')

Bu gün:


FutbolPress.Az | Türkiyədə gözləntiləri qarşılaya bilməyənlər

Türkiyədə gözləntiləri qarşılaya bilməyənlər


oxunma sayı: 312 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Ramil Şeydayev bu ilin yanvarında Taylandın "Buriram Yunayted" klubundan ayrılaraq Türkiyə "Kocaelispor"una keçib.

2022/2023 mövsümündə "Qarabağ"la Azərbaycan Premyer Liqasının bombardiri (22 qol) olan Şeydayevin "atlılar"ı tərk etməsi təəccüblə qarşılanmışdı. Xüsusilə də Tayland klubuna keçidi. Buna baxmayaraq, "Buriram Yunayted"in Ramil üçün yeni çağırış olacağı, Asiya Çempionlar Liqasında iştirakla özünü göstərmək ehtimalı nəzərdə tutulmuş və qərarı çox müzakirə edilməmişdi. Nəticədə hücumçunun Tayland karyerası cəmi 6 ay keçdi. Burada 16 oyunda cəmi 1 qol vuran Şeydayevin növbəti ünvanı isə "Kocaelispor" oldu.

I Liqada buna qədər 5 oyuna çıxan Ramil özünü göstərə bilməyib. Hücumçunun aktivində nə qol var, nə məhsuldar ötürmə. Gedişat Şeydayevin Türkiyə karyerasının da uzun çəkməyəcəyini göstərir. I Liqada mövsümün bitməsinə 10 tur qalıb. Bu, Şeydayev üçün son 10 oyunluq şans deməkdir. Türkiyə çempionatlarında klublar tez-tez legioner dəyişimi ilə yadda qalır və bu baxımdan Şeydayev hər şansdan maksimum yararlanmalıdır.

Şeydayevlə yanaşı, Vüsal İsgəndərli də ötən ay Türkiyəyə üz tutub. Albaniyanın "Eqnatiya" klubundakı çıxışı ilə diqqət çəkən vinger "Boluspor"la müqavilə imzalayıb. İsgəndərli həmyerlisi Şeydayev kimi hələ fərqlənə bilməyib. I Liqada 7 oyuna çıxan Vüsal nə qol, nə məhsuldar ötürmə hesabını açıb. Şeydayevin şans məsələsi İsgəndərliyə də şamil etmək olar.

Türkiyə karyerası uğursuz gedən oyunçular sırasına "Tuzlaspor"da çıxış edən Bəxtiyar Həsənalızadəni, Super Liqada "Hatayspor"da top qovan Renat Dadaşovu da əlavə etmək olar. Bəxtiyar heyətə düşə bilmir, Renat isə oynasa belə, uzun müddətdir qol vura bilmir. 

Yerli oyunçuların bu mövsümdə Türkiyəyə böyük axını yayda onların geridönüşü ilə nəticələnə bilər. Buna qədər az belə hadisənin şahidi olmamışıq. Legioner karyerası alınmayan yerli oyunçular tez zamanda geri qayıtmağı düşünür. Bəlkə də, kimlərinsə də artıq çemodanı hazırdır...

Kamil Əhməd


oxunma sayı: 312 | Paylaş:




?>