')

Bu gün:


FutbolPress.Az | "Qırmızı", "zirzəmi", "Qəbələ"

"Qırmızı", "zirzəmi", "Qəbələ"


oxunma sayı: 423 Paylaş:

FutbolPress“Qəbələ” Azərbaycan Premyer Liqasının XXV turunda “Səbail”ə məğlub olub – 2:3. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv 2:0 hesabla önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

Bu mövsüm komandanın ən intizamsız oyunçusu olan mərkəz müdafiəçisi Lukaş Afriko “qırmızı” ilə meydandan qovuldu və məğlubiyyətin əsas səbəbkarlarından biri oldu. Turnir cədvəlində sonuncu sırada qərarlaşan “Qəbələ” 10 nəfərlə qalana kimi “Səbail”dən üstün oyun sərgiləyir, rəqibini təhlükəli hücumlarla təzyiq altında saxlayırdı. Lakin Afrikonun “qırmızı”sı bütün planları alt-üst etdi.

İkinci hissədə rəqibinin azlıqda olmasından istifadə edən “Səbail” üç qol vuraraq geridönüşə imza atdı. Qələbədən sonra “dənizçilər” turnir cədvəlində ikinci sıraya yüksəldi. “Qəbələ” isə 9-cu pillədəki “Kəpəz”in 11 xal gerisinə düşdü.

Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olan “qırmızı-qaralar” tarixinin ən pis dönəmini yaşayır. Elitanı tərk etmək təhlükəsi ilə üz-üzə olan “Qəbələ”də çıxış yolu baş məşqçi dəyişikliyində görülsə də, bu da effekt vermir. Elmar Baxşıyevin gedişindən sonra komanda Sxadadzeyə tapşırılıb. Lakin gürcüstanlı məşqçi də görünür, işinin öhdəsindən gələ bilməyəcək.

Ardıcıl ikinci oyunda məğlub olan Kaxaber “Səbail”lə oyunsonrası mətbuat konfransında heyətdə keyfiyyəti aşağı olan futbolçuların olduğunu vurğulayıb. Yəqin, gürcüstanlı məşqçi təklif gələndə necə tələsik “hə” deyibsə, heyəti də nəzərdən keçirə bilməyib. Autsayder komandaya gəlib, heyətin səviyyəsinin aşağı olduğunu deyən Sxadadzenin artıq məğlubiyyətə don geyindirməyə çalışdığı hiss edilir. Futbolda 10 nəfərlə qalıb, geridönüş edib qələbə qazananlar da az deyil. Bununçün lazım olan ilk növbədə döyüşkən ruh, qələbə istəyidir ki, “Səbail”lə görüşdə bunu müşahidə edə bilmədik.

“Qəbələ” sanki taleyi ilə barışıb. Turnir cədvəlinin sonuncu pilləsində möhkəmlənməkdə olan əyalət təmsilçisini qarşıdakı turlarda daha çətin oyunlar gözləyir. Çempionatın bitməsinə 11 tur qalıb və bundan sonra hər xal itkisi komandaya baha başa gələ bilər.

Şahin Cəfərov


oxunma sayı: 423 | Paylaş:




?>