')

Bu gün:


FutbolPress.Az | İddiaçılar Turniri: Abasovdan gözləntilər böyük deyil

İddiaçılar Turniri: Abasovdan gözləntilər böyük deyil


oxunma sayı: 643 Paylaş:

FutbolPressÖtən ilin yayında dünya şahmat ictimaətinin diqqəti Azərbaycana - Bakıya yönəlmişdi. Belə ki, ölkəmizdə şahmat üzrə Dünya Kuboku təşkil olunurdu. Turnirin çempionu adını Maqnus Kalsen qazandı. Yarışda adından söz etdirməyi bacaran isə şübhəsiz ki, Nicat Abasov oldu. Şahmatçımız yarımfinala qədər inamla gəldiyi halda, sonda turnirin çempionuna məğlub oldu və 4-cü yeri tutdu. Dünya Kuboku həm də ona görə əhəmiyyətli idi ki, ilk 3 yeri tutan şahmatçılar aprelin 3-25-i aralığında Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Nicat 4-cü olsa da, bu şansı özündə saxlayırdı. Çünki Karlsen yarışın formatından şikayət edərək İddiaçılar Turnirindən imtina etdi. Beləliklə, Abasov kayerasında ilk dəfə adıçəkilən yarışda iştirak etmək haqqı qazandı.

Azərbaycanlı şahmatçı yarışın hazırlıqlarına bir müddətdir ki, start verib. Bütün diqqətini İddiaçılar Turnirinə yönəldən Abasov saytımıza müsahibəsində yarışda ən yaxşı şəkildə çıxış edəcəyini bildirmişdi. Bu isə asan olmayacaq. Çünki digər 7 şahmatçı dünya reytinqində ön sıralarda qərarlaşıblar. Təmsilçimiz yanvar ayında açıqlanan reytinq cədvəlində ilk "100-lük"ə düşməyi bacarmayıb. Dünya şahmat mütəxəssisləri Abasovdan ciddi nəticə gözləmədiklərini qeyd edirlər.

Lakin unutmaq lazım deyil ki, Nicatın Dünya Kubokundakı inamlı çıxışı onu finalın biraddımlığına qədər gətirib çıxarmışdı. Həmçinin, qeyd etmək olar ki, şahmatçımız yarışa xüsusi proqram əsasında hazırlaşır. Şahmat Federasiyası tərəfindən təmsilçimizə bütün şərait yaradılıb. Bundan başqa qeyd edə bilərik ki, Nicatdan gözləntilər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qədər deyil. Nəzərə alsaq ki, adını qeyd etdiyim hər iki şahmatçıdan istənilən yarışda qələbə gözlədiyimiz halda, Nicata bu qədər təzyiq yoxdur. Sözügedən məqam Abasovu daha da rahatlaşdıra bilər. Onun bu turnirə vəsiqə qazanması belə uğurdur.

Lakin bu, Nicatdan gözləntilərin olmadığı anlamına gəlmir. Zəka sahibimiz İddiaçıların Turnirində öz iddiasını sübut etməli, ən azı Dünya Kubokunda sərgilədiyi çıxışı təkrar etməlidir. Rəqiblər güclüdür, fəqət xırda səhvlər bütün şahmatçıları büdrədə bilər. Əsas inam və mübarizədir.

Məlik Məlikov


oxunma sayı: 643 | Paylaş:




?>