')

Bu gün:


FutbolPress.Az |  “Hafka”nın son həmləsindən əvvəl... (YAZI)

 “Hafka”nın son həmləsindən əvvəl... (YAZI)


oxunma sayı: 1680 Paylaş:

FutbolPress“Bakı” dağılacaqmı.. dağılırmı.. dağıldımı – necə olacaq bu işin aqibəti? Suallar Azərbaycan futboluyla yaxından-uzaqdan maraqlananları məşğul edir.

“Bakı” maddi-texniki təminat, bazası, uşaq futbol infrastrukturu olan 3-4 yerli klubdan biridir. Birdən-birə niyə bu vəziyyətə düşsün?

- Yarım ilə yaxındı işçi heyət və komandanın maaşları verilmir.
- Bir neçə aydı klub prezidenti Hafiz Məmmədov düşərgəyə baş çəkmirdi... çəkə bilmirdi və s.
- AFFA niyə.. məhz  niyə AFFA “Bakı”nı FIFA-ya şikayətlə 150 min avroyadək  maddi cəzaya məruz qoyan Aleksandr Tamovski və Ruslan Leviqanın qalib şikayətlərinin “ştrafını” ödəməlidi?
- “Bakı” düzələcəkmi?


Birinci bənddən başlayaq. Maaşlar ona görə verilmirdi və həm də başqa problemlər ona görə çıxırdı ki, bunu “Hafka” belə istəyirdi... Buna birazdan qayıdarıq.

Məmmədovun maliyyə iflasına uğradığını xarici mətbuat da yazıb və s. Ancaq onun fiasoya düçar olması kökündən yanlış, əsaslandırılmamış və sübut edilməmiş versiyadı. Hafiz Məmmədov bitməyib -  çöküşü rəsmən mümkün deyil. Çünki neftdaşımalardan tutmuş, sosial sektordakı əksər iri layihələrin hərəkətə gətirilməsi onun payındadı. Bu sahələrdə işgörən qüvvə “Hafka”dı. Nəzarətində olan şirkətlərin (vikipediadan və analoji digər mənbələrdən oxu) ondan geri çevrilməsi, “boşadılması” üçünsə sadəcə, azı 1 il vaxt lazımdı. Bunu təcrübəli iqtisadçı ekspertlər də bildirir.

Başqa yalnız bir yol var – həbs. Məhz bu variantda “Hafka”nın çökdüyü, çökdürüldüyü haqda yazılanların gerçək olması xeyli sürətlənə bilər.

Ancaq ortada bu fakt yoxdu...

Olacaqdı, ancaq olmadı. Ona görə olacaqdı ki, istənilən məmurun həbsi üçün çalışan digər iri məmur məhkəmə və hökumətlə bu haqda ortaq istəkdə olanda onların bunu gerçəkləşdirməkçün kifayət qədər “qanuni” imkanları olur...

Hafiz Məmmədov “burxulanda” fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olan media orqanlarının ona qarşı apardığı aşkar qara piar isterikasının izinə düşənlər çox az oldu.

Biz sizə bu isterikanın, həmlənin məqsəd və məramları haqda təfsilatlı arqumentlər  çəkə bilmərik, ancaq görünəni – faktı bildiririk.


                                               ***

“Hafka”nın çöküşü hələ 2-3 il əvvəldən başlamışdı. Onun AFFA prezidenti olacağı, olmaq istədiyi və s. bu kimi versiyalar medianı sarıyanda, o, bunu təkzib edən açıqlamalar vermədi. Hər halda,  ətrafında olan media mütəxəssisləri, kuratorlar Hafiz Məmmədovu bu haqda məlumatlandırmışdı və bunun ciddi proses, hadisə olduğunu ona anlatmışdı. Onda niyə bu cür dezinformasiyalar təkzib edilmirdi?

Zaman keçəcəkdi və aydın olacaqdı ki, “Hafka”nın mediadakı AFFA prezidentliyinə gəlişi haqda təbliğatı istənilən imiş. Niyyətdən duyuq düşən Rövnəq Abdullayevin komandası qarşı tərəfə bunun təkzibiylə bağlı cəhdlər göstərməyi təklif etsə də, təklif dəyərləndirilməmiş, əksinə, “Hafka”nı prezident görmək istəyində olan və bu yöndə çaba sərf eləyən media orqanlarına maliyyə yardımının artdığı haqda məlumatlar var idi.

Hafiz Məmmədovla Rövnəq Abdullayevin toqquşması gözlənilən idi və təcrübəli yazarlar həmişə bunu proqnoz edirdi. Ancaq bu, Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər zamanı “Hafka”nın davranışından sonra özünü aşkar büruzə verdi.

100 illik tədbirlər çərçivəsində nəzərdə tutulan ən irimiqyaslı hadisə - Azərbaycan millisiylə dünya yığması arasındakı yoldaşlıq oyunu gününə Məmmədovun sponsorluq elədiyi “Atletiko Madrid” Bakıya səfərə gəlir və ölkə başçısı İlham Əliyevin qəbulunda olur. Həmin görüş böyük rezonans yaratmışdı... və Rövnəq Abdullayevin ora dəvət alsa da, iştirak eləməməsi aradakı gərginliyin SOS siqnalından  xəbər vermişdi.

Abdullayevin tədbirləri “Atletiko”nun səfərinin kölgəsində qaldığı üçün onun görüşə gəlməməsi pərdəarxası müharibənin açıq müstəviyə keçəcəyinə işarə idi.

                                                ***

Bundan sonra “Bakı” sıxışdırılmağa hədəf olur. Rövnəq Abdullayev hər imkandan istifadə eləyib yuxarı dairələrdə “Hafka”ya olan isti  münasibətin soyumasına qismən nail olur. Belədə onun maliyyə imkanları zəifləyir. Pulgətirən bir neçə iri sahə əldən çıxır. Bütün gücünü “Lans”a qoyan işadamı orda da uğursuzluqla, bir növ, “quraşdırılmış fırıldaqla” qarşılaşır.

Məmmədovun Fransadakı sponsorluqla qazandığı nüfuzu Azərbaycan hökuməti qarşısında xərcləməsinə vaxt, şans qalmır. Fransada Məmmədova qahmar çıxacağını söz verən oliqarxlar belə ona dəstək olmur. “Hafka”nın düşərgəsində bu gözlənilməz situasiyanın yaranmasında Rövnəq Abdullayevin cəhdkar bilinməsi haqda “əfsanələr” dolaşır...

Belədə anidən İngiltərəyə, “Şeffild Uenzdey”ə sponsorluq ideyası yaranır və bu yolla başqa bir iri ölkədən dəstək əldə etmək şansına bel bağlanır. Bu isə diletant bir addım idi...

                                                    ***

Hafiz Məmmədovun “Bakı”nı dağıtmaq niyyəti isə, necə deyərlər,  Rövnəq Abdullayevə qarşı əks-hücum kimi dəyərləndirilir. Əgər “Bakı” yoxdusa, onun yerinə hansı komandanı ölkə çempionatına gətirmək olar. “Bakı” kimisi yoxdu... AFFA klublarla münasibətin tənzimlənməməsinə görə gələcəkdə günahlandırıla bilər və s.

Yuxarıda qeyd olunan “ştrafların” AFFA-dan ödənməsi məsələsi isə Abdullayevin Məmmədova əl uzatması kimi idi – gəl bu gərginliyi yox eləyək, sən AFFA prezidenti olmaq istədin, mən buna qarşı çıxdım, sonra sən mənim buna görə elədiyim cəhdlərin nəticəsində gözlənilmədən xeyli zəiflədin, sonra sən əks-hücuma keçdin, bu da mənə heç cür sərf eləmədi, zəif nöqtəmdən yapışdın, “Bakı”nın itirilməsi mənim nüfuzuma birbaşa zərbə olar və s. Gəl, borcları ödəyim, klub üçün hazırladığın bazanın böyük xərclərini də qarşılayım və s. “imtiyazlar” tanıyım sənə, olsun, bitsin bu iş artıq.

Ancaq “Hafka” hələ “yumşalmır”... O, çox acıqlıdı. Mənbələrdən sızan məlumatlarda onun xaricdə kifayət qədər pulunun olduğu bildirilir. Məmmədov o pulları işə salmaq üçün mexanizm hazırlayır. İşə düşəcək bu mexanizm Azərbaycan futbolunun yaxın gələcəyin “action” səhnəsinə çevirə bilər...

Elçin CƏLİLOV


oxunma sayı: 1680 | Paylaş:




?>