')

Bu gün:


FutbolPress.Az | Yorğun "Qarabağ" Qəbələdə 4 qolla qazandı, Sxadadze üçün uğursuz start

Yorğun "Qarabağ" Qəbələdə 4 qolla qazandı, Sxadadze üçün uğursuz start


oxunma sayı: 760 Paylaş:

FutbolPress"Qarabağ" Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış matç çərçivəsində "Qəbələ" ilə qarşılaşdı. Matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatdı.

Bu oyun həm də Kaxaber Sxadadzenin "Qəbələ"nin sükanı arxasında ilk matçı idi. Lakin Sxadadze üçün debüt heç də uğurlu alınmadı. Oyunun ilk hissəsi bərabər səviyyədə keçdi. Görünür, Sxadadze bir neçə gün əvvəl komandaya təyin olunmasına baxmayaraq rəqibi yaxşı analiz etmiş, "Qarabağ"a qarşı müəyyən planlar hazırlamışdı. Qaşılaşmanın ilk 10 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçdi, lakin dəqiqələr irəllədikcə "Qarabağ" meydanda üstünlüyünü artırmağa başlayırdı. Onu da qeyd etmək yerinə düşər ki, Qurbanov ağır "Braqa" oyunundan sonra rotasiyalara getmiş, əsas heyətin üzvlərinə istirahət vermişdi. Qurban Qurbanovun da qeyd etdiyi kimi oyunçuların bir çoxu hələ də yorğun görünürdü. Ağdam təmsilçisi martın 3-də "Neftçi" ilə, ondan 4 gün sonra isə "Bayer"lə matça çıxacaq. Buna görə də baş məşqçi futbolçularını qorumağa çalışır. Lakin Qurbanov istədiyinə tam nail ola bilmədi. Matçın 40-cı dəqiqəsində Olavio Juninyo zədələnərək meydanı tərk etdi. İlk hissədə ən yaddaqalan epizod bu oldu. "Qəbələ" isə 45 dəqiqə güclü "Qarabağ" qarşısında qapısını qorumağı bacardı.

Lakin bölgə təmsilçisi ikinci hissədə "Qarabağ"a qarşı eyni çıxışı sərgiləyə bilmədi. Matçın 47-ci dəqiqəsində Adama Diakabi oyunda hesabı açdı. Bundan 6 dəqiqə sonra "Qəbələ" daha bir zərbə aldı. Matçın 53-cü dəqiqəsində Feras Abu Akal birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. Güclü rəqib qarşısında azlıqda qalan Sxadadzenin komandası heç cür oyun nizamını bərpa edə bilmədi və qapısında daha 3 top gördü. Riçard Almeyda, Nəriman Axundzadə və Marko Yankoviç fərqlənən adlar oldu. Beləlikdə, Sxadadze ilk sınağından uğursuz çıxdı. Lakin çalışdırıcı iddialıdır. O, "Qəbələ"ni çətin vəziyyətdən çıxarmaq üçün Azərbaycana döndüyünü bildirir.

Xülasə, hər iki məşqçinin qarşısında çətin sınaq var: Sxadadze "Qəbələ"ni Premyer Liqada saxlamalıdır, Qurbanov isə "Neftçi" səfəri ilə yanaşı, "Bayer"lə oyuna hazırlaşmalıdır.

Məlik Məlikov


oxunma sayı: 760 | Paylaş:




?>