')

Bu gün:


FutbolPress.Az | Diqqətdən kənarda qalan bombardir 

Diqqətdən kənarda qalan bombardir 


oxunma sayı: 137 Paylaş:

FutbolPressBu ildən keçirilən Əvəzedicilər Liqasında 23 tur geridə qalıb. "Neftçi-2" hazırda 58 xalla turnir cədvəlində şəriksiz liderdir və ən yaxın izləyicisi "Qəbələ-2"ni 4 xal qabaqlayır. "Ağ-qaralar"ın ikinciləri 23 görüşdə 74 qol vurub ki, bu da ortalama hər oyuna 2,4 qol deməkdir.

Çempionatı bombardiri də "Neftçi-2"nin üzvüdür. Hücumçu Ağadadaş Salyanski 22 qolla bombardirlər siyahısında birinci pillədədir. Forvard bu mövsümkü çıxışı ilə diqqət çəksə də, əsas komandada heyətdən kənarda qalır.

Ötən mövsüm Adrian Mutunun rəhbərliyi dövründə bir neçə oyunda şans qazanan Ağadadaş bu il əsas komanda ilə məşqlərə cəlb olunsa da, oyunlara çıxmır. O, Premyer Liqada hələ şans qazanmayıb. Əsas komandanın mərkəz hücumçusu Yeqor Boqomolskidir, o da bu mövsüm 22 oyunda cəmi 2 qol vurub. Yeni transfer Brayan Moreno da çempionatda 4 matçda cəmi 1 qolla yadda qalıb. Forvardların məhsuldarlığının aşağı olduğu vaxtda Ağadadaş nə üçün şans qazanmır, maraqlıdır...

Azərbaycan futbolunda yerli hücumçu qıtlığının yenidən gündəmə gəldiyi vaxtda 19 yaşlı hücumçunun diqqətdən kənarda qalması maraqlı məqamdır. Əsas komandaya rəhbərlik edən Miodraq Bojoviç hücumun mərkəzində legionerlərə şans verir, amma istədiyini ala bilmir. "Neftçi" son 5 oyunda cəmi 5 qol vurub. Bunların cəmi 1-ni hücumçu - Moreno vurub. Digərlərinin müəllifi isə Filip Ozobiç (2), Emin Mahmudov və Dieqo Valdezdir.

Ağadadaş isə əvəzedicilərdə son 5 görüşdə 8 qol vurub. Forvard XXI turda "Sumqayıt"la oyunda 3, XXII-də "Araz-Naxçıvan"la matçda 4 qola imza atıb. Son turun "Zirə-2" ilə oyununda qələbə gətirən yeganə qolu da məhz Salyanskiy vurub.

Əvəzedici komandalar əsas üçün oyunçu yetişdirməyə xidmət edir. Bu performansın qarşılığında əsas heyətə düşə bilməyən hücumçu gələcək ilk təklifdə komandanı tərk etsə, qınanılacaq? Əvəzedicilərlə Premyer Liqa arasındakı səviyyə böyükdür, böyüklərin futbolu daha fərqli məcrada keçir, ancaq Ağadadaş U-21 yığmasında da özünü göstərməyi bacarıb. Forvardın bunlar qarşılığında hələ də APL-də şans qazanmaması maraq doğurur. Ya məşqçilər əvəzediciləri izləmir, ya da həqiqətən, deyildiyi kimi, yerli oyunçulara güvən problemi hələ də davam edir.

"Qarabağ"ın keçmiş hücumçusu Musa Qurbanlı da məhz əvəzedici komandada sərgilədiyi oyunla əsas heyətə düşmüş, özünü göstərmişdi. Ötən il Premyer Liqada bombardirlər sırasında olan 21 yaşlı hücumçu təsadüfi deyil ki, yayda İsveçin "Yurqorden" klubuna transfer olundu, özü də "Qarabağ"a pul qazanadıraraq. "Neftçi" Musa nümunəsini nəzərdə saxlamalı, Ağadadaşa qarşıdakı oyunlarda şans verməlidir. 

Şahin Cəfərov


oxunma sayı: 137 | Paylaş:




?>