')

Bu gün:


FutbolPress.Az | "Mehdi Hüseynzadə"də ikinci duel - bu dəfə hər şey fərqli idi

"Mehdi Hüseynzadə"də ikinci duel - bu dəfə hər şey fərqli idi


oxunma sayı: 154 Paylaş:

FutbolPressFevralın 4-də “Sumqayıt”ın “Neftçi” ilə ev oyununda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda böyük izdiham yaşanmışdı. Yerli sakinlər, futbol fanatları yeni arenanın açılış üçün toplaşmış, şəhərdə, arenada möhtəşəm atmosfer yaratmışdılar. Bunun qarşılığında isə “kimyaçılar” güclü “Neftçi”ni məğlub etməklə fanatlarını sevincə boğmuşdu.

Arenada ikinci matç isə yaşananların əksi oldu. “Sumqayıt”ın “Turan Tovuz”la “Mehdi Hüseynzadə”dəki ikinci oyununa maraq az idi. Həftəsonu olsa da, tribunaların yarısı dolmamışdı. Düzdür, soyuğun müəyyən dərəcə təsiri olsa da, həqiqi fanatlar qar, qış demədən komandasının yanında olanlardır, bunu da unutmamalıyıq. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sumqayıt” azarkeşlərinin komandaya biganə davranışı, fanatların çempionat matçına ciddi önəm verməməsi ölkə futbolunun problemlərindən bir parçadır.

Görüş iki komandanın da ehtiyatlı oyunu ilə başladı. Müəyyən hissədə meydan sahibləri, bəzən də qonaqlar hücum cəhdləri etsə də, çalışmalar boşa getdi. “Sumqayıt” müdafiəsi intizamını qorudu, rəqibə qol şansı vermədi. Ümumiyyətlə, oyunda 90 dəqiqədə üst-üstə yığsan, heç 5 real qol imkanı tapa bilməzsən. Nə “Sumqayıt”, nə “Turan Tovuz” ciddi təhlükə yarada bildi.

Qonaqlar ümumi oyun planında, topa sahibolmada, hücumlara çıxmada, qol axtarışlarında daha aktiv olsa da, nəticə dəyişmədi. “Sumqayıt”da ciddi yorğunluq vardısa, “Turan Tovuz”da görünür istək az idi. Bölgə təmsilçisində ötən turların seçilən oyunçusu Ayxan Quseynov bu matçda gözləniləndən zəif çıxış etdi. “Sumqayıt”da da xüsusi fərqlənməyi bacaran olmadı. Fərdi səhvlərdən bol olan görüşdə qol səsi eşidilmədi.

Meydanda taktiki savaş aparan futbolçular intizamdan qopmadı. Bəzi epizodlarda hakim qərarları ilə razılaşmayan Ayxan Abbasov cidid etirazlar etsə də, oyunsonrası hakimlikdən narazılıq ifadə etmədi. Samir Abasov da yorğunluğu ön plana çıxardı, psixoloji problemlərdən, heyətin kasadlığından gileyləndi.

“Mehdi Hüseynzadə”dəki ikinci duel səssiz başa çatdı. Təhlükəli epizodlardan da az olan qarşılaşmada iki tərəf də bir xala razı göründü. Ayxan Abbasovun komandası çətin səfərdə xalsız qalmadı. “Sumqayıt” isə zədə və psixoloji problemlər fonunda məğlub olmadısa, əldə edilən xalı müsbət dəyərləndirməlidir.

Şahin Cəfərov


oxunma sayı: 154 | Paylaş:




?>