')

Bu gün:


FutbolPress.Az | Bayılda fərqli hissələr: oynayan başqa, qazanan başqa

Bayılda fərqli hissələr: oynayan başqa, qazanan başqa


oxunma sayı: 280 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVI tura bir oyunla start verilib. “Sumqayıt” səfərdə “Səbail”ə minimal hesabla qalib gələrək, turnir cədvəlində oyun sayı üstünlüyünə görə ikinci sıraya yüksəlib.

Ötən turda “Qəbələ”ni geridönüş edərək məğlub edən (3:2) “Səbail” “Sumqayıt”la ev oyununda üstün tərəf olsa da, meydanı xalsız tərk etdi. İlk hissədə müdafiəçilərinin mövqe səhvindən geri düşən “dənizçilər” çox çalışmasına baxmayaraq, hesaba tarazlıq gətirə bilmədi. İkinci hissədə penalti qazanan meydan sahibləri bundan da uğursuz oldu. “Sumqayıt”ın qolkiperi Mehdi Cənnətov iki gözəl seyvi ilə komandasının qələbəsində əsas pay sahibi oldu desək, yanılmarıq.

Bayılda iki fərqli hissənin şahidi olduq. Birinci yarıda “Sumqayıt”, fasilədən sonra isə “Səbail” təzyiqini artırdı. Bir neçə dəfə real qol şansı yaxalayan “dənizçilər” qol vura bilmədi. Şahin Diniyevin komandasında bu mövsüm nəzərə çarpan iki əsas problem bitiricilik və müdafiədəki boşluqlardır. Xüsusilə, arxa xətt oyunçuları mövqe seçimində səhvlərə yol verir və bu, rəqiblərin fərqlənməsinə böyük şərait yaradır. Qış fasiləsində heyətə cəlb olunan Ayub Masika və Madi Qetanın oyununda irəliləmə hiss olunur. Cinahdan sürətli reydləri ilə rəqib müdafiəsini yarmağa çalışan vingerlər bəzən uğurlu olsa da, bitirici hücumçu problemi epizodların nəticəsiz qalması ilə tamamlanır.

Matçdan sonra baş məşqçi Şahin Diniyev oyundan razı qaldığını, qarşıdakı turlarda daha yaxşı olacaqlarını bildirdi. Hərçənd, mütəxəssis demək olar, hər oyundan sonra fikirlərində bu tipli cümlələrə yer versə də, nəticə baxımından ciddi irəliləyiş yoxdur.

“Sumqayıt” isə çətinliklə olsa da, qələbə qazana bildi. 4 turdan sonra 3 xal qazanan “kimyaçılar” yenidən turnir cədvəlində ikinci pilləyə qalxdı. Buna baxmayaraq, Samir Abasovun ehtiyat skamyasının zəifliyi oyunlarda ön plana çıxan əsas məqamdır. Hər tur demək olar, eyni “11-lik”lə meydana çıxan “Sumqayıt”ın oyununu təxmin etmək çətin deyil. Bunu rəqiblər də yaxşı anlayır və ona görə müəyyən taktika ilə nəticəyə oynayırlar.

Çempionatın bitməsinə 10 tur qalıb. “Səbail”in oyununda müsbət dinamika hiss olunur, “Sumqayıt”da isə işlər getdikcə daha qəlizləşir. Növbəti turda Bayıl təmsilçisi səfərdə “Neftçi”nin qonağı olacaq, “Sumqayıt” azarkeşləri önündə son turların formada komandası “Sabah”ı qəbul edəcək.

Premyer Liqada turnir cədvəlində vəziyyət elədir ki, bir qələbə bir komandanı yuxarı qaldıra, məğlubiyyət isə “beşlik”dən kənara sala bilər. Son illərin gümüş medallar uğrunda ən gərgin mübarizənin getdiyi mövsüm keçir. Kimin hansı pillədə olmasından asılı olmayaraq, turnir cədvəlinin yekun mənzərəsi kimdəsə təəccüb yaratmayacaq.

Şahin Cəfərov


oxunma sayı: 280 | Paylaş:




?>