')

Bu gün:


FutbolPress.Az | Samir Əliyev: "Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki..."

Samir Əliyev: "Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki..."


oxunma sayı: 782 Paylaş:

FutbolPressAVRO-2025-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan U-21 - Ukrayna U-21 oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub. Bu ölkədə hər zaman güclü futbolçular yetişib. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar. Martın 22-də İngiltərə ilə keçirilən oyundan sonra futbolçuları bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu. Oyuna gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, bizim də qol vurmaq üçün real imkanımız oldu. Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər.

- Növbəti oyun 6 ay sonra Lüksemburqa qarşı olacaq. Həmin oyunda nəyinsə dəyişməyinə ümid var?
- Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaq. Çünki onların potensialını bilirik. Amma zaman keçdikcə görürük ki, heç kim oynamır. Ukrayna ilə ötən ilin noyabr ayında oynamışdıq. 4 ay fasilə olanda çətinlik çəkirik. İyul ayında UEFA-nın pəncərəsi var. Yoldaşlıq görüşləri nəzərdə tutulub. Başqa turnirlər də var. AFFA-ya yeni rəhbərlik gələcək. Maliyyə lazımdır. Həmin pəncərə zamanı mütləq oyunlar keçirməliyik.

- Əsas heyətdə minimum 8 futbolçu Premyer Liqada oynamırsa, U-21-dən nəticə gözləməyə dəyməz. Razısınız bu fikirlə?
- Mənim yerimdə kim olur-olsun, çətin məsələdir. Premyer Liqada oynayan 15 futbolçu olsa belə, Ukrayna, İngiltərəyə qarşı mübarizə aparmaq çox çətindir. Amma olarsa, işimiz bir az rahatlaşar. Bu oyunlar göstərdi ki, Premyer Liqada, I Liqada və əvəzedicilər liqasında oynayan futbolçular arasında fiziki hazırlığa görə fərq var. Premyer Liqada oynayan futbolçular daha hazırlıqlıdır. I Liqada oynayanlar çatdırmır. Bu, bu günün problemi deyil.

Məlik Məlikov


oxunma sayı: 782 | Paylaş:




?>