')

Bu gün:


FutbolPress.Az | Altı sıfır.. üstü də sıfır (II YAZI)

Altı sıfır.. üstü də sıfır (II YAZI)


oxunma sayı: 1518 Paylaş:

FutbolPress

Hə.. harda qalmışdıq?

Ötən məqaləmiz radikal əsəbi tonda alınmışdı. Artıq Foqts yoxdu. Məsələ Foqtsun yoxluğunda yox, avroeyforiyamızı zorlamış bir avropalı xudpəsəndin rədd olub getməsindədi.

Mənfi enerjili hər şeydən uzaqlaşın, ya da özünüzdən uzaq tutun.

...Uzaqdan ölkəmizə baxmaq da ayrıca bədbinlikdi.

Bu məqamı təkrarlamaq istəyirəm – Nərimanoğluna yazılan mesajlara görə əvəzinizə utandım. Belə olmayın. Dünya daha maraqlı, daha zövqlü, daha intellektual, relaks insanlara layiqdi.

Həmkar həmkarın arxasınca elə olmaz. Nə olar ki, bu səfər elə şeydi, gərək səni istəsinlər, dəvət eləsinlər – zorla olmur, ey bəni-adəm. Niyə düzəlmirik...

*** *** ***
İtaliyaya Frankfurtda düşüb, komandanı götürüb yola düşdük. Bakıdan Frankfurta, 4.5, ordan da Palermoya 2.5 saat uçmaq adamdan qanad tələb eləyirdi. Yolüstü yuxumuzu alıb, yenidən Aslan, Firuz, Rüstəmlə söhbətlərimizi, məziyyətlərimizə davam elədik, yol yorğunluğu hiss eləmirdim elə də.

Palermoya enişdə çoxumuzdan bunu eşitdim – nə qəşəng havası...

Uşaqlıqda oyuncaqlarımın böyründə ən çox sevdiyim şeylərdən biri xəritə idi. Xəritələrdə nəzərlərimi cəlb eləyən yerlərdən biri də Siciliya olurdu həmişə. Elə bilirdim, bu dəqiqə çəkmənin ucu kağızdan qopub daşa bir təpik vuracaq (ovaxtlar top ağlıma gəlmirdi).

Hər ölkə, qitə haqda təsəvvür lentimiz olur. İlk dəfəydi ki, cazibəmi cəzb eləyən bir yer - Siciliya haqda təsəvvürlərimlə gördüklərim bu qədər üst-üstə düşürdü. Hətta havası belə - yəni bu qədər.. dejavü.

...Bizimkilər birazdan çıxıb, dünya futbolunda estetik cərəyanlar yaratmış italyanlara qarşı top qovacaq - sizinlə bu haqsızlıq barədə də söhbətləşəcəyik, ancaq Palermo və italiyalı təəssüratımı qısaca bölüşmək istəyirəm.

Hələ 2012-ci ildə “Neftçi” ilə Milan səfərində gördüklərim haqda təəssüratlarımı yazanda ən çox bu vurğunun üzərində dayanmışdım – italyanlara oxşadığımız qədər heç özümüzə oxşamırıq.

Palermoda bunun orijinalını gördük. Bəli, svetoforun qırmızı işığı yananda arxadakı maşınların önündəki üçün siqnal verməyi, yolda sıxlıq yarananda hay-küyün düşməyi, iki şoferin yolun ortasında sürə-sürə bir-biriylə söhbətləşməsi, yaxud iki maşının sərnişinləri... Piyada keçidinə məhəl qoymamaq, küçədə hay-küylə danışmaq və s. Ancaq onlar bunu bizdən fərqli – sanki nəğmə oxuyurmuş kimi edirdilər. Heç kəs bir-birinin acığına yox, sanki bir-birinin əhvalını qaldırmaqçün. Pozitivin zirvəsi bir şəhər...

Milanda – “Ə, Bakı burdan daha müasir şəhərdi” eşitdiyim kimi, Palermoda da uşaqlar arasında “Bunlar heç oyuna akkreditasiyanı belə düz hazırlamayıblar” kimi ironiya, isterikalar da gəldi qulağıma.

Bəli, heç nə...

Məncə, biz akkreditasiya düzəltməkdə belə Avropanı ötdüyümüzlə fəxr elədiyimizçün bu gündəyik.. bazar günündə.

*** *** ***
Oyuna az qalmış stadiona üz tutduq... Yox bir... Belə cümlələri yol qeydlərində görəndə, “Premyer Liqamızın cari mövsümünün (məsələn)”, üçüncü turu arxada qaldı” tipli cümlə yazan köşə yazarı kimi hiss eləyirəm özümü.

Bəli, “Renso Barbera” tam dolmuşdu. Dolmalıydı da. Özü də bölgə.. gəlsənə dolmasın. Nə var ki bunda.



Məsələ o idi ki, rəqibin himni çalınan kimi azarkeşlər alqışladı. Bu nə möhtəşəmlikdi, bu nə centlmenlikdi... Sən niyə bu qədər gözəlsən, Avropa? Niyə rəqibin himnini fitə basmırsan?

Oyun gedir – Pirlo gəmisi oyan-buyana bərq vurur, Buffon mayak kimi ora-bura istiqamət saçır, İmmobile toplu şıltaqlıq eləyir.. Rəşad Sadıqov isə heç olmasa babat bir saç düzümüylə də sevindirmədi bizi karyerasının burasınacan...

Mikayıl Nərimanoğlunun, “Bilirsən, mətbuat katibi olmaq elə-belə deyil e, bax, təkcə e-mailimə nə qədər UEFA-dan məktub, ordan məktub, burdan məktub, yazışmalar, ordan-burdan...” deməyilə başımızı söhbətə qatdığımız vaxt italyanların qol vurması.. hadisə deyildi.

İkinci hissədən bir az keçmişdi ki, bizimkilər hesabı bərabərləşdirdi. Hadisə bu idi. Ancaq Kyellini öz qapısına vurduğu qoldan bizim qapıya da vurdu.
İnsafsızlığın dibi! Bu qədər də olmaz...

2:1.

Açığı, qələbə qazanmış kimi idik. Hətta brifinqdə az qala, bağışlayın, Rövnəq müəllim, haqqınızda sərt tənqid yazanda məqsədim heç vaxt sərt tənqid olmayıb–filan deyim; badə qaldıraq, Siciliya vinosundan, “vino`vat” olmaz adam...

*** *** ***
Səhəri günorta hava limanına yola düşəndə sentimentallıq iqlimi bürümüşdü. 3 gün içində bir şəhər bu qədər doğmalaşarmı adama.. haa, şair?

Saatyarım sonra Osiyekdə eniş edəcəyik – elə də oldu. Biz çox sakit, tər-təmiz, lap təmiz bir şəhərə qədəm qoymuşduq.


“Buzovlar ölkəsi”ndən çıxıb sakitliyə düşmüşdük... Şəhər elə bil Azərbaycan yığmasının başına açılacaq fəlakətöncəsi sükunətə qərq olmuşdu.



Osiyeki gəzdik. Bizi müşaiyət eləyən sürücü xeyli məlumatlandırdı. Mənim qaydasız döyüş rinqindən sevdiyim Mirko Krokop (Foilipoviç) haqda soruşanda sürücü dedi ki, Serbiya ilə müharibədə Mirko ilə bir yerdə - xüsusi təyinatlı dəstədə döyüşmüşük. Qolundakı xüsusi döyməni və dizindəki güllə yarasının izlərini göstərdi. Xüsusi dəstə Xorvatiyanı düşmənlərindən qoruyan mərd oğullar olub. Osiyek isə 3 tərəfdən hücuma məruz qalmış, yalnız bizim yerləşdiyimiz Valpovoda müdafiə qurublarmış. Qarabağ müharibəsindəki itkimizdən azı iki dəfə çox, 120 min şəhid vermiş Xorvatiya haqda öyrənməyə çalışın - “Köhnə Dünya”nın qabırğasına sancılmış amiranə Yuqoslaviyadan çıxdıqdan sonra özünü sübut eləməyi bacarmışlıq fərəhi var onlarda.


Xorvat qızları... ee.. bir dəqiqə..

Yığmamız 5-ci qolu buraxandan sonra Rövnəq Abdullayev əsəbi vəziyyətdə stadionu tərk edirdi. Ətrafdan gülüş, kinayə səslərini eşitmədi, biz eşitdik. Hələ stüartlardan biri 6-cı qolu diksinti refleksiylə qarşılayan Ceyhun Rzayevə təsəlli verdi. Mənisə deməyin... Hələ az qala, utanmadan sizə bundan əvvəlki abzasda xorvat qızlarının gözəlliyindən danışmaq istəyirdim.

Biz hələ gözəlliyə gözəl baxmağı öyrənməliyik.

Oyunsonrası mətbuat konfransında elə bilirdim, möhtəşəm Avropanı gözümüzdən salan Foqts hansısa missioner təşkilatın missiyasını yerinə yetirir. Bu qədər əbləh avropalı..? - Qaqaş, hər yerin pisi вə var, yaxşısı da, elə danışırsan ki, brat... - Oldu, üzr istəyirəm, mən dayandım.


Elçin CƏLİLOV

(Ardı ola bilər)


oxunma sayı: 1518 | Paylaş:




?>