')

Bu gün:


FutbolPress.Az | Kapitan: "Növbəti oyunlarda daha yaxşı komanda görəcəksiniz" (MÜSAHİBƏ)

Kapitan: "Növbəti oyunlarda daha yaxşı komanda görəcəksiniz" (MÜSAHİBƏ)


oxunma sayı: 1109 Paylaş:

FutbolPress

"Səbail"in futbolçusu Adil Nağıyevin "FutbolPress"ə müsahibəsi:

- "Turan Tovuz" səfərindən xalsız ayrıldınız. Məğlubiyyətə səbəb nə oldu?
- "Turan Tovuz" öz meydanında daha inamlı çıxış edir və böyük azarkeş ordusu var. Öz fanatlarının önündə oynamaq komandaya təsir edir. Bilirdik ki, çətin səfərdir. Üç xal üçün meydana çıxmışdıq, alınmadı. Futboldur, həmişə qələbə qazanmaq olmur. Bu oyunu unudub, kuboka köklənəcəyik.

- Mövsümün ikinci yarısına xal itkiləri ilə başladınız. Uğursuzluğun səbəbi nədir?
- İki oyuna bir xal qazanmışıq, uğursuz demək olmaz. Düzdür, bu, bizimçün yaxşı hal deyil, amma böyüdüləsi də bir şey yoxdur. Çempionata başlayanda ardıcıl üç-dörd oyun qələbə qazana bilmədik. Sonra komanda özünə gəldi və xallar topladıq. Heyətimizdə yeni futbolçular var, zədəlilərimiz də çoxdur. Bunlar nəticəyə təsir edir. Növbəti oyunlarda daha yaxşı komanda görəcəksiniz.

- Xal itkiləri tək zədələrlə bağlıdır?
- Bəzən bəxt amili də sözünü deyir. Futbolda belə hallar normaldır. Əlbəttə, əsas oyunçularımızın zədələnməsi komandaya böyük təsir göstərir.

- Qarşıda kubok oyunu var. Sıx qrafikdə iki cəbhədə mübarizə aparmaq çətin olmayacaq?
- Çətin perioda daxil oluruq. Hədəfimiz həm kubokda, həm də Premyer Liqada irəli getməkdir.

- Seçim şansınız olsa, kuboku, Premyer Liqada medalçılar arasında olmağı seçərdiniz?
- İki turnirdə də yaxşı nəticə istəyirik. Seçim şansım olsa, kuboku seçərdim.

- Kubokda rəqibiniz "Zirə"dir. Onlar da iddialıdır. Bu rəqibə qarşı xüsusi hazırlığınız olacaq?
- Hər rəqibə hörmət edir, kiməsə fərq qoymuruq. Əsas olan öz oyunumuzdur. "Zirə" iddialıdır və yaxşı komandadır. Çətin olacaq, amma hər şeyə hazırıq.

- Birinci oyun öz meydanınızda olacaq. Bu, sizə üstünlük qazandırır?
- Səfər və ya evdə oynamaq xüsusi üstünlük yaratmır. İki oyunun nəticəsinə görə bir tərəf mərhələ adlayacaq. Şansların bərabər olduğunu düşünürəm. İnanıram ki, mərhələ adlayan tərəf biz olacağıq.

- Öz oyununuzu necə dəyərləndirirsiniz?
- Pis oynamıram, amma daha yaxşı ola bilərəm. Çalışıram ki, komandaya faydalı olub.

- Kapitansınız və üzərinizdə məsuliyyət var. Xal itkilərindən sonra komanda yoldaşlarınızla danışıqlarınız olur?
- Əlbəttə, məsuliyyəti hiss edirəm. Həm yerli, həm də əcnəbi komanda yoldaşlarım çox yaxşıdır. Bir-birimizi başa düşür, söhbət edirik. Daha yaxşı olmağımız üçün hamı öz məsuliyyətini dərk edir.

- Azarkeşlərə sözünüz var?
- Onlara təşəkkür edirəm. İstidə, soyuqda dəstək olurlar. Bizə inanmalarını və sona qədər dəstək olmalarını istəyirəm. İnşallah, mövsümün sonunda nəticələrimizlə onları sevindirərik.

Şahin Cəfərov


oxunma sayı: 1109 | Paylaş:




?>