')

Bu gün:


FutbolPress.Az | Qəbələdə qələbə axtarışı - seriya qırılacaqmı?

Qəbələdə qələbə axtarışı - seriya qırılacaqmı?


oxunma sayı: 380 Paylaş:

FutbolPress"Qəbələ" Azərbaycan Premyer Liqasının XXX turunda bu gün "Turan Tovuz"u qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşə saat 16:30-da start veriləcək.

Turnir cədvəlinin sonuncu sırasında yer alan "Qəbələ" elitada qalmaq uğrunda son çırpınışlarını edir. Komandanın riyazi olaraq şansları davam etsə də, özündən 14 xal irəlidə olan "Kəpəz"in qalan 7 turda 5 dəfə uduzması real görünmür. Gəncə təmsilçisi Adil Şükürovun rəhbərliyi altında yaxşı oyunla yaxşı nəticələrə imza atır. "Sarı-göylər"in ötən turda "Araz-Naxçıvan"ı məğlub etməsi "qırmızı-qaralar"ın planlarını pozdu.

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv APL-də qalmaq üçün ya AFFA-nın komanda sayını artırmasını gözləməli, ya da çempionatdakı qalan bütün oyunları qələbə ilə başa vurub, "Kəpəz"in xal itirməsini gözləməlidir. Bir sözlə, çempionat yolu ilə elitada qalmaq "Qəbələ"nin öz əlində deyil.

Komandanın daha bir acınacaqlı vəziyyəti sərgilənən oyunla bağlıdır. Elmar Baxşıyevin dövründə nəticələr yaxşı olmasa da, hücum futbolu oynayan, daim qol axtarışında olan, meydanın hər qarışı üçün amansız mübarizə aparan "Qəbələ"lilərdə o ruh da qalmayıb. İstəksiz təsir bağışlayan komanda məğlub olduğu oyunlarda da başabaş mübarizə apara bilmir.

Baxşıyevin göndərilməsindən sonra baş məşqçi postuna gətirilən Sxadadze hələ qələbə görməyib. Üç xala həsrət qalan gürcü mütəxəssis əvvəl futbolçuların fərdi keyfiyyətindən gileylənirdi, indi isə futbolçuları istəksiz oynamaqda ittiham edir. Komanda daxili vəziyyətin nə yerdə olduğunu özləri daha yaxşı bilər. Ancaq "Qəbələ" kimi yaxşı infrastruktura malik, Azərbaycan futbolunda akademiyası, çempionatda və kubokda nəticələri ilə adından söz etdirən komandanın indi "zirzəmi"də olması ölkə futbolu adına xoş deyil. 

"Qəbələ" Premyer Liqada sonuncu qələbəsini ötən ilin sonunda alıb. "Qırmızı-qaralar" ev oyununda "Sabah"a qalib gəlib. Bölgə təmsilçisi bundan sonra çempionatda keçirdiyi 11 oyunda 2 heç-heçə edib, 9 dəfə məğlub olub. 

Şahin Cəfərov


oxunma sayı: 380 | Paylaş:




?>