')

Bu gün:


FutbolPress.Az | Avropa çempionu iddialıdır: "Bu göstəricini də yaxşılaşdırmağa çalışacam"

Avropa çempionu iddialıdır: "Bu göstəricini də yaxşılaşdırmağa çalışacam"


oxunma sayı: 549 Paylaş:

FutbolPressBolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında azərbaycanlı idmançı Dadaş Dadaşbəyli uğurlu çıxış edib. Belə ki, 109 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qitə yarışını ümumilikdə 3 qızıl medalla başa vurub.

Son Avropa çempionu "FutbolPress"ə açıqlamasında qələbəni şərh etdi:

"Qazandığım qələbəni sözlə ifadə etmək çətindir. İllərdir Avropa çempionatında qızıl medal qazanan yox idi. Uzun aradan sonra bu uğuru əldə etdim. İdmançı üçün bundan böyük nə sevinc ola bilər? Məşqçilərimə, federasiya rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. 3 qızıl medal qazanacağımı düşünmürdüm, lakin yarışa uğur əldə etmək üçün getmişdim. Rəqiblərimin hər biri güclü idi. Sona qədər apardığım mübarizənin sayəsində qızıl medallar mənim oldu. Federasiya rəhbərliyi, məşqçilər zədəli olduğumu bilirdi. Sağ dizimdə ciddi zədə var idi. Lakin bu turnir Olimpiya Oyunlarına lisenziya xarakterli olduğu üçün mütləq şəkildə iştirak etməli idim. Şükür ki, Avropa çempionatında istədiyimə nail oldum. Ötən il dünya çempionatında 3 bürünc medal qazanmışdım, bu göstəricini də yaxşılaşdırmağa çalışacam".

Dadaşbəyli Olimpiya Oyunlarına lisenziya qazanmağa yaxın olduğunu bildirdi:

"İdman həyatımda hadisələr haqda proqnoz verməyi sevən biri deyiləm, lakin onu qeyd edə bilərəm ki, Olimpiya Oyunlarına lisenziyanı əldə etməyə yaxınam. İnşallah, çalışacam ki, buna da nail olum. Sonuncu lisenziya yarışı Dünya Kubokudur. Aprel ayında keçiriləcək. Artıq hazırlıqlara start vermişik. Düzdür, zədəm var, amma bunu sağaldıb, məşqlərə başlayacam".

Müsahibim uzun zamandır bu idman növündə nəticələrin aşağı olmasının səbəblərini açıqladı:

"Uğur qazanmaq istəyən idmançılarımız çoxdur. Hər birinin potensialı imkan verir ki, bunu əldə etsinlər. Sadəcə çalışmaq, dözmək lazımdır. Bunları bacaran hər bir idmançı mütləq şəkildə qələbə qazanacaq. Hazırda milli komandanın tərkibində 40-a yaxın idmançı var. Milliyə yeni baş məşqçilər cəlb olunub. Ciddi işlər gedir. İnşallah, bütün bunlar gələcəkdə yeni uğurların qazanılmasına gətirib çıxaracaq. Həmçinin, bu idman növünün çətinliyindən danışmaq olar. Bütün idman növləri çətindir. Burada idmançının üzərinə ciddi vəzifə düşür. Bizim rəqibimiz cansızdır, amma hər zaman hazırdır. Bu, dəmirdir. O, heç vaxt xəstələnmir, zədədən uzaq olur. Ona görə də bəzən bu amillər və bəxtsizlik uğur qazanılmamasına gətirib çıxarır".

Məlik Məlikov


oxunma sayı: 549 | Paylaş:




?>