkil edir və PFL-in səlahiyyətlərinə oxşar cəhətlər çoxdu.

Əsasnəmə ilə tanış olandan sonra belə bir sual yarandı: Görəsən, AFFA rəbərliyi və xüsusilə, qurumun prezidenti Rövnəq Abdullayevin səlahiyyətlərini yerinə yetirən baş katib Elxan Məmmədov üçün Klublar Komitəsinin yaradılması niyə bu qədər maraqlı görünür?

Bu suala cavab tapmaqçün ilk  iclası gözləməyə ehtiyac vardı. Nəhayət toplantı baş tutdu.

Klublar Komitəsinin yeni sədri Tuyqun Nadirovun yekdilliklə seçildiyi açıqlansa da, redaksiyamıza məlumatlı mənbədən bildirildi ki, onun sədrliyini baş katib və üç klub istəyib.

Yeni, absurd komitənin ilk iclasdaca saxtakarlıq.. qruplaşma və intriqalara işarə...

Komitə sədrliyinin əslində formal xarakterli olduğunu qeyd edək.  Ancaq formal olsa belə, məhz  Nadirovun sədr "seçilməsi" anormallıqları ilə zəngindi.

2008-ci ildə külli-miqdarda pul yeyintisinə görə Mübariz Mənsimovun qovduğu  "Xəzər Lənkəran" rəhbərliyində Nadirov da var idi və o, yeyintinin baş alıb getdiyi idarə heyətində vitse-prezident idi. Bir il sonra müəmmalı səbəbdən prezident Mais Mənsimovla birlikdə vəzifəsinə qaytarılan Nadirovun klub karyerasında qaranlıq məqamlar çoxdu. 

Ümumiyyətlə, "Xəzər Lənkəran"ın  son 3-4 ildə düşdüyü börandan heç bir çıxış yolu tapa bilməyən şəxsin KK-ya sədr seçilməsi hansı mətiqə əsaslanır. Adını dəqiq bilmədiyimiz o üç klubun Nadirovu seçməyində baş katibin "əli olduğu" isə bir neçə mənbədən bildirilir.

Deməli, Klublar Komitəsinin əsasnaməsindən göründüyü kimi, elə formasiyasında da fərqli, yeni bir şey yox, sadəcə, intiriqa və  çəkişmələr vəd edir...

Görəsən, ilk sədr son illərin iki ən uğurlu klubu - "Qarabağ" və "Neftçi"dən niyə seçilmədi...

Klublar Komitəsinin ilk iclasından sonra baş katib Elxan Məmmədovun müsahibəsində dediyi bir çox məqamlar təəssüf doğurur. Təəssüf isə ondan ibarətdi ki, Məmmədovun futbol təsərrüfatından xəbərsiz olduğu açıqlamalarından büruzə verir.  Məsələn, "Neftçi" və "Xəzər Lənkəran" arasındakı oyunların yayımlanmamasına xüsusi vurğu salan qəhrəmanımız bildirir ki, KK-nın həllinə çalışacağı məsələlərdən biri də çempionatın yayımı olacaq.

Yenə də PFL-ə tərəf atmaca... Baş katibin qeyd elədiyi matçın yayımlanmaması birbaşa "Xəzər Lənkəran" tərəfinin buna mane olmasına görədi. Digər bütün klublar yayımla bağlı hansısa problem yaratmır.

Ümumiyyətlə, yuxarıda qeyd elədiyimiz və predmetlərini dəqiqləşdirmədiyimizçün hələ qeyd eləmədiyimiz məsələlərin təhlili göstərir ki, KK birbaşa Elxan Məmmədovun Ramin Musayevə "əlcək atması" oldu...

Çempionatın reytinqi sürətlə irəliləyir, milli komanda isə FIFA sıralamasında tarixin ən pis nəticəsinə uğrayıb. Təbii ki, bu cür detallar Məmmədovun reputasiyasını "narahat eləyir". O, özünə rəqib, daha doğrusu, nəticələri yaxşı olan konkurent istəmir.  Ortaya çıxan mənzərə də bu ambisiyaların nəticəsidi.

Hələlik Məmmədov Rövnəq Abdullayevə inandıra bilib ki, KK və s. bu cür qurumların yaradılması vacib və lazımdı. Əslində isə hamımıza aydındı ki, komitələrin yaradılması heç nəyi dəyişməyəcək. Çünki işə yanaşma futbolyönümlü deyil. Bunların yanlış olduğunu deyəcək qüvvə də yoxdu, yaxud ortaya çıxıb demək istəmir. Hər halda, futbol aləmində Elxan Məmmədovla münasibətlərinin korlanmasını istəyən yoxdu.

Gözləyək, absurdiya haçana və hara qədər...

Elçin CƏLİLOV


oxunma sayı: 914 | Paylaş:




?>