')

Bu gün:


FutbolPress.Az | İki oyun, iki qol - milli FIFA turnirində necə göründü?

İki oyun, iki qol - milli FIFA turnirində necə göründü?


oxunma sayı: 2049 Paylaş:

FutbolPressAzərbaycan millisi “FIFA series-Edition 2024” turnirində son oyununu keçirdi. Arif Əsədovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Bolqarıstan yığması ilə heç-heçəyə razılaşdı – 1:1.

Turnirin Monqolustanla ilk oyunundan sonra tənqidlər daha da artmışdı. Qat-qat zəif olan yığmaya son dəqiqə qolu ilə qalib gələn komandaya narazılıqlar çox idi. Millinin monqollarla müqayisədə daha güclü olan bolqarlarla dueli isə maraqla gözlənilirdi.

Turnirə ev sahibliyi edən Azərbaycan yığması Bolqarıstanla matçda daha üstün tərəf oldu. Hər iki hissədə kifayət qədər qol şansı yaradan milli cəmi bir qol vura bildi. Həm də son dəqiqələrdə - hesabda geri düşəndən sonra. Müdafiədəki diqqətsizlikdən qol buraxan yığma bundan sonra daha əzmkar oyun sərgilədi. Düzdür, qol epizodu ilə bağlı narazılıq haqlı idi, top rəqib hücumçudan çıxsa da, hakim künc zərbəsi qərarı verdi və bolqarlar fərqləndi. Bu əsnada bizimkilərin başı hakimə narazılıq bildirməklə qarışmışdı.

Qoldan sonra irəli atılan millidə sonradan oyuna daxil olan Ceyhun Nuriyev və Emil Mustafayev cinahlarda fərq yarada bildi. Məhz qolun ötürməsi də Nuriyevin adı ilə bağlı oldu. Söz düşmüşkən, Mustafayev də az şans qazansa da, özünü göstərməyi bacardı.

Qoldan sonra qələbə axtarışına çıxan milli bir-iki epizod yaratmaqla kifayətləndi. Yekunda tabloda eyni rəqəmlər var idi – 1:1.

Həm Monqolustan, həm də Bolqarıstanla oyun hücumda bitirici problemi oluğunu qabarıq şəkildə göstərdi. Hər matça ortalama 20-yə yaxın zərbə endirən milli cəmi iki qol vura bildi. Legioner həyatı yaşayan Renat Dadaşov, Ramil Şeydayev irəlidə ciddi fərq yarada bilmədi. Bu da onların komandalarında az şans qazanması, praktikasının azlığı ilə bağlıdır. Yarımmüdafiədə ciddi axsaqlıqlar müşahidə olunmadı. İlk oyunda qapıda Rza Cəfərova şans verən Əsədov daha ciddi rəqib – Bolqarıstanla matçda Şahruddin Məhəmmədəliyevə güvəndi. “Şah” da bir-iki epizodu çıxmaqla pis təsir bağışlamadı. Polşada LKS Lodz klubunda davamlı oynayan Rahil Məmmədov fiziki olaraq daha diri olduğunu göstərdi. Digər oyunçularla bağlı da ciddi problem görünmədi.

Ümumiyyətlə, FIFA-nın yeni layihəsi olan yoldaşlıq turniri hücumdakı axsaqlıqları görməyə kömək oldu. Növbəti rəsmi oyun sentyabrda Millətlər Liqasında olacaq. Ona qədər bir neçə də yoldaşlıq görüşü keçirəcək Azərbaycan yığmasında hələ baş məşqçi məsələsi də aydınlanmayıb. Böyük ehtimal, aprelin 2-də AFFA-da prezident seçkilərindən sonra konkret namizədlər müəyyən olunacaq və danışıqlar başlayacaq.

Müvəqqəti baş məşqçi vəzifələrini icra edən Arif Əsədov ciddi dəyişiklik etmədi. Demək olar, meydana çıxan futbolçular fərdi bacarıqları hesabına nələrsə etməyə çalışdı. Kimində alındı, kimində yox. Lakin iki oyuna baxaraq, məşqçi işinin göründüyünü demək çətin olar. Oyun üslubu olmayan, sağ, sol cinahlardan irəli çıxan, bəzən mərkəzdən qapını yoxlayan futbolçular komanda şəklində oyun nümayiş etdirmədi.

Şahin Cəfərov


oxunma sayı: 2049 | Paylaş:




?>