')

Bu gün:


FutbolPress.Az | Yorğun "Sumqayıt" - 2-ci pillə təhlükədədir

Yorğun "Sumqayıt" - 2-ci pillə təhlükədədir


oxunma sayı: 623 Paylaş:

FutbolPress"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz"ə məğlub olub - 1:3. Samir Abasovun rəhbərlik etdiyi kollektiv yeni istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda növbəti oyununda xalsız qaldı. Komanda bundan əvvəl burada "Turan Tovuz"la heç-heçə etmişdi - 0:0.

"Kimyaçılar" çempionatda ardıcıl 4 oyundur, qələbə qazana bilmir. Komanda bu görüşlərdə 2 heç-heçə edib, 2 dəfə məğlub olub. Qış fasiləsinə qədər uğurlu çıxış edən, turnir cədvəlində 2-ci sıraya qədər yüksələn "Sumqayıt"ın mövqeyi artıq təhlükədədir. Bu tur "Səbail", "Zirə" və "Neftçi" qələbə qazansa, "kimyaçılar" 5-ci pilləyə geriləyə bilər.

"Sumqayıt"ın bu vəziyyəti əslində əvvəldən təxmin edilirdi. Heyəti kasad olan komandanın demək olar, hər oyundakı start "11-liy"ini startdan öncə bilmək olur. Eyni oyunçular, eyni sistem. Samir Abasov mətbuat konfranslarında transferə ehtiyac olduğunu desə də, komanda cəmi bir futbolçu - 2 aydır, oynamayan Cordan Rezabalanı heyətinə qatıb.

"Sumqayıt"ın ardıcıl xal itkiləri komandaya psixoloji təsirsiz ötüşmür. Həm də yorğunluq da öz sözünü deyir. Komanda o vəziyyətə çatıb ki, sürətli hücum qurmaqda çətinlik çəkir. Futbolçular bəzi anlarda irəli ötürmək əvəzinə, topu saxlayıb, nəfəs almağı düşünür. 

Premyer Liqada mövsümün bitməsinə 11 tur qalıb. Gedişat "Sumqayıt" üçün yaxşı görünmür. Ehtiyat oyunçular skamyası zəif, sonradan oyunu dəyişə biləcək futbolçu da yoxdur. Qarşıdakı turlarda növbəti xal itkiləri gözləniləndir. Çempionat elə formada davam edir ki, 2-ci olan komanda 8-ci də ola bilər, 8-ci olan da 2-ci. "Sumqayıt"ın toparlanmaq üçün 3-4 günü var. Abasov komandada fiziki durumu, həm də psixoloji vəziyyəti düzəltməlidir. Növbəti turda "Səbail"lə oyunu da xalsız başa vurmaq komandanı çətin vəziyyətə sala bilər.

Şahin Cəfərov


oxunma sayı: 623 | Paylaş:




?>