')

Bu gün:


FutbolPress.Az | XL azarkeşlərinin diqqətinə!   (YAZI)

XL azarkeşlərinin diqqətinə!  (YAZI)


oxunma sayı: 1216 Paylaş:

FutbolPress“Xəzər Lənkəran”ın son iki ili uğursuzluq burulğanında batmasına qarşılıq islahatlar yalnız bir istiqamətdə aparılıb: məşqçi dəyişilikləri... Onun da uğursuz nəticələri göz qabağındadır.

Dünya futbolunda aksiomalardan biri də belədir ki, əgər bir klubda  tez-tez məşqçi dəyişdirilirsə, deməli, o komandanı baş məşqçi idarə eləmir...

Fikir verin, Mirça Rednik göndəriləndən sonra Yunis Hüseynov, Cüneyt Biçər, guya “Barselona” akademiyasında işləmiş, əslindəysə, adi uşaq futbol məktəbində məşqçilik eləmiş Karles Bakesin yalançı hay-küylə gətirilməsi, tezliklə də qovulması, sonra dünya şöhrətli Con Toşak...

İndi də Türkiyə futbol tarixinin 3 ən ciddi məşqçisindən biri, Mustafa Dənizli... Komandaya yeni qoşulan və bərbad halda təhvil alan mütəxəssisin əleyhinə son günlər qara-piar kampaniyası başlayıb.


                                      ***                 ***                 ***

Dənizliyə qədər bütün məşqçilərin uğursuzluqla göndəriləcəyini (qovulacağını) bildirən “FutbolPress”  təəssüf ki, həmişə doğru çıxıb. Klubdakı tolerant fikirli adamlar hesab elədiklərimiz də yazdıqlarımıza  aqressiya ilə yanaşıb. Onlar sadəcə, işini itirməkdən qorxan və müstəqil düşüncəni təxirə salmış adama oxşayırlar. Elə iki tur əvvəl Lənkəran stadionunda “Qəbələ” ilə qarşılaşmada jurnalist kimi mənə qarşı edilən hərəkətləri görən klub rəsmilərindən heç kəsin reaksiya verməməsi klubdakı ab-havanın pis olduğunu aşkar büruzə verdi. Əslində, press-lojada jurnalistin təhlükəsizliyi təmin olunmadığına üçün UEFA-ya edəcəyim şikayətə görə kluba ciddi sanksiyanın tətbiq ediləcəyindən xəbərsiz olduqlarını da asanlıqla bildirə bilərəm. O rəhbərlikdə futbol qaydalarından heç xəbərdar olmadıqlarını sübut eləməyə gərək belə yoxdu, ədalət hissini itirməmiş hər kəs bunu onsuz aydın görür, bilir və başa düşür.  Sadəcə, şouya dönməməsi üçün bu məsələnin ciddiyyətinə varmadım və inanmıram ki, bir oyun boyu mənə qarşı edilən o hərəkətlər göstərişsiz idi, lap göstərişsiz olsa belə, rəhbərlikdən bu hoqqanı görüb hadisəyə müdaxilə edilməməsinin özü də bir ritorik  sualdır və s.

Hətta Toşak məsələsini yazıb qabardanda bizim aşkar qərəzli olduğumuzu bildirənlər bunun tezliklə şahidi oldular və 0:8 hesablı ləkə rəsmiləşdi və s.

Məsələ bundadır ki, klubun düşdüyü ağır durumdan çıxa bilməməyi klubdakı idarəçilərin öz bacarıqsızlıqlarını məşqçilərin boynuna atmasındadır. O rəhbərlik  silinən 6 xal məsələsində necə aciz qalmışdısa, çıxış yolu tapa bilmirdisə, iki il əvvəl başlayan bu “qıfıl dönəmi” də açmaqda çətinlik çəkirlər.

Azarkeşlərə bir məqam  yəqin aydın deyil ki, niyə bu qədər məşqçi dəyişilir, ancaq komanda niyə düzəlmir... (Yeri gəlmişkən, media ilə yanaşı, müxtəlif azarkeş qruplarına da pul ötürülür ki, FP-ni gözdən salın, kluba etiraz eləyən azarkeşləri təbliğatınızla fikirlərindən daşındırın)

Səbəbin rəhbərlikdə olduğunu dəfələrlə yazmışıq, özümüzü təkrarlamaq istəmirik. Bir həssas məqamı bildirək: klubun büdcəsi də müstəqil deyil.

Mübariz Mənsimov onları arzulanan nəticə qazanılana qədər bu müstəqillikdən məhrum edib. İrimiqyaslı maliyyə ehtiyacları yalnız İstanbuldakı ofis vasitəsiylə həyata keçirilir.

Ora bildirilməsə, burdakı ofisdə o qədər pul ola bilməz...

Bu da bu rəhbərliyi qane eləmir.

Tuyqun Nadirov və prezident Mais Mənsimov bir-birini “sığortalamaq” üçün hər addıma əl atmağa hazırdılar. Çünki onlar bir-birinə sərf edirlər. Onlara onlarla “hesablaşacaq” məşqçi lazımdır. O “məşqçini” tapana qədər belə qarayaxmalar, torbatikmələr, qovulmalara çox rastalaşacağıq. Onlara futbolçu transferində şişirdilmiş qiymət və mənimsənilən məbləğ üçün şərait yaradan məşqçi lazımdır. Şəxsiyyəti olan, belə anormallıqlara yol verməyən yox... Onlara tineycer saytlar, həqiqəti yazmamağı vicdanına sığışdıran jurnalistlər, məddah kollektiv lazımdır...

Bəs niyə belə “məşqçi” tapa bilmirlər? Çünki məşqçi seçimi onlarlıq deyil. Məşqçilər birbaşa İstanbul ofisindən və ya Mübariz Mənsimova yaxın adamlardan məsləhət görülür...

                                           ***                ***                ***

İş o yerə çatıb ki,  mediada maliyyə əməkdaşlığı elədiklərinin böyük əksəriyyətinin qarşısında şərt qoyulub – rəhbərlik açıq tənqid olunmamalıdır.

Təsəvvür edin, onlara nisbətən  daha yaxşı nəticələri olan “İnter”, “Qəbələ”, “Simurq” ən radikal, böhtan, hay-küylü yazılara  hədəf seçilsə də, XL rəhbərliyindən ifşaedici məqalələr yazan çox az sayt var. 

Yazının bir küncündə rəhbərliyi tənqid edirmiş kimi “manevr” edənləri də  diqqətlə oxusaz, görərsiz ki, rəhbərliyin günahı ən pis halda baş məşqçilərə həddən çox səlahiyyət vermələri şəklində göstərilir. Halbuki, bu da manipulyasiyadır. Necə yəni rəhbərlik baş məqşçiyə səlahiyyət verməklə günahkar olur, səhv edir... Bu nə absurddur?

Mediada XL haqda son vaxtlar artan tənqidi məqalələrə də fikir versəz, əsas hədəfdə məhz Mustafa Dənizlidir. Səbəb?

Niyə Dənizli günahkar sayılır? İlk ilindəcə heç mövsüm başa çatmamış məşqçidən “ölü komandanı” dirildib mükafatlıq nəticə tələb eləyən rəhbərlik niyə normal sayılmalıdır, Dənizli təqsirkar?

Milyonluq Toşakın iflasdan xilas edə bilmədiyi heyəti Dәnizli kubokun qalibi eləməlidi? Hə, onun istədiyi transferləri ediblər? Nə olsun? Transfer üçün pul ayırmaqdan, sonra da nəticə olmayanda, "gördüz, mənlik deyil, məşqçilikdir" deyib, sudan quru çıxmaqdan başqa  nə bacarır bəs bu idarəçilər?

Mustafa hocanı biri dindirsin, görün, o heç özü transferlərdən razıdırmı? Bizim dindirməyimizə mane olarlar. Nəinki mane, hətta biz Lənkəran stadionunda olanda jurnalistlərə paylanan protokollardan bizə verilmir. Elə bil, əvəz çıxmaq, küsmək meydançasıdı, gülməkdən güclə saxlayırıq özümüzü.. 
Əslindəysə, protokolları paylamaq, jurnalistlərə, KİV-lərə ünsiyyət qurmaqçün  maaş verilən adamın özünü Buratino kimi aparması, “Karlson xoşbəxtliyi” özündən başqa heç nəyə faydalı deyil... Mediayla davranışın əlifbasını bilməyən adamı mədhiyyələrinə görə klubda işə gətirmək ən yaxşı halda bu rəhbərliyin fantaziyasının məhsulu ola bilərdi elə... Bu nədir ki, hələ o qədər gülməli, əttökən “islahatları” olub ki, yazılası deyil...

İndi də Mustafa hocanın, az qala, bacarıqsızlığını iddia edəcəklər.

Əvvəla, transferlərin əksəri qeyri-peşəkardı. Klubun normal seleksiyası olmadığı görünür.  Seleksiyaçıların baş məşqçiylə işbirliyi hansı çərçivədə mümkündür - sual verin, bilməyəcək bu rəhbərlik, ancaq Mustafa kimi sübutedilmiş mәşqçinin imicinin pozulmasını sifariş versinlər, hə, bunda pərgardılar...

Mustafa hocanın  burda olduğu qısa müddətdə gözəyarı öyrəndiyi yerliləri sifariş verməsində qəbahət heç nə yoxdur.

Qış toplanışında komandanı yaxından müşahidə eləyib bu qənaətə gəlmişdik ki, bunaqədərki məşqçilər arasında ən yaxşısı Dənizlidir. Komandanın oyununda ciddi dəyişiklik var idi və bu, özünü qış fasiləsindən sonra da bariz göstərdi. Ən iddialı komandalardan qələbə xalı qazanan XL birdən-birə yenə mənasız xal itkilərinə başladı... Səbəbləri ortaya çıxarmaqçün hansı addımlar atıldı? Mediada "Mustafanı nəticə göstərməyə gətirmişdik" kimi açıqlamalar yaydırmaqla? Milyonluq Elias transferi eləyib, əsas heyətdə möhkəmlənə bilməyən futbolçuya görə utanmaq borcu kimdədir? 

Əgər bu komandadakı bütün yaş qrupları daxil, əsas komandanın toparlanmamasında təqsirkar rəhbərlik yox, başqa amillər göstərilirsə, bu, ənənəvi hiylədir. Belə olmaz.. XL-in azarkeşi 10-15 mindən 2-3 minə enib. Çünki onlar uğursuzluqlardan bezdilər, onlar həbs edilmiş və üç il iş kəsilən azarkeş həmkarlarına görə klub rəhbərliyindən və onların yalanlarından bezdilər, küsdülər.

Bütün bu arzulanmaz hallar isə XL brendini, anlayışını, camiəsini nüfuzdan saldı, zəiflətdi və təəssüf ki, günahı, səhvi özündən görmədi heç biri... Hazırkı XL idarə camiəsi tineycer yığınına oxşayır. Sıfıra qədər təmizləyib, yeni sistem, yeni proqram qurmaq lazımdır ki, klub və komanda bəd seriyadan xilas olsun. Başqa cür mümkün olmadığına and da içilsə, bu rəhbərlik tutduğunu buraxan deyil.   

Bu klubun dirçəldilməsi üçün çarə kənara çəkilməyinizdir.

Elçin CƏLİLOV


oxunma sayı: 1216 | Paylaş:




?>