')

Bu gün:


FutbolPress.Az | Xallar bölündü - "Turan Tovuz" seriyanı artırdı, "Neftçi"...

Xallar bölündü - "Turan Tovuz" seriyanı artırdı, "Neftçi"...


oxunma sayı: 300 Paylaş:

FutbolPress“Neftçi” Azərbaycan Premyer Liqasının XXIV turunu bir xalla başa vurdu. “Ağ-qaralar” Tovuz səfərində yerli “Turan Tovuz”la heç-heçəyə razılaşdı.

Görüşə meydan sahibləri daha üstün başladı. Erkən qol axtarışında olan tovuzlular bir neçə epizod yaxalasa da, dəqiqlik çatışmadı. “Neftçi” isə birinci hissədə ilk təhlükəli hücumunu 30-cu dəqiqədə etdi. Daha sonra bir epizodda da qapıya zərbə endirən bakılılar fərqlənməyə nail ola bilmədi.

Fasilədən sonra da üstünlük “Turan Tovuz”da oldu. Süni örtüklü Tovuz şəhər stadionunda yerli komanda daha rahat oyun sərgiləyir. “Neftçi” olmasın, “Qarabağ” olsun, onlar da bu arenada yaxşı oyun göstərməkdə çətinlik çəkir. Buna baxmayaraq, “Neftçi” hesabı açmağa nail oldu. 71-ci dəqiqədə Kilan Lebonun əla reydini Yeqor Boqomolski qolla tamamladı. Qoldan sonra daha bir neçə dəfə fərqlənməyə yaxın olsalar da, bəzi epizodlarda qapıçı Aydın Bayramov, bəzən də hücumçuların dəqiqsizliyi fərqin artmasına mane oldu. 

“Turan Tovuz” azarkeşlərinin dəstəyi ilə təzyiqini artırıb, qol vura bildi. Fərid Nəbiyev oyunun sonlarında hesaba tarazlıq gətirdi. Tovuzlular son dəqiqələrdə daha fəal oynadı. Bir dəfə "ağ-qaralar"ın qapıçısı Rza Cəfərov, bir dəfə də dirək "Neftçi"yə bir xal qazandırdı. 

Komandalar turu hərəyə bir xalla başa vurdu və turnir cədvəlindəki mövqelərini dəyişmədilər. "Neftçi" APL-də son 4 oyunda cəmi 1 qələbə qazanıb. "Turan Tovuz" isə məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdırdı.

"Neftçi" qazanılan xala sevinməlidir. Tovuzu xalsız tərk etmək də mümkün idi, son dəqiqədə dirək olmasaydı, bakılılar əliboş qalacaqdı. Baş məşqçi Miodraq Bojoviç də oyunsonrası mətbuat konfransında rəqibin daha yaxşı oynadığını, qələbəyə yaxın olduğunu etiraf etdi. Mütəxəssis eyni zamanda hədəflərindən də söz açdı - 2-ci olmaq. Hazırda turnir cədvəlində 3-cü sırada qərarlaşan "Neftçi" ikinci "Sumqayıt"la eyni xala sahibdir. Lakin sərgilənən oyun gümüş medallarçün kifayət edirmi? Mutunu göndərib, Bojoviçi komandaya gətirməklə nə dəyişildi? Eyni nəticə, eyni durum. 

Maraqlıdır, mövsümün əvvəlində çempionluq hədəfi ilə yola çıxan bakılılar indi 2-ciliyi arzulayır. Gümüş medallar uğrunda "Neftçi", "Səbail", "Sumqayıt" və "Zirə" arasında ciddi mübarizə gedir. "Sabah" və "Turan Tovuz" da xal baxımından komandalardan geri qalmır. Gedişat maraqlı görüntü vəd edir. Sonda kimin neçənci yeri tutacağını görəcəyik və yəqin, kimin harada olması kiməsə sürpriz olmayacaq.

Şahin Cəfərov


oxunma sayı: 300 | Paylaş:




?>