')

Bu gün:


FutbolPress.Az | Qəbələdə liderlə autsayderin dueli - Sxadadze üçün şans

Qəbələdə liderlə autsayderin dueli - Sxadadze üçün şans


oxunma sayı: 447 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçiriləcək. “Qarabağ” səfərdə “Qəbələ”nin müqavimətini qırmağa çalışacaq.

Qəbələ şəhər stadionu turnir cədvəlinin şəriksiz lideri “atlılar”la sonuncu sırada yer alan “qırmızı-qaralar”ın mübarizəsinə ev sahibliyi edəcək. Görüş həm də “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadzenin ilk sınağı olacaq. Gürcüstanlı mütəxəssis ilk oyunun liderlə olmasını lehinə çevirə bilər. Qazanılacaq bir xal da uğurlu start hesab edilə bilər.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı mübarizədən kənarlaşdırdıqdan üç gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Premyer Liqa matçında “Sumqayıt”ı əliboş yola saldı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sıx qrafikdədir və yenə üç gün keçib, bu dəfə isə Qəbələdə çətin oyuna çıxılacaq. Qurbanovun autsayderlə görüşdə ehtiyat heyətə şans verəcəyi gözlənilir. Qarşıda həm çempionatda “Neftçi” ilə matç, ondan sonra isə Avropa Liqasında “Bayer”lə (Leverkuzen, Almaniya) 1/8 final oyunu var. “Qarabağ” “Neftçi” ilə derbi və “Bayer”lə oyunlara daha hazır olmaqçün “Qəbələ” ilə oyunu qurban verə bilər. Buna baxmayaraq, Qurbanovun komandası elə bir səviyyəyə çatıb ki, əsas ilə ehtiyat heyət arasında ciddi fərq yoxdur. Oynamayan Adama Diakabi belə son matçlarda məhsuldarlığı ilə seçilir. Hər bir halda, “Qarabağ”ın Qəbələdə ciddi güc sərf etməyəcəyi ehtimal edilir.

“Qəbələ”də isə vəziyyət kritikdir. Turnir cədvəlinin son sırasında yer alan komanda ən yaxın rəqibi “Kəpəz”dən 8 xal geri qalır. Baş məşqçi postunda dəyişikliyə gedən “qırmızı qaralar”da bütün ümidlər gürcüstanlı Sxadadzeyədir. Mütəxəssis daha əvvəl ölkəmizdə “İnter”lə yaxşı işlər görsə də, indi dövr də dəyişib, futbol da.

Mövsümün sonuna 12 tur qalsa da, hər oyun finala bərabərdir. Azərbaycan futbolunun tarixinə bir çox uğurlarla düşən “Qəbələ”nin elitanı tərk etməsi ölkə futboluna adına neqativ haldan başqa şey deyil. Düzdür, kuluarlarda çempionatda komanda sayının artırılacağı söhbətləri dolaşsa da, hər bir halda, hər oyuna maksimum ciddi yanaşılmalıdır. Azərbaycan futbolunda başqa prinsiplə başlanılıb, başqa prinsiplə qutardığı mövsümlər az olmayıb və ehtiyat əldən veirlməməlidir.

Şahin Cəfərov


oxunma sayı: 447 | Paylaş:




?>